Şəxsiyyət və yaradıcılığın vəhdəti…

Şəxsiyyət və yaradıcılığın vəhdəti…

 

Haqq da, həqiqət də göz önündədir,
Yer altında deyil, yer üstündədir.
Bəxtiyarsan əgər çəkdiyin əmək,
Cahan sərgisinə versə bir çiçək.
H. Cavid.
Son vaxtlar qəti inanmağa başlamışam ki, bütün yaradıcı insanların sənət dünyası onların şəxsiyyəti ilə uyarlılıq təşkil edir. Necə deyərlər, belə inssanlarda şəxsiyyət və yaradıcılıq vəhdətdə inkişaf edir. Xüsusilə bədii və publisistik yaradıcılıq ona sahib olan insanın lap kiçik yaşlardan formalaşmağa başlayan şəxsiyyətinin ifadəsidir. Klassik sənət adamlarının yaradıcılıq faktının klassikaya çevrilməsində ilkin rolu onun şəxsiyyəti oynayır. Adlarını çəkmədən birmənalı şəkildə klassik yazıçı və publisistlərimizi xatırlayaq. Xalqı gözüaçıq, rəhbəri ədalətli, insanı işgüzar görmək istəyən bütün bunları öz yaradıcılıq süzgəcindən keçirən qələm sahibləri bu amallara öz şəxsiyyətləri ilə də xidmət etmişlər.
Azərbaycan maarifçilik hərəkatının nümayəndələri, insanın kamillik zirvəsinə qalxan yolunu öz sənət nümunələrində ifadə edən sənətkar yazıçı və publisistlər şəxsi fəaliyyətləri ilə də həmişə örnək olmuşlar. Bəlkə, ona görədir ki, yüksək idealların ifadəsi olan sənət əsərlərindəki estetik ideallar onların yaradıcısının şəxsi həyatının bir parçası olmuşdur. Tarixi təcrübə sübut edir ki, başqa cür ola bilməz. Yaradıcılıq və şəxsiyyət uyarlı olmayanda sənət əsəri deyil, konyuktur mətn ortaya çıxır və bu “mətnlər”, olsa-olsa, xırda bir zaman kəsiyində o konyuktur faktına uyanların karına gəlir və mühit dəyişilən kimi ya unudulub gedir, ya da yeni nəslin amansız qınaq obyektinə çevrilir.
Bu gün Lənkəran ədəbi mühitində yaşayıb yaradan yazıçı-publisist Qafar Cəfərli də şəxsiyyəti ilə yaradıcılığı vəhdətdə görünən bir ziyalımızdır. Qafar müəllim ürəyi vətənə, doğma yurda, elə-obaya sevgi ilə dolu bir vətəndaşdır. Əbəs demirlər ki, ən böyük sevgi Vətənə, torpağa olan sevgidir. Bu danılmaz bir sevgidir. Bütün sevgilər ölür. Anaya, torpağa olan məhəbbət ötüb keçmir. Torpaq əldən gedəndə insan dünyasını itirir. Qafar Cəfərli də həm bir vətəndaş olaraq, həm də bir yazıçı olaraq sadalanan kriteriyalara daim sədaqət nümayiş etdirib. Həm məmur olanda, həm də bir yazıçı olaraq bu nüanslar Onun şəxsiyyət və yaradıcılıq müstəvisində altından cızılmış xətt olaraq keçir. Qafar Cəfərli polis zabiti kimi I ci Qarabağ müharibəsində-Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Heç şübhəsiz bu nüans da Onun vətənpərvərliyinin, necə bir vətəndaş olmasının göstəricisidir.
Yazıçı-publisist Qafar İltifat oğlu Cəfərli 1957-ci ildə Lənkəranda ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə ADU-nun hüquq fakultəsinin əyani şöbəsinə qəbul olmuş və universiteti uğurla bitirmişdir. İxtisası üzrə uzun müddət hüquq mühafizə sistemində çalışmış, məsul vəzifələr tutmuşdur. Qafar Cəfərli cinayət axtarışı sahəsində işlədiyi uzun illərdə cinayət hadisələrinin açılmasında bilavasitə iştirak etmiş, yaxud prosesə birbaşa rəhbərlik etmişdir. Gündəlik iş prosesində qarşılaşdığı zəngin müşahidələri onun gələcəkdə yazacağı əsərləri üçün ilk rüşeym rolunu oynamışdır. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. Bədii-publisistiki yazıları dövri mətbuat orqanlarında mütəmadi çap olunmuşdur.
Geniş yaradıcılıq diapazonuna malik Qafar Cəfərlini oxucuları daha çox detektiv yazıçı olaraq tanıyırlar. Bəlkə də bu onda uzun müddət fəaliyyətdə olduğu peşəsinin xarakterindən irəli gəlir. Müxtəlif vaxtlarda çap olunmuş “Bir ömür sevgi”, “Taxta qaloş” əməliyyatı”, “Amansız qətl”, “Gecənin lal fəryadı”, “Günahsız mələk”, “Namus yarası”, “Tanrının göz yaşları”, “Kimsəsizlər”, “Xəyanət”,”Xoşbəxt əsirlər” və povestləri, “Qəbir yeri”, “Qumru”, “Saatın 61-ci dəqiqəsi”,“Övlad borcu”, “Son nəfəsdə”, “Bir ömür sevgi” hekayələri və “Tanrının göz yaşları”romanı adıgedən janra aiddir və oxucularını daha çox cəlb edir. Yazıçı qələmə aldığı hekayələrini “Bir gecənin vahiməsi” kitabında (2020) nəşr etdirmişdir.
Qafar Cəfərli bir yazıçı, publisist olaraq sözlə “əlləşir”- yazır, yaradır. Lev Tolstoyun “bu dünyada hər şey ötüb keçəcək: var da, dövlət də… Əbədi qalan yalnız bədii söz olacaq” postulatı sanki Onun yaradıcılığının düsturudur. Başqa cür ola da bilməz. Mənə elə gəlir ki, əbədiyyətə çevrilməyin bircə rolu var – o da sözdən keçir. Ancaq adi sözdən yox – ruhuna barmaqlarımızla toxuna bildiyimiz sözlərdən keçir əbədiyyətin rolu.
Bir zaman Yunan dramaturqu Sofokl yazırdı: “Dünyada heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur”. Doğrudan da özünü dərk edən insan öz gücünü, qüvvəsini, intellektini, potensial imkanını cəmləyib bir yerə yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını həyata keçirər. Bunun əsasında da insanın özünəinamı dayanır. Bu xüsusiyyətlər ən çox yaradıcı adamlarda mövcud olur. Çünki yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək bacarığı aşılayır. Əgər insan öz nəfsini əsirinə çevirə bilsə, bu adam həyatda hər istəyinə müvəffəq ola bilər. Qafar müəllimi tanıyanlar bilir ki, o. uzun müddət məmur olsa da, nəfsinə qul yox, hakim olub. Özünü, sözünü, yerini bilib həmişə. İç dünyasında həmişə “təmizlik işləri” aparmış və yaxşı insan olaraq tanınmışdır.
Yazıçı – publisist Qafar Cəfərli yüksək insani keyfiyyətlərilə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, azadiliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir. Müəllif əsərlərinin qəhrəmanlarını oxucusuna ilk andan tanıtmağa çalışmır, gərgin dramatik səhnələrdən sonra qəhrəmanın xəyallar aləminə dalaraq, keçmiş xatirələri ocaq közü kimi çözələyərək əslində onun kim olduğunu göstərməyə çalışır. Onun qəhrəmanları – istər müsbət olsun, istər mənfi, onlar həyatımızın müasir dövrünün reallıqlarını özündə göstərən insanlardır. Müəllif ideal qəhrəman obrazları yaratmaq fikrindən uzaqdır, ancaq o, yazıçı fəhmi ilə cəmiyyəti müşahidə edərək, qəhrəmanlarının fərdi və tipik keyfiyyətlərini təhlili nəticəsində öz obrazlarını oxucular üçün nümunəyə çevirmək istəyir. Və o, buna nail olur.
Yazıçı qəhrəmanlarını ilahiləşdirməyə çalışmır, sadəcə onları olduqları kimi cəmiyyətə təqdim etməyə çalışır. Bədii əsər yalnız o zaman insana doğma, məhrəm olur ki, həmin insan – konkret mənada yəni oxucu bu əsərdə özünü görür, gerçək həyatı, dünyanı, bu gerçəklik haqqında öz düşüncələrini yaradır. Qafar müəllim həyatda həmişə öz gücünə, təfəkkürünə arxalanaraq cəmiyyətdə öz layiqli yerini qazanmışdır.
Qafar Cəfərlinin ədəbi mühitdə qazandığı uğurlar onun gecə-gündüz çalışdığı gərgin əməyinin nəticəsində olmuşdur. İnsanı cəmiyyətdə sevdirən onun şəxsiyyətinin bütövlüyü, əqidə saflığı, qüruru, şərəfi, hər yerdə ədalət prinsipini gözləməsi, adamlara qarşı xeyirxah münasibəti, səmimi davranışı, təmkinliliyi, riyakarlıqdan uzaq olması, mənəvi azadlığı, ictimai fəallığı, etik normalara ciddi riayət etməsi, özünə və başqalarına həmişə hörmətlə yanaşması, ətrafındakıların diqqətin cəlb bilmək bacarığına malik olmasındadır. Rus psixoloqu D.A.Leontevin fikrincə, “şəxsiyyət doğulmur, şəxsiyyət təşəkkül tapır.”
Nasirimizdə insana xas olan ən nəcib və müsbət insani keyfiyyətlər ölçüyüyə gəlməz dərəcədə çoxdur.
Qafar müəllim həm də nəzakətli və xeyirxah insandır. Konfutsi deyirdi”:Hər kimdə bu beş keyfiyyət olsa demək o, insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə ona dayaq olurlar, əgər hörmətcildirsə, ona rəğbət bəsləyirlər, düzgündürsə, ona etibar edirlər, əgər o, ağıllıdırsa, uğur, xeyirxahdırsa, hörmət qazana bilər”. Konfutsinin sadaladığı beş insani keyfiyyətlərin hamısı Qafar müəllim şəxsiyyətində rakursdan təzahür edir. Ona görə də ona həm ədəbi mühitdə, həm kollektivdə, həm yaşadığı el-obasında, həm də ailəsində böyük hörmət və rəğbət bəsləyirlər.
Sadaladığım kriteriyaları nəzərə alaraq yazıçı-publisist Qafar Cəfərlini mübaliğəsiz olaraq böyük şəxsiyyət və başqalarına örnək olası insandır.
Bu gün Qafar Cəfərli ömrünün 65-ci baharındadır. Doğma Lənkəranımızda yaşayaraq yazıb yaradır. Çevrəsində olan, ülfət bağladığı insanlar arasında fəaliyyət göstərir. Əyalətdə yazıçı ömrü yaşamaq, yazıb-yaratmaq, peşəkar səviyyəli ədəbi əsərlər ortaya qoymaq asan iş olmasa da, Qafar müəllim bunun öhdəsindən professionallıqla gəlir desəm heç şübhəsiz yanılmaram.
Qafar Cəfərli həm də Azərbaycan Yazıçılar Birliyi Lənkəran Zona Bölməsinin sədri olaraq cənub bölgəsində ədəbi mühitə rəhbərlik edir, Cənub ədəbi mühitinin inkişafına, istedadlı yaradıcı gənclərin yetişməsinə töhfələr verir. Bölməyə sədrlik etdiyi il yarımlıq zaman kəsiyində həyara keçirdiyi işlər deməyə əsas verir ki, o istedadlı yazıçı olmaqla yanaşı həm də bacarıqlı rəhbər və təşkilatçıdır.
Rəhmətlik Anamda Qafar müəllimin ən fəal oxucularından idi.
Qafar Cəfərliyə uzun ömür, cansağlığı, gündəlik fəaliyyətində uğurlar, yaradıcılığında isə yeni və sanballı əsərlər yazmağı və təbii ki, bol-bol oxucu sevgisi,arzulayıram.
Yazıçı-publisistin yaradıcılığında bundan sonra da yaşıl işıq və uğurlu yol diləyilə.

Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktotoru
Lənkəran Dövlət Universitetinin baş müəllimi.

Müstəqil.az

Share: