Saakaşvilinin anası fəryad etdi: “Oğlum skeletə çevrilib və 100 yaşlı kişiyə bənzəyir”

Saakaşvilinin anası fəryad etdi: “Oğlum skeletə çevrilib və 100 yaşlı kişiyə bənzəyir”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “skeletə çevrilib” və 100 yaşlı kişiyə bənzəyir.

Bunu Saakaşvilinin anası Qiuli Alasaniya bildirib.

“O, skeletə çevrilib. Ayağa qalxanda isə onurğası 100 yaşlı kişi kimi tamamilə əyilir. O, çətinliklə harasa söykənərək sürünür”, – deyə Alasaniya bəyan edib.

Onun sözlərinə görə, oğlu yemək qəbul edir, lakin onun “orqanizmi qidanı uda bilmir”.

Qeyd edək ki, aprelin 7-də Saakaşvili həbsdə olarkən səhhətinin “kəskin şəkildə pisləşdiyini” və indi “ölmək üzrə olduğunu” deyib.

Gürcüstanın keçmiş prezidentinin qardaşı David Saakaşvili bir müddət əvvəl bildirib ki, siyasətçi həqiqətən də hər an ölə bilər. Onun fikrincə, Saakaşvilini yalnız ixtisaslaşmış xəstəxanaya köçürmək xilas edə bilər.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti saxlanılaraq həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib.

Mixail Saakaşvili ötən ilin may ayından “Vivamedi” klinikasında müalicə alır. Gürcüstanın ədliyyə naziri Rati Breqadze bəyan edib ki, siyasətçi qəsdən yemək yemir və həkimlərin göstərişlərini yerinə yetirməkdən imtina edir.

Mənbə: gazeta.ru

Share: