Ermənilərin sabah Kəlbəcəri tamamilə tərk etmələri üçün hansısa bir bəhanə ilə növbəti dəfə vaxtı uzatmaq şansları yoxdur. Onlar noyabrın 25-də Kəlbəcəri öz qanuni sahibinə – Azərbaycana təhvil verməlidirlər.
Müstəqil.Az bildiri ki, bu sözləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov özünün sosial şəbəkədəki divarında paylaşıb.
Partiya sədri qeyd edib ki, ermənilərin Kəlbəcərin girişindəki “Artsaxa xoş gəlmisiniz” sözləri yazılmış lövhəni sökməkləri də onların artıq reallıqla hesablaşmaqlarını təsdiq edən əyani faktdır. İşğalçılar Kəlbəcəri tərk etməlidirlər. Reallıq məhz bunu diktə edir.
Bildiyiniz kimi sözügedən lövhə Ermənistandan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gedən yolda qoyulmuşdu. Bundan sonra həmin lövhənin yerində Azərbaycanla Ermənistanın dövlət sərhədini göstərən məlumat lövhəsi olacaq. Beləliklə, 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsi ərazi bütövlüyümüzün bərpasına gətirib çıxaracaq.
Bu gün ermənilərin Kəlbəcər rayonundan köçmə prosesi tamamlanır. Sabah Kəlbəcərin təhvil-təslimi baş tutandan sonra Müzəffər Ordumuzun Kəlbəcər torpağına daxil olması gözlənilir. 44 günlük müharibədə Şanlı Ordumuzun və Ali Baş Komandanımızın möhtəşəm bir Qələbəyə imza atması Ağdam, Kəlbəcər və Laçının dinc yolla, heç bir itki vermədən işğaldan azad edilməsinə zəmin yaratdı.
Müstəqil.Az