Sabaha yol arayan şair İqbal NƏHMƏTİN şeirləri ilə assosasiya – tutuşma

Sabaha yol arayan şair  İqbal NƏHMƏTİN şeirləri ilə assosasiya – tutuşma

Qapısız evlərin bacasından nəfəs almaq üçün çırpınan, dərdləri üstündə gülüşünü ağlayan, tikəsini yüz yerə bölməyə çalışan, dolan bacalarda düz yolu axtaran gənc dünyanı öz içinə sığışdırmaq sevdasına düşdü. Dəli, qara bir sevda.Ayaqlarını torpaqdan üzmək, günəşin batdığı yerə getmək həvəsindəydi. Gedərkən də arxasınca daş atanları görməyi arzulayırdı.

Gözlərindən asılmış yuxusunu xışmalayıb ovcuna yığdı. Kövrəlib “Mənə layla çalma,ana”,- dedi. Bəlkə də demədi, sadəcə anası onun ruhunun dalğasını tutdu, nə dediyini anladı. Nə bilsin; sən demə, yuxusuna qatdığı laylalarmış sübhün qapısını üzünə açan. İçini çulğamış təbəddülatlardan, qəlbini qarsmış alovdan qurtulmaq, atəşdən dincini almaq üçün özünü ayın kölgəsinə verdi. İşə bax, sən Allah, ay kölgə vermək əvəzinə onu özünə göstərdi. Ayın aynasında tutuşduğu qəm odunu gördü. Oddan ulduzlara sarılmaq, ordan da körpəliyinə axmaq təşnəsi ilə çırpındı. Ürəyi sürətlə döyündü.Təntidi. Olub – bitənləri büsbütün unutmaqdan ötrü gözlərini yumdu. Zira! Yatmağa vaxtı qalmamışdı. Çünki iqbalına söz çeşməsi çıxmışdı. O çeşmədən içib söz yükünü sabaha daşımalıydı. Ağır yükdən halbahal oldu. Ustadlar yığışdılar, qələminin gücünü sınadılar, bu, bir şair ömrü,- dedilər,- dərdin mübarək, İqbal Nəhmət! Missiyasını bəlirlədilər: sözdən sonrakı sabaha yol arayan şair.
İqbal haqqında ilk dəfə Elman Eldaroğlundan xoş sözlər eşitmişdim. Sonralar tez- tez doğma kəndim Ostayırın təşəbbüskar və təəssübkeş gənclərindən olan İlqar Mehdi Həsənin sosial şəbəkədə İqballa birgə paylaşımlarını gördüm. AYB – nin katibi, şair – tərcüməçi Səlim Babullaoğlunun onun kitabına ön söz əvəzi yazdığı fikirlərlə tanış oldum. Səlimin də ədəbi zövqünə yetərincə bələdəm. Və bu yaxınlarda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinlə Sumqayıtdakı S. Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədovanın Poeziya evində birgə təşkil etdikləri maraqlı layihədə İqbalı şəxsən tanıdım, şeirlərini oxudum.
İqbal Nəhmətin poetik ovqatı sevgiyə bələnir, çeşidlənir, üsluba uyğun qəliblənir və misralara ötürülür. Bu sevginin anaya, yara, yurda, insanlığa və ya digər hər hansı ünvana istiqamətlənməsi önəm daşımır. Gövhərində sevgi dayanır. Bu sevginin rəngləri janr təsnifatını da müəyyənləşdirərkən qəhətə çəkilmir: heca, sərbəst, satira, sarkazm. Satirik şeirlərində İqbal mənfi qütbdə dayanıb həqiqəti oradan lağlağı ilə çatdırır. Tarixi yaddaşsızlıqdan əziyyət çəkənləri ittiham edir, bürokratik əngəlləri yamanlayır, ruhsuz adamları, sirinsimiş qəlbləri ilə lala – kara – kora dönmüşləri qamçılayır, saxta duyğuların iç üzünü açır, yalanın, fitnənin gözünü iti qələminin ucu ilə çıxardır.
İqbal Nəhmət şeirlərinin vizual ovsununa qapılırsan bəzən, fəlsəfi məntiqinə əl qaldırırsan, qanadlanırsan. Qanadalarını açıb onun poeziya meydanında dövrə vurursan, ucalıqdan baxıb görürsən ki, əsərin dramaturgiya divarı hörülüb də, suvanıb da. Həm də adi qara daşlardan yox, çox az təsadüf olunan göy daşlardan.
Mərhum yazıçı – publisist, dostum Şükür Səlimxanlı söylərdi ki, atamı tez itirdim, kürəyim yel çəkdi. Ata obrazı poeziyada baş mövzuların simsarlığında qərar tutub. İqbal da atanın metaforik ekvivalentini tapıb:
Sözünün düzü qalıb,
Ö gözəl üzü qalıb,
Atamın izi qalıb,
Anamın gözlərində.
Mənəvi – psixoloji sarsıntının, atasızlıq acısının, həstərinin vizual estetikası mükəmməldir. Qosqoca bir dərdin, iniltinin xronologiyası, atasız böyümüş bir uşağın tərcümeyi – halı, ruhi halı şeirə necə dürüst yansıyıb?!
Sığındın ana qoynuna,
Olmadım xətalı uşaq.
Məndən bir az tez böyüdü,
Qonşuda atalı uşaq.
Bir armud ağacı var: kədərli hekayətin şahididir, həyatın boz üzünü görmüş zamanın saat əqrəbidir. Həm də İqbalın şeirində bədii metaforadır.
Böyüyüb uçub getdilər,
Nə qardaş qaldı, nə bacı.
Vəfalıymış: qurumadı,
Əkdiyin armud ağacı.
Nə qədər atasız uşaq atasının əkdiyi armud ağacına dərdini, qübarını pıçıldayıb. Yağışda, qarda, çovğunda itmiş heyvanları tapmayıb əliboş geri qayıdanda, qaranlığın bağır yaran hövlənəkliyində, min dürlü dara düşəndə, təntiyəndə ata yadigarına söykənib, nəfəs dərib, toxtaqlıq tapıb.
İqbalın sığındığı armud ağacı onun poetik dünyasının “kadr- tiopu” na çevrilib.
Təbii ki, qara saçlarını ağ hörüb övladlarını min bir zillətlə böyüdən fədakar ananın dərdi də İqbalın şeirlərində od tutub yanır.
Onun üzündəki qırış,
Mənim yaşımda gizlənir.
Uzun, uzun, əziyyətli bir yolun lakonik, poetik təqdimatı mükəmməldir.
Poeziyada kinematoqrafik zaman ölçüsünün tətbiqi İqbal Nəhmət yaradıcılığında da yetərincədir:
Səni sevmək-
Vərəq- vərəq yazılmaqdır,
Kitab- kitab oxunmaqdır.
Əslində ayrı- ayrı dövrlərə, zamana və ovqata şamil edilən sətirlər birləşərək, təkcə misra hasil etmir, həm də yazılmaqla oxunmaq arasındakı uzun bir məsafənin harmoniyasını, sevginin tarixcəsini anladır.
Vətən haqqında ünlü ustadların bənzətmələrini çox eşitmişik. Vətən – çeşidli ülvi duyğuların, müsbətin müstəvisində qərar tutan emosiyaların kollajıdır.
Şəhid məzarına dikilən gözdən tökülən hər yaşa Vətən deyəcəm.
Müharibə dövründə dünyaya gəlmiş və nə xoş ki, Zəfər sevincini yaşamış bir gənc şairin Vətən anlayışı budur:
Mənə xəbər versə Göyçə gölündən,
Köçəri bir quşa Vətən deyəcəm.
İqbalın Vətən duyğuları hər cür şəxsi mənafeyin fövqündədir, ümummilli uzaqgörənliyə, taleyüklü məsələlərə istiqamətlənib.
Başını unudub bu millət üçün,
Düşünən bir başa Vətən deyəcəm.
Şair yurdun dərd xəritəsini çəkir. Gerçək problemlərlə arzuları arasındakı uçurumda istəklərin xəyali- fəlsəfi konturları cızılır:
Tikə – tikə doğranmısan,
Söylə, haranı gətirim?
Təbriz, Göyçə, Dərbənd kimi,
Hansı yaranı gətirim?
Yurd yeri Yardımlını vəsf edərkən də İqbal qələminin trayektoriyası, ilhamının sərhəddi Yardımlı ilə məhdudlaşmır. Doğulduğu, sevə- sevə yaşadığı balaca bir məkan konteksində ölkə əhəmiyyətli, bütövlük miqyaslı poetik gəzişməni gerçəkləşdirir.
Hər qalası, hər daşı Şəhriyardan danışır,
Mənliyim,qürurum, qeyrətimdir Yardımlı.
Şair ağrı məfhumunu ictimai – siyasi urvata mindirir. Bir fərdə şamil edilən ağrını ismin tək halından çıxarıb cəm halda ictimai məzmuna bağlayır.
Əvvəl – axır qayıdacaq atdığın,
Sənin daşın yetənədir, yetənə.
Bu ağrıyla burax məni, qoy gedim,
Mənim yolum Vətənədir, Vətənə.
Kənd yerində anaların xəmir yoğurması, kündələyib dəstərxana yığması, təndir üstündə oturub kündəni təkəlli qızmış divara yapması, şişlə çıxarması, əli ütülə- ütülə tabağa yığması, çörəyin siftəsini kəsib oğlan uşağına verməsi alayı bir aləmdir, sözü olmayan, amma zəngin bir arxitipi, ənənəvi mətnsiz anladan filmdir.
İqbal Nəhmət də “Anam çörək bişirərdi” şeirində bu mövzunu qabardıb. Şeirdə təkcə nostalji duyğuları yaşamır, Poeziya nümunələrinin vizual estetikası, dramaturji komponentləri, mühit və dövrün gerçək parlaq rəngi səni öz ahənrübasına çəkir. O müqəddəs nemətin ətri dəyir burnuna.İllah da, dəyirman unundan ola. Motal pendirinin qəribə, amma həm də ləzzətli iyini hiss edirsən. Qaynar çörəyin üstünə yaxdığın nehrə yağının şişin yerindən axıb dünən yuyulmuş köynəyinin yaxasını bualşdırmağını arzulayırsan. Hələ tələm- tələsik çəpəri aşarkən şalvarının balağını paslı məftilə ilişdirən qonşu uşağını demirəm.
Əsas odur ki, isti çörəyin xırtdanağına özünü çatdırasan. Andır pişiyə bax! Toyuqlara mırıldayır. Guya toyuqlar yaxınlaşsa, çörəyin taqqanağı, ya kütə getmiş hissəsindən bunun payına düşməyəcək?!
…Birdən məlum olur ki, bunlar kino dili ilə desək, flash- back imiş. Yəni dünəndən xatirə qalmış ağ – qara lent. Artıq bunlar yoxdur. Ən azından İqbalın lirik qəhrəmanı üçün yoxdur. Sosial yadlaşma, qloballaşmanın nəticəsi. Texnolojiləşmənin fəsadları. Eldən- obadan, kökdən ayrılığın epiloqu. Mənəvi deqradasiya.
Bağlı qalıb o təndirin kilfəsi,
Harda qaldı o doğmalıq, o yadlıq.
Heyf! Anam daha çörək bişirmir,

O təndirdə yandı neçə həqiqət.

Təndir İqbalın şeirlərində həqiqətlərin, dəyərlərin, ənənələrin, tarixi köklərin, ruzi – bərəkətin, yetişmənin saxlancı, bədii rəmzidir.
Söylə, İqbal, bu qədərmi dəyişdi,
Nə düzlük var, nə inam var, nə ürək.
Özəlləşdik, özgə olduq, yad olduq,
Nə qonşu var, nə təndir var, nə çörək.
Həyatın faniliyi haqqında çox ibrətamiz fikirlər söyləyiblər. Ən gözəl və irfani düşüncəni Yunus Əmrə bölüşüb:
Bir ana bətnindən gəldik bazara,
Bir kəfən alaraq döndük məzara.
İqbal Nəhmət də bu faniliyi öz poetik formuluna salıb.
Həyat
gözündəki yaş qədər qısa imiş.
Ağlarsan, ağlarsan,
Sonra ağladığın şeyə gülərsən,
bitərsən!
Sevdiyin günü xatırlarsan,
Sevildiyin günü unudarsan,
tənhalaşarsan,
bitərsən.
İqbal Nəhmət sözün qədrini bilən, namusunu çəkən şairdir. Poetik kəşf iqtidarındadır. Hadisələrin, rəmzlərin, təsnifatların, xarakterlərin uğurlu, dolğun poetik bənzətmələrini tapır. Yeni fikir söyləyə bilir. Vətəndaş mövqeyi güclüdür. Milli təəssübkeş və vətənpərvərdir. Abır- həyalı, etik davranış etiketlərinə uyarlıdır. Zənnimcə, fikirdə yox da, sözdə bəzən taftologiyaya yer verir.Bir söz bir bənddə və ya misrada iki dəfə işlənir. Təkrir olarasa, tamam, razıyam.Amma məhz taftologiyadır.Hər halda dilimizin zəngin, çeşidli söz bazası taftoljidən qaçmağa rəvac verər.
Həyat,
görəsən səni yaşmağa dəyərmi?
Dəyərmi özümdən başqa
kimsənin bilməyəcəyini də
bilirəm.
Amma hər gün yazıram,
bəlkə də oxuyan ola?!
Yaz, İqbal Nəhmət, yaz, oxuyan tapılar. Yaz! İqbal Nəhmət, yaz!
İctimai – siyasi formasiyaların zədələrindən, düşüncə savaşından, mənəvi deqradasiyalardan salamat çıxmış qənimət insanlar səni oxuyacaqlar!
Əndişələnmə, yaz! Sözdən sönrakı sabahın yolunu aramaqda ol!
Əvvəllər çərşənbələrdə qonum – qonşu bir – birinə pay aparardı, bayramlaşardı. Mən də Çərşənbədə sənə – sabaha yol açan şairə şəkərbura, paxlava, qoğal , badambura əvəzinə söz boğçası göndərirəm.
Virtual. Sosial şəbəkə üzərindən. Sağ olsun, Faiq Balabəyli! Vəsilə olur! Çərşənbən mübarək! Sözün mübarək! Aradığın yolun mübarək! Yolun açıq olsun! Axar sular qurumasın! Təbin çağlasın!

HAFİZ ATAXANLI
Yazıçı ,ssenarist, kultroloq

 

Share: