Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin paytaxt Sənada yerləşən iqamətgahı qiyamçılar tərəfindən partladılıb.
Müstəqil.Az xəbər verir ki, sabiq prezidentin tərəfdarları ilə husilər arasında yaşanan münaqişə böyüyüb. Nəticədə, son hədəf olaraq Əli Abdullah Salehin evi partladılıb.
Keçmiş prezident mətbuata açıqlamasında husilərlə ittifaqının bitdiyini bildirmişdir: “Paytaxtın döyüş meydanında ölkə ağılsız husilərin idarəçiliyindən xilas olmalıdır”.
Keçmiş prezident bütün baş verənləri təxribat kimi qiymətləndirib.
Evin partladıldığı anda Əli Abdullah Salehin orada olub-olmadığı isə hələ ki məlum deyil.
“RİA Novosti” isə xəbər verir ki, sabiq prezident Marib şəhəri yaxınlığında təyyarədə öldürülüb.
Onun təyyarəsinin qiyamçılar tərəfindən vurulduğu iddia edilir.
Sabiq prezidentin rəhbərlik etdiyi Yəmən Ümumxalq Konqresi isə prezidentin öldürülməsi haqqında yayılan xəbəri təsdiqləməyib.
Partiya nümayəndələri məlumatın husilər tərəfindən əsassız olaraq yayıldığını iddia edirlər.
Müstəqil.Az