İndi bir çox müğənnilər özlərini toyların kralı elan etdirir. Amma Sabir Əliyev bütün zövqlərdən olan məclislərin (3-4 saatlıq şəhər toylarının, səhərdən o biri səhərəcən davam edən çadır toylarının, muğam tələb olunan və ya müxtəlif aşıq zonasının toylarının) şəriksiz kralı idi. Yəni onun üçün hansı bölgəyə dəvət olunması problemi yox idi, məclisə şah kimi girib sözünü deyir, onu şah kimi də yola salırdılar.
Sabir müəllimin doğma Cəlilabad rayonuna musiqi rəhbəri olduğum “Dastan” folklor ansamblı ilə konsertə dəvət olunmuşduq. Bizim müşayiətimizlə Lütfiyar İmanov (1928–2008), Teymur Mustafayev (1939–2020), Qəndab Quliyeva (1949–2017), Sabir Əliyev (1948–2017) və ansamblın bədii rəhbəri, Xalq artisti Baba Mahmudoğlu (1940–2006) ifa edirdilər. Adətən, dövlət tədbirlərində hörmət əlaməti olaraq ən nüfuzlu sənətkarlar konsertin sonunda oxuyurlar. SSRİ Xalq artisti Lütfiyar İmanova da konsertin sonunda söz veriləcəkdi. Lakin o, səhnəyə çıxıb aparıcıdan birinci oxumasını xahiş etdi. Lütfiyar müəllim, fortepianonun müşayiəti ilə bir romans oxuyacağını elan etdi. Tamaşaçılar arasında narazı pıçıltılar eşidilirdi “Sabir Əliyev oxumayacaq?”, “bəs, bizə dedilər Sabir Əliyev gəlib?!”. Üstəlik bəzi tamaşaçılar səhnədə milli geyimdə olan və onlara tanış olmayan çalğı alətlərini görüb ansambl üzvlərini kinayəli baxışla süzürdülər. Lütfiyar müəllim belə səs-küydə oxuya bilməyəcəyini hiss edib, müşayiət edənə işarə edib musiqini saxladı, pıçıltı da dərhal kəsildi. Dahi müğənni üzünü tamaşaçılara tutub dedi: “Xahiş edirəm, bizə hörmət etmirsinizsə, burada əyləşən rayonun rəhbəri İbrahim Qurbanova (1925–1992) hörmət edin. Bizi bura konsert verməyə dövlətimiz göndərib. Konsert qrupuna ümumi rəhbərlik etmək də mənə həvalə olunub və burada iki mahnı oxumalıyam. İstəsəm digər müğənniləri mehmanxanaya yola salıb, onlara istirahət verərəm. Çünki neçə gündür dalbadal konsertlər veririk. Amma sakit otursanız, iki mahnı oxuyub, sözü digər müğənnilərə verəcəyik. Səs-küy eşitsəm, saat yarım özüm oxuyacağam. Sakitliyə riayət etsəniz, digər müğənnilər də iki mahnı ifa edəcək və sonda Sabir Əliyev sizin üçün sabaha qədər oxuyacaq”.
` Sabir Əliyevin adı çəkilən kimi salonu alqışlar bürüdü, fortepianonun ilk akkordlarından sonra isə zalda tam sakitlik oldu. Lütfiyar müəllim həmişə olduğu kimi, olduqca gözəl ifa etdi. İkinci mahnısını – Tofiq Quliyevin bəstələdiyi “Sənə də qalmaz”ı “Dastan”ın müşayiəti ilə peşəkarlıqla və özünəməxsus tərzdə oxudu. Tamaşaçılar çox xahiş etsələr də o, üçüncü mahnısını ifa etmədi.
Beləcə, müğənnilər Xalq artistləri – Teymur Mustafayev, Qəndab Quliyeva və Baba Mahmudoğlu da hər biri iki mahnı oxudular.
Sonda söz Xalq artisti Sabir Əliyevə verildi. O tək gəlməmişdi, yaxın dostu, qarmonçalan Hacı Abutalıb Sadıqovla səhnəyə çıxdılar və salonu gurultulu alqış sədalarıı bürüdü. Tamaşaçılar Sabir Əliyevi elə qarşıladılar ki, sanki onu ilk dəfə görürdülər. Əslində, Sabir müəllim hər gün müxtəlif rayonlara, Rusiyaya, Türkmənistana, Özbəkistana, Qazaxıstana, Gürcüstana və b. respublikalara toy-düyünə dəvət olunduğundan doğma Cəlilabad əhli onun canlı səsini eşidə bilmirdi. Sabir müəllim mahnıarası muğam oxuyarkən istədiyi instrumental ifaçıya (ney, ud, tənbur, dütar və s.) yaxınlaşıb onu müşayiət etməyi xahiş edirdi. Belə ifadan sonra: “Vallah, adama bu alətlərin müşayiəti ilə oxumaq ləzzət edir”, – söyləyib həmin ifaçını öncə özü alqışlayır, daha sonra tamaşaçılar da ona qoşulurdu. Bəzi müğənnilərdə alqışa görə eqoistlik olur. Sabir Əliyev bu hisslərdən çox uzaq idi. Əksinə o, öz alqış payını musiqiçilərlə bölüşüb deyirdi: “Xahiş edirəm, məni yox, ansamblın bütün üzvlərini alqışlayın, onlar olmasa, Sabir Əliyev də heç kimə lazım deyil”.
Bax, əsl sənətkar belə olmalıdır. Xalq artisti Sabir Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Həmin ildə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi təyin edilmiş İbrahim Qurbanov haqqnda da xoş fikirlərimi bildirmək istəyirəm. Onun icraçılıq fəaliyyəti haqqında çox eşitmişdik. Həqiqətən, İbrahim müəllim sadə bir məmur idi. Konsertdən sonra o, səhnəyə çıxıb bütün iştirakçılara dərin minnətdarlığını bildirdi. Sabir Əliyevə isə dedi ki, Cəlilabad rayonu çox böyük sənətkarlar yetişdirib. Sabir Əliyevin bugünkü çıxışı bir daha sübut etdi ki, o, xalqımızın ecazkar səsli sənətkarıdır.
Konsertdən sonra xatirə şəkili çəkdirdik: sağdan – qoşanağara ifaçısı Hamlet Hacımirzəyev, qarmonçalan Hacı Abutalıb Sadıqov, opera müğənnisi Lütfiyar İmanov, Sabir Əliyev, İbrahim Qurbanov, Qəndab Quliyeva, Abbasqulu Nəcəfzadə, Rauf Cəlilabadlı və Aşıq Tərmeyxan.
Allah Sabir Əliyevin ruhunu şad, yerini cənnət məkan eləsin, AMİN!
Abbasulu Nəcəfzadə
Sənətsünaslıq elmləri doktoru, professor