“Yerli əhəmiyyətli mədəniyyət abidələrinin özəl mülkə çevrilməsi dünya təcrübəsində də var. Bəzən şəxsi mülkiyyətdə olan tikililər, ziyarətgahlar, məzar abidələri dövlət tərəfindən qeydiyyata alınır, tarixi irs sayılır, amma eyni zamanda şəxs də onu qoruyur. Belə hallar da var. Müəyyən müqavilələr əsasında tarixi abidələrin bəzilərinin hansı təyinatla işlədilə bilməsi, necə qorunması, bərpası, təmiri məsələləri Mədəniyyət Nazirliyi ilə razılaşdırılmalıdır. Bütün bunlar hamısı tarixi abidəni özəlləşdirən şəxsin mədəni səviyyəsindən də asılıdır. Eləsi var, dövlət müəssisəsini də dağıdır, şəxsi mülkiyyətini də. Ona görə də bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır. Məqsəd yalnız tarixi abidələrin qorunmasına xidmət etməlidir. Dövlət yaxşı qoruya bilirsə, qorumalıdır. Yox, əgər vətəndaş bunu daha yaxşı bacarırsa, ona verilməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
Deputat özəl mülkiyyətdə olan “Moskva”, “Dostluq” kinoteatrlarının xarabalığa çevrilməsinə belə münasibət bildirib: “Ölkədə qanun var, bununla bağlı ölçü götürülməli, nəzarət olmalıdır. Həmin mədəniyyət mərkəzlərinə özəlləşdirən şəxs baxa bilməyibsə, müqavilə pozulmalı, təcili olaraq dövlətə geri qaytarılmalıdır”.
Müstəqil.az