Azad olunmuş Şuşada keçirilən unudulmaz “Xarıbülbül” festivalından sonra ədəbiyyat və mədəniyyət xadimlərinin intizarla gözlədikləri ikinci önəmli şölən Vaqif Poeziya Günləri idi. İşğal illərində Şuşaya gedib-gəlmək imkanı olan hər kəsə verdiyim suallardan biri Vaqifin məqbərəsi haqqındaydı.
Erməni vəhşiləri bu əzəmətli abidəni də dağıdıblarmı? Sözsüz dağıdıblar. Gücləri çatan qədər. İmkanları olsa nəinki məqbərəni, Şuşanın bütün evlərini, Azərbaycanla bağlı olan hər şeyi yer üzündən silib-süpürər, məhv edərdilər. Nəzərə almırdılar ki, elə şeylər var ki, onu nə texnika ilə, nə silahla, nə atılan bombalarla silmək, dağıtmaq, məhv etmək mümkün deyil. Bu, Azərbaycan ruhudur! Şuşa da bu ruhun ən möhtəşəm abidələrindən biridir.
Bu fikirlər Vaqif Poeziya Günlərinin iştirakçısı, Xalq şairi Sabir Rüstəmxanlının “Şuşada üç xoşbəxt gün” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
İşğalçılar Vaqifin məqbərəsini də, Şuşada bir çox söz, sənət, silah qəhrəmanlarımızın beşiyi olmuş evləri də dağıdıblar. Şuşaya gedən Əsgəran-Xocalı-Xankəndi yolunu da həmişəlik bağladıqlarını düşünüblər. Bizim bir daha Şuşaya qayıtmayacağımıza sərsəm bir inamları olub. Cıdır düzündə bayramlar keçiriblər, orda Ermənistanın baş naziri keflənmiş vəziyyətdə təlxək kimi atılıb-düşüb, hətta qondarma Arsaxın parlamentini Şuşaya köçürməyə hazırlaşıblar. Amma Azərbaycan ruhunun güc təcəssümü olan ordumuzu nəzərə almayıblar. Bu ordu onların düşündükləri və gözlədikləri yolların heç biri ilə gəlmədi. Aşılmaz dağları aşdı, keçilməz dərələri keçdi və çıxılmaz sərt qayalardan dırmaşıb girdi Şuşaya. Şuşanın yeni Zəfər yolunu açdı. Bu gün həmin yol Azərbaycanın ən rahat və ən mənzərəli yollarından biridir. Ermənilərin qurduqları xəyallar darmadağın oldu…
Vaqifin məqbərəsi yenidən bərpa edildi və bütün əzəməti ilə böyük söz və sənət adamlarımıza ucaldılmış abidələrin sırasında əvvəlki yerini tutdu. Azərbaycan ordusunun Şuşaya girişi elə bir ovqat yaratmışdı ki, heç bir şey gözə görünmürdü – nə viran qoyulmuş məhəllələr, nə dağıdılmış evlər, nə qurumuş bulaqlar, nə sınmış və susmuş minarələr, nə talan edilmiş muzeylər. Sanki bu halı ilə da Şuşa elə əvvəlki Şuşaydı. Havası, suyu ilə möcüzə olan Şuşa! Çünki biz qayıtmışdıq. Biz qayıtmışıqsa, əllərimizin və ağlımızın izi olan hər şey öncəkindən daha gözəl bərpa olunacaq, dirçələcək, yenilənəcəkdi. Bu günlərdə görüşünə getdiyimiz və qarşısında böyük şeir və sənət bayramı keçirtdiyimiz Vaqifin məqbərəsi kimi.
Avqustun 29-31-i arasında keçirilən Vaqif Poeziya Günlərinə biz bu ovqatla gedirdik. Amma keçdiyimiz yollar bizim əhvalımızdan xəbərsizdi, yenə də otuz il ərzində yaşadığımız faciələrin dəhşətini göstərir, torpağımızın və millətimizin sinəsinə vurulan ağır yaralar sızıldayır və fəryad qoparırdı. Füzuli ərazisindəki keçmiş təmas xəttindən keçəndə istər-istəməz “gör bu alçaqlar hara gəlib çıxıblar” deyə düşünürsən. Çaylar boyu dağıdılmış kəndlərin, talanmış evlərin diş-diş divarları yenə də insanın içini oyur. Amma bir təsəlli var ki, biz bu torpaqları xilas etmişik. Otuz ildən sonra olsa da, qayıtmışıq, əbədilik qayıtmışıq. Hələ bu torpaqların minalardan təmizlənməsi işi gedir. Amma artıq dirçəliş başlanıb. Füzuli şəhərinin yaxınlığında yeni beynəlxalq təyyarə meydanı dirçəlişin ən ciddi görüntülərindən biridir. Çaylar boyu bağ-bağatı məhv edə və özləri ilə apara bilməyiblər. Bir zamanlar yaşıllığı ilə göz oxşayan kəndlər indi qupquru səhraya dönüb. Bağlar düşmən gözündən yayınmaq üçün köhnə evlərin divarları arasına çəkilib. Evlərin içi balaca baxçalara dönüb.
Sonra Zəfər yolu başlanır; öncə vadilərlə uzanır, sonra sərt yamaclara dikəlir, gədiklərdən aşır, dərələrdən keçir, sıx meşələrin sükutunu pozur və qarşımızda Azərbaycan təbiətinin təkrarsız görüntüləri canlanır. Yol demək olar ki, tamamlanıb və atılan körpülərə, çapılan qayalara, kəsilən ağaclara baxanda Azərbaycan dövlətinin qısa müddətdə nə qədər böyük bir iş gördüyünə heyrətlənirsən. Bu yol uzandıqca heyrətin daha da artır. Ancaq yolun sonu Şuşadır və hamımız illər uzunu ürəyimizdə ən böyük ümidimiz kimi bəslədiymiz bu görüşə tələsirik. Dolamaların birində qəfildən göz önündə geniş bir vadi, meşəli yamaclar və vadinin o üzündə nəhəng bir qaya silsiləsi canlanır. İstər-istəməz dilimizdən bir nida qopur: ora Şuşadır! Amma hələ Şuşa görünmür. Şuşa bu qayaların ovcunda, əhatəsindədir. Elə burdan, uzaqdan baxanda da bu qaya silsiləsində gözümüz yollar axtarır; görəsən əsgərimiz haradan bir asan yer tapıb, bu qayalarla necə qalxıb. Ancaq qayalar sərtdir və bizim sualımıza cavab vermir.
Dolana-dolana Daşaltı kəndinə enirik. Sonra yenə dolana-dolana qayaların dibi ilə bir vaxt Laçından gəlib Xankəndinə gedən yola çıxırıq. İndi yol yarı bölünüb, ortasından məftil çəkilib; yarısı Laçın dəhlizidir, yarısı Zəfər yolunun davamı, Şuşaya giriş yolu. Bu görüşün bütün həyəcanını təsəvvür etmək mümkün deyil. Maşın karvanımız Xarıbülbül otelinin həyətində dayanır. Heydər Əliyev Fondunun əməkdaşları və otel işçilər gələn böyük heyəti qısa müddətdə otellərdə yerləşdirirlər. Bundan sonra hər kəs sərbəstdir. Şuşanın hansı səmtinə getmək istəyir getsin, gəzsin. Məni və dostlarımı ilk növbədə Vaqifin məqbərəsinin bugünkü görünüşü maraqlandırır. Məqbərə son dərəcə səliqə ilə bərpa edilib, sabahkı bayram uçan bütün hazırlıq işləri başa çatıb. Məqbərənin yanından ötüb Cıdır düzünə qalxdıq və ilk addımdaca Cıdır düzünün yayın ortasında da əskik olmayan, insana bütün yol yorğunluğunu unutduran sərin əsintisi üzümüzə vurdu. Məni Cıdır düzündə gənclik illərimizdə Daşaltının sərt yamacında, qayanın üstünə həkk elədiyim adlar çəkirdi. Sıra-sıra qaya çıxıntılarının yaratdığı təbii pillələrlə enib, adamı çəkən uçurumun ağzına qədər gəldim. Ancaq hava qaralmaqda olduğundan adlarımız yazılmış qayanı seçib ayıra bilmədim. Ora doğru uzanan cığırla getmək də günün bu vaxtında mənə riskli göründü. Ayağımdakı ayaqqabı da buna uyğun deyildi. Həmin axşamın bütün həyəcanı, bütün sevinci, söhbətlərin ruhu sonrakı günlərdə də davam etdi…
Ertəsi gün yenə ilk növbədə COVID müayinəsindən keçdikdən sonra Vaqif Poeziya Günlərinin rəsmi açılışına getdik. Şeir bayramına şairlərdən əlavə, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri, elm adamları və millət vəkilləri də dəvət edilmişdilər. Buna görə də Vaqif Poeziya Günləri əslində humanitar elmimizin və mədəniyyətimizin bayramına çevrilmişdi.
44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun qəhrəmanlıq səhifələri ilə doludur. Lakin bu savaşın ən çətin və müharibələr tarixində bənzəri az olan mərhələsi Şuşanın fəthi və 29 illik işğaldan azad edilməsi idi. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beşiklərindən biri olan, Qarabağın incisi sayılan bir şəhər düşmən əlində qala bilməzdi. Şuşanın azad edilməsinə hər birimiz əslində bütünlüklə Qarabağın azad edilməsi kimi baxırdıq. Buna görə də Azərbaycan Prezidentinin müharibədən sonra Şuşaya ilk səfərində “Əziz Şuşa, sən azadsan!” deməsi milyonlarla vətəndaşımızın ürəyindən tikan çıxarmışdı, bütün ölkəni ayağa qaldırmışdı və bir yumruğa çevirmişdi.
Şuşaya gələn tarixi yollara bəllidir. Lakin Prezident İlham Əliyev ordumuzun ardınca öz yolunu çəkdi – “Zəfər yolu”. Bu yolun keçilməz sayıldığı daşlı-palçıqlı günlərində, bu il yanvarın 14-də, Vaqifin məqbərəsinin açılışının 39-cu ildönümündə də gəldi, məqbərənin bərpası tapşırığını verdi və il boyu bu səfərlərin arası kəsilmədi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi və Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bəyannaməsinin imzalanması həm Qarabağın, həm də iki qardaş dövlətin tarixində çox böyük əhəmiyyəti olan hadisə idi. Şuşa səfərlərində ölkə rəhbərinin keçirdiyi qürur və sevinc hissləri, burada aparılan quruculuq işlərinə ayırdığı diqqət, Qarabağın başının üstündə səslənən Qarabağ şikəstəsinə gözləri dola-dola qulaq asması heç kəsin gözündən yayınmır və ölkə rəhbəri ilə xalqı birləşdirən amillərdən birinə çevrilir. Yaddaşımızda bu gün öz xanımını, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanı yanına alıb hələ minalardan tam təmizlənməmiş Qarabağ torpaqlarında rayondan-rayona gəzən, riskli dağ yollarında gənclik həvəsi və qalib Sərkərdə qüruru ilə maşın sürən İlham Əliyevin yeni bir obrazı formalaşır və millət ölkədəki, səbəbi hər kəsə bəlli olan işsizliyin, pandemiyanın gətirdiyi çətinliklərin bu obraza kölgə salmasını istəmir.
Şuşaya bu səfərində də Prezidentin iş qrafikində sıxlıq idi. Vaqifin məqbərəsinin açılışı ilə yanaşı o, Şuşanın bərpa planına uyğun “Qarabağ” otelinə, bir neçə muzeyə baş çəkdi, yeni yaşayış massivinin tikintisinə start verdi və nəhayət, Vaqif Poeziya Günlərinin açılışında həm tarixilik, həm də Azərbaycanın Ermənistanla münasibətlərinə yenidən bir aydınlıq gətirmək baxımından son dərəcə parlaq bir nitq söylədi. Bir vaxt Heydər Əliyevin inamla söylədiyi “biz Şuşaya qayıdcağıq” sözünü həyata keçirmək İlham Əliyevə qismət oldu; o, atasının vəsiyyətini yerinə yetirdi, atasının Qarabağ və Moskva ermənilərinin iradəsini qıraraq ucaltdığı Vaqif məqbərəsinin dağıdılmış bir vəziyyətdə qalmasına izn vermədi.
Mən poeziya bayramında həm də kədərlənirdim. Çünki 1982-ci il birinci Vaqif günlərindəki böyük ədəbi simaların, mədəniyyət xadimlərinin demək olar ki, heç biri həyatda yoxdur. O günlərin iştirakçısı olmuş cəmi üç nəfər azad olunmuş Şuşanın şeir bayramında iştirak edirdi. Bir çox qələm sahibinin ömrünü qısaldan həm də bir vaxtlar Qarabağın bir sıra dünya güclərinin yardımı ilə işğal edilməsi olmuşdu.
“Xarıbülbül” Festivalı kimi Vaqif Poeziya Günlərinin də təşkilatçısı Heydər Əliyev Fondudur və hansı yöndən baxırsan bax, ağır zəhmət tələb edən bu işlər yüksək qiymətləndirilməlidir. Fond məqbərənin tarixini, açılışını, oradakı eksponatları, müharibəyə qədərki və sonrakı görünüşünü əks etdirən “Vaqif Poeziya Günləri” adlı nəfis bir bülleten də çap etdirmişdi.
Şuşada üç xoşbəxt gün yaşadıq. Qısa müddətdə istifadəyə verilmiş otellərdəki rahatlıq, yenidən İsa bulağını ziyarət, hər axşam Cıdır düzündəki gəzintilərimiz uzun həsrətdən sonra insana inanılmaz görünür. Şuşanı nə qədər dağıdırlar dağıtsınlar, onun ürəyi otuz il əvvəlki kimi sağlamlıqla döyünmüş və əsl sahibini gözləmişdir. Əlbəttə, bir vaxt bağ-bağat içində gördüyümüz abad evlərin quru divarları adamın ürəyini dağıdır. Bu evlərin yaşamaq imkanı olanlarının bərpa ediləcəyinə inanırıq. Yeni Şuşa nə qədər gözəl layihə ilə tikilir-tikilsin, Vaqif, Ə.Haqverdiyev, Nəvvab, Sadıqcan, Əhməd Ağaoğlu və başqa böyüklərimizin xaraba qalmış yurdlarının izləri itirməməlidir.
İşğal etdikləri rayonlarımızda daşı daş üstə qoymayan, bizim taxıl əkdiyimiz, üzüm becərdiyimiz torpaqlara mina səpmiş, Şuşada özünü də Şuşa ucalığında hiss etmək xəstəliyinə tutulmuş alçaq düşmən şəhərin xaraba vəziyyətinə göz yumub İsa bulağında dəbdəbəli köşklər və şadlıq sarayı tikmişdir. Sanki Qarabağdan onlara kefli halda oxuyub-oynamaqdan başqa bir şey çatmayacağını əvvəlcədən bilirdilər. Bu gün Azərbaycan əsgəri onları bu yerlərdən süpürüb atıb. Min-min xatirəmizin bağlı olduğu bu yerlərdən onların murdar ayağı çəkildi. Şuşada səslənən şeirimiz və musiqimiz Xankəndinin yuxusunu qaçırıb. İnanırıq ki, düşmən oradan da çəkilib gedəcək.
Vaqif Poeziya Günlərindəki çıxışımda otuz ildə ədəbiyyatımızın da çox ağır sınaqdan keçdiyini qeyd etdim və dedim ki, Ali Baş Komandan müharibədəki qələbənin nəticəsi olaraq Azərbaycan söz ordusuna Vaqif məqbərəsini qaytardı. Şübhəsiz, qələm sahiblərimiz də ordumuza borclu qalmayacaq və müharibə haqqında ən gözəl əsərlər hələ bundan sonra yazılacaq. Sözü ilə silahı bir olan ölkə…