“Sabit Bağırov dedi, Əbülfəz bəyi inandırın ki…” – Fazil Mustafa

Bu gün Azərbaycanın mərhum prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 19 il keçir.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib və 709 saylı hərbi hissənin komandiri Sürət Hüseynovun Gəncədə başlatdığı qiyam nəticəsində devrilib. Uzun illərdir ki, Əbülfəz Elçibəyin prezident olmaq istəməməsi, o dövrün şəraitini nəzərə alaraq məcburiyyət qarşısında seçkilərə getdiyi haqda müzakirələr aparılır.

Müstəqil.Az bildirir ki bu mövzuda Teleqraf.com-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa maraqlı faktlar açıqlayıb.

Uzun illər Əbülfəz Elçibəyin müavini postunu tutan, onun hökumətində təmsil olunan Fazil Mustafa deyib ki, ilk dəfə Elçibəyin prezidentlik məsələsi 1992-ci ilin aprel və ya may aylarında müzakirə mövzusu olub. Onun sözlərinə görə, ilk müzakirə AXC Ali Məclisində aparılıb: “Həmin zaman ilk dəfə mən çıxış edərək bildirdim ki, Əbülfəz Elçibəyin prezidentliyə namizədliyinin irəli sürülməsi doğru deyil. Arqumentim bu idi ki, AXC hakimiyyətə hazır deyil. Daha yaxşı olar ki, AXC liderlərindən birinin namizədliyi irəli sürülsün, Əbülfəz Elçibəy isə AXC sədri kimi qalsın. O zaman mənim təklifimi yalnız Abbas Abdulla müdafiə etdi. Abbas Abdulla AXC Ali Məclisinin üzvü olmaqla yanaşı, məclisdə katib və ya başqa bir vəzifə tuturdu. Sonradan Əbülfəz bəyi inandırdılar ki, onun namizədliyinin irəli sürülməsi lazmdır, seçkiyə ondan başqa kim girsə, qalib gələ bilməyəcək. Məhz bu səbəbdən də onun namizədliyi üzərində dayanıldı. Bir daha qeyd edirəm ki, bu hadisə 1992-ci ildə AXC Ali Məclisinin iclasında yaşanıb. Çıxışdan və irəli sürülən arqumentlərdən sonra Əbülfəz bəyin özü çıxış etdi və bildirdi ki, hələlik namizədliyinin irəli sürülməsinə dair qərar verməyib. Xatırlayıram ki, Sabit Bağırov mənə yaxınlaşaraq dedi ki, siz Əbülfəz bəyi inandırın, namizədliyini irəli sürməsi daha doğrudur. Mən də dedim ki, fikrimdə qalıram”.

Fazil Mustafanın sözlərinə görə, Əbülfəz Elçibəy prezident seçildikdən sonra Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bildirib ki, indi məni prezident seçirsiniz, amma bir ildən sonra özünüz məni devirəcəksiz.

Müəllif: Cavad
Share: