Sarı gəlin adı haqqında bir neçə söz:
Sarı sözü bəzilərinin düşündüyü kimi burada heç də rəng bildirmir. Sarı sözü özünün əlavə mənasında bir sıra yer adlarının, şəxs adlarının tərkibində iştirak edir. Məhz sözün ikinci mənasından istifadə edilməklə yaranan “sarı sim” Sarı yal, Sarı yer, Sarı yoxuş, Sarı dərə, Sarı baba (yaylağı); eləcə də Sarıbala, Sarıqız şəxs adları, Sarıkişiyev soyadı, habelə tarixi simalar Sarı xatun (Abaqa xanın qızının adı (1321-də ölmüşdür), Sarı xan, Sarı Saltık, Sarı Aşıq və s. tarixi şəxsiyyət adlarını təşkil edən və eləcə də “Sarıca kişi yer dəlir” tapmacasında sarıca kişi “yağış damlası” olmaqla balaca, kiçik, zərrəcik mənasındadır- lüğəvi vahidlər sarı sözünün əsil anlamı üzrə rəng bildirmə xüsusiyyətinə görə deyil, əlavə çalarlara görə “kiçik, balaca; çox gənc, növrəstə” mənasınca formalaşmışdır. Deməli, sarı gəlin deyəndə kiçik gəlin, yəni lap təzə gəlin deməkmiş.
Mahnının mənşəyinin, mənsubiyyətinin yanlış yozulmasına sarı sözünün rəng adı kimi qəbul edilməsi səbəb olmuşdur. “Sarı gəlin” bizim qədim türkümüzdür; bunu ən azından onun tərkibindəki əski çağlarla səsləşən sarı(kiçik, cavan), sulu(kal, yetişməmiş) indi köhnəlmiş, lakin həmişə bulaq suyu kimi saf, dadını, şəfasını-səfasını saxlayan sözlərimiz sübut edir. Diqqət olunmalıdır ki, heyrət, heyranlıq ifadə edən zalımqızı, canıyanmış qəbilindən olan “nənən ölsün” ifadəsi də öz dilimizin doğma nidalarıdır. Bir də qeyd olunmalıdır ki, “Apardı sellər Saranı” türkümüz kimi bu türkü də qədim türk-türkman soylarımızın doğma, geniş arealında yaranmış və yayılmışdır. Mahnının indi ifadə edilməyən bəzi bəndləri də vardır ki, o bir çox mətləblərə işıq sala bilər; məsələn, Qars-Ərzurum, Ərdəhan ağzında “Ərzurum çarşı bazar”, biz tərəflərdə isə:
İrəvan çarşı-bazar
Üstündə bir gəlin gəzər
Əlində davat-qələm
Qətlimə fərman yazar
Sarı gəlin…
deyə oxunan bəndləri varmış…
Nə isə, mətləb uzundur… Şair necə demiş:
Sarı gəlin türküsü…
Çiçəklərin mürgüsü
Bizim türküdür, deyir
Min dərənin tülküsü …
Minəxanım Təkləli – Nuriyeva
Professor