Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib.
Müstəqil.az xəbər verir ki, toy, nişan və ad günlərinin keçirilməsinə icazənin verilməsi şadlıq evləri və restoran işlədənlərin üzünü güldürüb.
Şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, qərardan sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək istəyənlər sözün əsl mənasında sıraya düzülüblər.
Şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub.
Şadlıq sarayının sahibi bildirir ki, yalnız menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür.
Şadlıq evləri ilə müqayisədə açıq hava məkanlarında toy qiymətləri nisbətən ucuzdur. Çünkü belə məkanlarda əlavə xərclər nisbətən azalır.
Restoran meneceri Fərid Adıgözəlov deyir ki, onlar artıq 3 müxtəlif qiymətdə menyu hazırlayıblar.
İyulun 1-dən belə məkanlarda çalışan işçilərin həm də vaksinasiya tələbləri var. Bu sektorla məşğul olanlar bildirirlər ki, işçilərin vaksinasiya olunması və adlarının portala daxil edilməsi istiqamətində işlərə başlanıb.
Qeyd edək ki, pandemiya ilə əlaqədər ötən ilin mart ayının 13-dən etibarən ölkədə kütləvi toy, nişan və ad günlərinin keçirilməsi qadağan edilib. 1 il 3 aydan sonra nəhayət bu qərar ləğv olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: