Həyatda heç zaman üz-üzə gəlməsək də mən onu dostlarının, həmkarlarının haqqında söylədiklərindən, birdəki əməllərindən tanıyıram. 8 iyun 1963-cü ildə Masallı rayonunun Miyankü kəndində dünyaya gəlib. Orada böyüyüb, ərsəyə çatıb.
1986-cı ildə indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Pedaqoji fəaliyyətə Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində başlayıb. Dörd il orada öz ixtisası üzrə müəllim işləyib. Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. 1994-cü ildə “Azərbaycan dili” ixtisası üzrə dissertasiya müdafiə ədərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.1996-cı ilədək həmin elm ocağının Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışıb. Daha sonra, 2013-cü ilədək Nəsimi adına Dilçilik İnstitu¬tunun elmi katibi olub. Arada “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2013-2016-cı illərdə Dilçilik İnstitutunda Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri vəzifəsində işləyib. 2016-2019-cu illərdə isə Hind-Avropa dilləri şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərib. 2019-cu ildən Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiridir.
Vətənə məhəbbət doğma el-obadan başlayır. O da ata yurdunu, onun adamlarını çox sevir.
Deyir ki,- “Qızmar yay fəslinin ilk günlərinin birində bar-bərəkət rəmzi sayılan Miyankü kəndində dünyaya göz açmışam. Hər səhər zümrüdü yuxudan durub, ətrafında çöl-çəmən, gözəllik, ucalıq görən insanlar, salam-əleyküm! Ruhum torpağından maya tutan Masallı yurdu, xoş gördük! Heç yadınıza gəlirmi, ürəyimi bu yerlərdə qoyub getdiyim gün? İlahi sevgimə, Tanrı istəyimə əzəl beşik, əzəl yurd! Qeybanə bir səsin sifarişi ilə hər dəfə bu yerlərə gələndə hayana baxıramsa atamın ayaq izlərini, mələk simalı ağbirçək anamı görürəm. Elə bilirəm onlar mənim arzularımın dağ çayındakı sellərinə qovuşub səssiz-səmirsiz axıb gedir. İndi yaşımın ucalığından baxıb yenə də bu yurdu ruhumun əbədi beşiyi sanıram. lap yeniyetmə yaşlarımdan səyahətə çıxmaq, vətən torpağını qarış-qarış gəzib, onun bütün gözəlliyini göz yaddaşıma köçürmək arzusunda olmuşam. Bəlkə elə ona görə də mənim ömür yolum ucu-bucağı görünməyən, nəhayətsiz yollardan başlayır”…
Uşaqlıqdan zəhmətkeş olub. Məktəbdə ictimai fəal kimi həmişə öndə olub. Ona inanıblar, etibar ediblər…
“Orta məktəbdə oxuyarkən bir neçə ictimai iş tapşırdılar mənə: divar qəzetinin buraxılışı, komsomol komitəsinin katibi, həmkarlar təşkilatının sədri və sair və ilaxır. Bircə yadımda qalan odur ki, əlavə işlər dərslərimə mane olmurdu. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra ali məktəb həyatım başladı. İndiki Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Təhsil dövründə çox tanınmış, görkəmli alim və pedaqoqlardan dərs aldım. Universiteti bitirdikdən sonra tədrislə məşğul oldum. Sonra həyatımı Dilçilik İnstitutu ilə bağladım. Həm müəlliməm, həm alim, həm də dilçi-tərcüməçi”.- söyləyir.
İçi dolu adamdır, böyük ürəyi var. Paxıllıqdan, kin-küdurətdən uzaqdır. İnsanlar haqqında xoş söz deməyi bacarır. Dostlarına sevə-sevə yanaşır. Onların uğurnu öz uğuru kimi dəyərləndirir.
Deyir ki,- “İnsan həyatında elə mənalı günlər, elə mənalı anlar olur ki, onları zaman-zaman yada salanda qəlbin ilıq hiss və duyğularla riqqətlənir və sən dünyada ən ali, təmənnasız mənəvi dostluğun hər şeydən üstün olduğuna bir daha inanırsan. Əlbəttə, bu cür münasibətlərə hər adam qadir deyil. Bunun üçün fitrətən geniş ürəyin, sadə və açıq təbiətin olmalıdır”…
O, həm də gözəl pedaqoqdur. Uzun zamandır ki, tələbələrlə çalışır və gənclərin əhatəsində olmaqdan zövq alır. Bu zövq ona güc verir, ruhunu oxşayır. Bəlkə də buna görə də heç zaman yorulmur, ruhdan düşmür. Gənclik enerjisi ilə bildiklərini tələbələrinə də aşılayır. Daim axtarışdadır. Gücü çatdıqca elmə yeni töhfələr verməyə səy göstərir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri Rasim Heydərov onun haqqında deyir:
“Professor elə unikal alimlərimizdəndir ki, o, dilçiliyin bütün sahələrini çox yüksək səviyyədə bilir. Dilçilik İnstitutunda kiçik elmi işçidən elmi katib və şöbə müdirinə qədər qalxmış və ən müxtəlif vəzifələrdə çalışmışdır. Bu səbəbdən də onun dilçilik sahəsində bilikləri təkcə bir sahə ilə məhdudlaşmır. Alimin dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə nəzəriyyəsi, dialekt leksikası, toponimika, qədim dillər və mədəniyyətlərin tədqiqinə həsr edilmiş neçə-neçə məqaləsi və monoqrafiyası ilə yanaşı tərcümə əsərləri də vardır. Bu mənada İlham müəllim multidissiplinar dilçidir. Yəni o həm german dilləri, həm dil nəzəriyyəsi, həm Azərbaycan dili, həm də tərcümə nəzəriyyəsi ilə yanaşı, qədim dillər və mədəniyyətlər sahəsindəki çalışmaları ilə də Azərbaycan dilçiliyinə töhfə vermişdir. Son illər alimin linqvokulturologiya və koqnitiv dilçilik sahəsində yetişdirdiyi alimlər də fikrimizi bir daha sübut edir.”
İnsanlar arasında “Yaxşı adam” ifadəsi var. Bu ifadə hər kəsə şamil edilmir. Buna layiq olmaq üçün nə vəzifə, nə rütbə, nə də ki, cəmiyyətdə tutduğun mövqe köməyə gəlmir. Bu dəyəri yalnız əməllərlə qazanmaq olur. Nə yaxşı ki, dünyada İlham müəllim kimi adamlar var. Dünyanı gözəlləşdirən də onlardır. Bəli, haqqında söhbət etdiyim professor İlham Tahirov dünyanın yaxşı adamlarından biridir…
Bu gün, iyunun 8-də onun 65 yaşı tamam olur. Onu şair dostum Sakit İlkinin sözləri ilə salamlayıb təbrik edirəm:
Həmişə üzü belə,
Ağ ol, a yaxşı adam…
Barı dərilib, qalxan,
Bağ ol, a yaxşı adam…
Qar verən qar alandı
Çox adlar qaralandı…
Saçına qar ələndi,
Dağ ol, a yaxşı adam…
Xoş sözün gəlib, çatıb
Dolub qəlbimin çatı…
Sağola gücüm çatır,
Sağ ol, a YAXŞI ADAM!!!
Hörmətlə, Elman Eldaroğlu