“Sağlıq” – Kamal Abdullanın hekayəsi

“Sağlıq” – Kamal Abdullanın hekayəsi

Bu gün Xalq yazıçısı Kamal Abdullanın doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun “Sağlıq” hekayəsini yayımlayır.

İndi də elə bu məclisin sonuna yaxın həmən ətürpədən əndiribadi fikir yenə gəlib ox kimi onun beyninə sancıldı. Bədənindən, elə bil, elektrik cərəyanı buraxdılar, bütün vücudu gizildədi və o, bir neçə anlığına ətrafındakılardan ayrıldı. Başqa bir məkanamı düşdü?! Bir onu bildi ki, diksinən kimi oldu. Yuxuda olur bu cür, elə bil, boşluğa yuvarlanırsan, uçunursan. İnanılası deyildi, amma onun özü heç istəməzdi ki, son zamanlar tez — tez beyninə girib onu beləcə həyəcanlandıran bu əndiribadi fikir həqiqətə çevrilsin. Belə ola bilməzdi, amma kim bilir?! Ortada xeyli kiçik gerçəklik faizi ola bilərdi. Və bu onu qorxudurdu.

Fikir isə bundan ibarət idi: o, heç zaman ölməyəcək.

…Məclis həmişə olduğu kimi hay-küylə keçirdi. Yeddi nəfər sadiq orta məktəb dostu — 8 «b» sinfinin köhnə şagirdləri artıq qırx il olardı ki, ayda bir dəfə, iki dəfə görüşüb beləcənə asudəlik içində yeyib-içir, boyat xatirələri isidib neçənci dəfə delikates kimi bir-birinə sırıyırdılar. Bu restorana da artıq alışmışdılar — xudmani, ayrıca otaq, televizor, demək olar ki, ev şəraiti… Nə vacib işləri olsaydı belə bu məclislər həmişə tam heyətlə keçərdi, onları buraxmaq olmazdı.

— Yox, sənin yadından çıxıb. Keçən dəfə belə danışmırdın…

— Bilə-bilə axırını dəyişdirir. Sərf eləmir axı…

— Xeyir, vallah yox. Axırda axı mən özüm boynuma aldım ki, topu məktəbə mən gətirmişəm. Özüm dedim. Hamınızın yanında dedim. Dedim, demədim? Dedim.

— Özün demədin.

— Dedi, amma elə dedi ki… Arif əsl istintaq qurmuşdu…

— Arif müəllim otuzdurdu səni yerinə. Hələ «muçenik» elədi səni.

— Bəli, bəli, həzərat. Mənim yaxşı yadımdadı. Dedi ki, sən başqasının günahını boynuna alırsan. O cür ustalıqla sən ki dedin o sözləri.

— Mən neyniyə bilərdim? Boynuma aldım, inanmadılar.

— Almasaydın, ondan yaxşı idi…

Bu «top» məsələsi uzun illərdi qaranlıq bir keçmişdə qalmış məktəb illərinin əziz yadigarı idi. Onlar bu yarıdedektiv hadisənin hər ştrixini, hər hərəkətini ciddi şəkildə dönə-dönə təhlil etməkdən yorulmurdular.

Məsələ isə bundan ibarət idi. Çiskin bir payız günü Etimad sinfə top gətirmişdi. Böyük tənəffüs zamanı 8 «b»-nin oğlanları sinifdəki qızları çığırda-çığırda dəhlizə çıxartdılar. Birinci cərgədəki partaları arxaya sürütdədilər. Balaca meydança alındı. İki dəstəyə bölündülər. Oyun təzəcə qızışırdı. Birdən heç kimin gözləmədiyi halda kim idisə topa elə bir zərbə vurdu ki, top gedib düz pəncərənin ortasından dəymədimi, dəydi. Pəncərə şaqqıltıyla ortadan sınıb çilik-çilik olmadımı, oldu. Hamı yerindəcə quruyub qaldı. Şüşə qırıntıları məktəbin həyətinə, gediş-gəlişin gur yerinə parıldayan yağış damlaları kimi yağmağa başladı. Həyətdən keçənlər diksinib yana çəkildilər. Bir nəfər cır səslə aşağıdan qışqırdı:

—Vəhşixanadı, məktəb deyil ki… Vəhşidilər bunlar!! Vələdüznadılar!!

Beş dəqiqə keçmədi ki, əlində yekə bir şüşə parçası tutmuş cır səsli, balacaboy, üzündəki sevinc dolu o mənfur ifadəni heç cür gizlədə bilməyən kişiylə məktəbin direktoru Sona müəllimə hövlnak sinfə daxil oldular. Sona müəllimənin rəngi ağappaq idi, otağa ötəri göz atan kimi məsələni əlüstü başa düşdü. Uşaqların üzlərinə belə baxmadı, amma əllərini, ayaqlarını xüsusi diqqətlə gözdən keçirdi. Arxayın oldu ki, əli, qolu, ayağı yaralanan yoxdur. Sonra acıqlı-acıqlı şüşəsi sınıq pəncərənin yanına keçib aşağı boylandı, başını çoxmənalı şəkildə buladı. Yəni, «Görün, mən sizin başınıza nə oyun açacam…» Cır səsli kişi əlində bayraq kimi tutduğu şüşə parçasını xüsusi əda və səliqəylə jurnal stolunun üstünə qoydu. Sona müəllimə məktəbin rəsm müəllimi cavan, enerjisi fontan vuran Arif müəllimi sinfə çağırtdırdı:

—Neynirsən elə, amma öyrən gör, bu topu bu məktəbə kim gətirib.

Top sinfin ortasında yetim uşaq kimi atılıb qalmışdı. Elə bil, cüzamlı idi, heç kim ona yaxın durmaq istəmirdi. Top tərəfə baxan belə yox idi.

— Baş üstə! — Arif müəllim bütün bədənini sim kimi dartıb əllərini əskərlər kimi yanına sıxdı. Cır səsli kişinin də bədəni onun kimi tarıma çəkildi.

Bundan sonra isə müsibət başladı. Arif müəllim sinifdə əsl istintaq qurdu.

… —Allah üzümüzə baxmışdı ki, o alçağın başına düşməmişdi o şüşə. Yadınıza gəlir nə boyda idi əlindəki şüşə parçası?!

— Bayraq kimi əlində tutub sinifə girəndə mən bilirsən, necə qorxdum…

— Sona müəllimənin rəngi ağappaq olmuşdu… — Zakirin gözləri o uzaq günü yada saldığından, ya da içdiyi arağın təsirindən — süzülüb getdi.

— Fasilə edəcəyik, yoxsa?.. Bu top söhbəti qurtarmadı?! — Hənifə birdən-birə darıxdı.— Plastinkanı dəyişin…

Hənifə demək istəyirdi ki, söhbəti dəyişin.

— Neynirsən sən fasiləni? — Vahid qaşlarını bərk-bərk çatıb ona tərs bir baxış atdı. — Yedin, doydun?

— Həri, çay içmək istəyirəm, olmaz?! — Hənifə günahkar adamlar kimi məlul-məlul dilləndi.

Stolun üstündəki yeməklər yeyilib qurtarmamışdı. Sonuncu araq şüşəsi yarıdan çox dolu idi. Altı nəfərə «əlli-əlli» rahat vura bilərdilər.

— Bunu da içək, sonra keçək çaya. Nə deyirsiz?! Çay olacaq? Deyirlər ki, olacaq… — Malik əlini araq şüşəsinə uzatdı.

— Mən süzərəm. — Vahid özü içmirdi, amma adamları içirtməyi sevirdi. Şüşəni Malikdən alıb altı nəfərin hər birinə, təbii ki, özündən başqa, misqal dəqiqliyilə araq süzdü. — Olacaq, çay da olacaq, tort da olacaq…

Kamran qəfildən ayağa qalxdı. Bu o zaman baş verdi ki, ölümsüzlük haqqındakı həmən əndirabadi fikir gəlib onun beyninə artıq girmişdi. O, sağlıq demək istəmirdi. Amma fikrini dəyişdi.

Məclisdə isə ara qarışıb məzhəb itmişdi. Hərə öz kefində idi.

Zakir Etimada nəsə deyib onu güldürməyə çalışırdı, amma Etimadın dodağı da qaçmırdı. Hənifə əlində pult diqqətlə televizorun kanallarını bir-birinə qarışdırmaqla məşğul idi. Malik sağa-sola baxıb, elə bil, kimisə axtarırdı, öz-özünə nəsə deyirdi, dodaqları səssiz-səssiz tərpənirdi. Muradla Vahid pıçıldaşırdılar. Nəhayət, hamı bir-birinə baxa-baxa başa düşdü ki, Kamran, deyəsən, danışmaq istəyir, hətta bununçün ayağa belə qalxıb. Kamran isə səssizcə, bir az da ədalı-ədalı ayaq üstdə durub gözləməyində idi. Buna deyərdilər, qəd tutub. Yavaş-yavaş hamı sakitləşdi və ortalığa sükut çökdü.

Etimad köksünü ötürüb yavaş və kədərli səslə dedi:

— Buyur, qardaş. Son söz qoy sənin olsun. — Etimad «son söz» dəlisi idi. İndi də, elə bil, əziz tikəsini boğazından kəsib Kamrana verirdi.

— Belə… Əzizi-mənlər! Mənim bir sağlığım olacaq. — Kamran sözünə belə başladı.

Amma elə o dəqiqə onun sözünü yenidən hay-küylə kəsdilər. Çünki Zakir yavaşdan «ha-ha-ha» eləyib göz-qaşını oynada-oynada barmağı ilə Hənifəni ona- buna göstərməyə başlamışdı və bu şəkildə onun oğrun-oğrun başqa bir işlə məşğul olduğunu «ifşa» edırdi.

— Sakit. Qulaq asın. Səbətnən gilasın nağılı deyil… Kişi söz danışır… Bəsdi, televizorla oynadın… Böyümədi də bu adam. Bu gün-sabah əlli yaşın olacaq… — Camaat hamı birdən-birə Hənifənin üstünə düşdü. O isə televizorun səsini alıb indi də kanalları rəngli mənzərələr kimi bir-birinə vurub keçirdi. Aydın məsələ idi — intim axtarırdı. Pultu onun əlindən zorla aldılar.

Kamran təhər-tövrünü pozmadan sözünə davam elədi:

— Əzizi-mənlər! — Bu, onun sevimli xitabı idi. — Biz ki, ayda bir dəfə, iki dəfə bu gözəl məkanda toplaşırıq, məclis qurub bugünkü kimi yeyib-içirik, deyib-gülürük, ötən günləri yada salırıq, eyni əhvəlatları az qala hər dəfə eyni həvəslə bir-birimizə ilk dəfəymiş kimi danışırıq — bunun qiyməti — kim nə deyir, desin, mənim gözümdə milyondu. Məktəb illərinin qiyməti yoxdu.

— Topu kim gətirmişdi, cəzanı kimlər çəkdi…

Hənifə ortaya bir atmaca atdı, eynən həmən top kimi və bu zaman Kamrana elə gəldi ki, o zaman topu pəncərəyə vurub şüşəni sındıran da elə bu Hənifənin özü olmuşdu. Hənifənin atmacasına reaksiya verən olmadı.

— Mənlik deyil…— Yalnız Etimad atmacaya ciddən etiraz elədi.

Kamran yenə müəmmalı və ədalı şəkildə susub gözlədi. Murad çəngəllə stəkanı döyəclədi.

— Xamuş! Bir susun, görək bu adam nə deyir…

— Bu adam onu demək istəyir ki, — Kamran Murada minnətdarlıq dolu bir təbəssümlə baxdı. — Bizim bir-birimizdən ayrı kimimiz var?! Heç kimimiz yoxdu. Birimiz ağıllıyıq, birimiz dəliyik. Birimiz etibarsızıq, birimiz hələ də uşaq qalmışıq. — Kamran əli ilə yanında oturmuş Hənifənin başına tumar çəkdi. — O birimiz qırdı-qaçdı… Əgər biz ağlımız kəsəndən sonra bir-birimizi tapıb dost olsaydıq, bu isə mümkün deyildi, hər baxan düz deyərdi ki, bunların ağlı həqiqətən yoxdu. Bu adamları axı bir-birinə heç nə bağlamır… Bunlar niyə dost olmalıdılar?! Bəs o zaman belə bir sual ortaya çıxır. Biz nə üçün bu günə kimi bir yerdəyik?! Və nə üçün bizim bizdən başqa bir kampaniyamız yoxdur?! Razısız mənimlə?

— Maraqlı söhbətdi… — Ehtiyatı əldən verməyən Vahid ağır-ağır dilləndi. «Bu hara yozur görəsən?!»

Kamran isə davam elədi:

— Mən bilirəm ki, ağlım kəsəndən sonra, məsələn, Hənifə kimi… adama ömrüm boyu «tamah» salıb dost olmazdım. Yox eee… Mənim qərdeşimdi o… — Kamran məzəli bir ahənglə sözünü zarafata çevirdi.

— Adamdı o?! — Zakir məsələni ciddi qəbul etdi.

— Heç gör mən səni yaxına buraxırdım?! Filosofa bax… — Hənifə də söz altında qalmadı, xasiyyəti belə idi, hökmən bir cavab tapıb deməliydi.

— Hə… — Kamran Hənifəyə cani-dildən məhəbbətlə baxdı və Hənifəni uşaq kimi əzizlədi. — Qərdeşimdi bu mənim… — Sonra Kamran yenə əsas mövzuya qayıtdı. — Nə isə… Bəs biz niyə bir-birimizdən əl çəkə bilmirik, qırx ildi bir yerdəyik?! Birinci sinifdən bu günə qədər qırx il… Bir-iki ilə əlli yaşımız olacaq…

— Hənifənin iyirmi yaşı olacaq… — Bu da Malikin əsas zarafatlarından idi.— O axı inkişaf eləmir… Onda deqradasiyadı.

— Qoyun sözümü qurtarım, sonra qırın bir-birinizi… — Kamran gördü ki, Hənifə əlini gizlicə su dolu stəkana sarı aparır. Suyu Malikin üzünə çırpmaq istəyirdi. Kamran ərklə onu birəlli də olsa qucaqlayıb stəkanı götürməyinə mane oldu və dayanmadan sözünə davam elədi:

— Öz sualıma özüm də cavab verirəm. Biz niyə bu günə qədər bir yerdəyik? Çünki bu, bizdən asılı olmayıb. Allah gətirib bizi bir-birimizin yanına. Bax, bu mənim qərdeşim Hənifəni birinci sinifdə oturdub mənim yanımda. Mənim seçki imkanım olmayıb. Olsaydı…

Zakirin yadına Füzuli düşdü:

— Olsaydı, mənim bir ixtiyarım, olmaz idi səndən özgə yarım… Ha-ha-ha…

Bu yersiz gülüşdən dərhal sonra Zakir ciddiləşib Zərbəli müəllimi xatırladı:

— Allah Zərbəli müəllimə rəhmət eləsin.

Söhbət yenə də məcrasını dəyişdi.

— Allah hamısına rəhmət eləsin. Allah Rübabə müəlliməyə, Sona müəlliməyə, Nabat müəlliməyə…

— Arif müəllim… — Bu, Etimad idi.

— Mariya Semyonovnaya, Sadığa, Mustafaya… Hacıya…

— Allah onların hamısına rəhmət eləsin… — Malikin, deyəsən gözləri dolmuşdu, kövrək idi deyin, səsi həzin gəldi.

Onlar öz müəllimlərini xatırlayırdılar. Xatırladılar, qurtardı.

— İndi də keçirəm sözümün sağlıq hissəsinə… Bitirirəm. Məni diqqətlə dinləyin. — Kamranın ürəyi birdən-birə sıxıldı. O, bu sağlığı hökmən deyib sona çatdırmaq istəyirdi. Ona elə gəlirdi ki, sağlıqdan sonra o əndirabani fikir bir daha onu narahat etməyəcək.

Kamran bir əliylə yanında oturmuş Hənifənin başına yenə də sığal çəkdi, o biri əlində tutduğu qədəhi isə düz başının üstünə qaldırdı, uca səslə dedi:

— Mən içirəm bu badəni bizim aramızda axırıncı kim qalacaqsa onun sağlığına. Heç kim bilmir, o axırıncı adam bizim aramızda kim olacaq. Amma kimsə olacaq. Hamı gedir bu dünyadan, heç kim bu dünyanı tutub qalmır.

— Əlbəttə, ölüm haqdı… — Vahidin səsi molla səsinə oxşadı. O, dostlar arasında yeganə namaz qılan idi.

— Bəli, o adam ki, onun alnına yazılıb və o bizim hamımızdan sonra gedəcək o biri dünyaya, mən təklif edirəm, bunu içək o xoşbəxtin sağlığına.

Məclisdəkiləri söz tutdu və onlar bir müddət dinib-danışmadan deyilən sağlığı «həzm» eləməyə çalışdılar.

— Nə danışır bu? Siz bir şey başa düşdüz?! — Nəhayət, Zakir araya çökən səssizliyi pozdu. — Necə yəni, axırıncı adam? Deməli, belə çıxır ki, o adam tək qalacaq?..

— Bəli, əzizi-mən, kimsə axırda tək qalacaq. Bu bizdən asılı deyil ki… Kim axırda qalacaq onun sağlığına… Məsələn, Hənifənin…

— Mənə lazım deyil. İçməyin mənim sağlığıma. İstəmirəm. — Hənifə qaşqabağını salladı. Bu dəfə o, son dərəcə ciddi idi.

— Nolar?! Onda Zakirin sağlığı… — Kamran nəvaziş dolu təbəssümlə Zakirə baxdı.

— Niyə mən? Mən niyə? İstəmirəm! Mənim də sağlığım olmasın! — Zakir kobud bir tərzdə Kamranın sözünü kəsdi.

— Başa düşürəm. O zaman… könüllü yoxdu?

Yenə səslər bir-birinə qarışdı, hamı bir ağızdan danışdı:

— Yoxdu, könüllü yoxdu. Bu çox axmaq sağlıqdı, Kamran. Başqa plastinka qoyun… Mənə lazım deyil… Ay gic, deməli, bu adam bizim aramızda hamıdan çox yaşayacaq, başa düşürsən? Cəhənnəmə ki… İstəmirəm. Axırıncı? Adamın ürəyi partlayar… Tək, quqquluqu… Sən də istəmirsən? Yox, mən niyə? Mən də istəmirəm… Kamran, sənin bu sağlığına heç kim qol qoymadı… Başqa sağlıq de, içək. Yoxsa…

— Topu kim gətirmişdi, onun sağlığına…

— Yox, şüşəni kim sındırdı, onun sağlığına…

— Yaxşı ki, şüşə o kişinin başına düşmədi. Sona hirsindən əsirdi. Arif nə oyundan çıxmadı, topu kimin gətirdiyini öyrənmək üçün… Amma heç kim Etimadı satmadı…

Dostlar ümidlə Etimada baxdılar. O, sağlığı öz üstünə götürə bilərdi.

— Çox sağ olun, uşaqlar…— Etimadın üzünü məsum bir təbəssüm gəzdi. — Amma qoy bu sağlıq mənim sağlığım olmasın…

Kamranın sağlığı, əlbəttə ki, alınmamışdı. Onlar daha bir kəlmə də danışmadılar. Qədəh qədəhə toqquşdurmadan araqlarını başlarına çəkdilər. Elə bil, ölmüş bir adamı, sonra imkan olmayacaq deyə əvvəlcədən yad edirdilər. Malik qədəhini qaytarıb yerə qoydu. Əllərinin dalı ilə gözlərini qızaranacan ovuşdurdu. Sonra… Sonra isə turşu xiyardan ləzzətlə bir dişdəm aldı və qəfildən çırtıq çala-çala məşhur mahnının ahəngində səsini başına atdı:

— Deyin görək çay olacaq??? Deyirlər ki, çay olacaq…

Zakir ürəkdən qəhqəhə çəkdi:

— Ha-ha-ha…

SON

Share: