“Şahdağ” təchizat gəmisinin kollektivi, Vətən müharibəsinin könüllü iştirakçısı, kapitanın ikinci köməkçisi, qəhrəman döyüşçü Ərəstun Əbilzadənin yenidən kollektivə qayıtması ilə bağlı tədbir keçirib.
Müstəqil.Az-a “DSD” İB-dən verilən məlumata görə qəhrəman döyüşçünün şərəfinə çay süfrəsi təşkil ediblər.
Gəminin kayut-kompaniyasında keçirilən tədbirdə Azərbaycan Ordusunun düşmən üzərindəki parlaq qələbəsindən bəhs olunub. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəminin kapitanı Zaur Novruzov Vətən müharibəsi zamanı Azərbaycanın müzəffər Ordusunun əsgər və zabitlərinin, Azərbaycan xalqının və Ordunun Ali Baş Komandanının qələbəmiz üçün atdıqları qətiyyətli addımdan söz açıb. Çıxışında kapitanın 2-ci köməkçisi Ə.Əbilzadənin müharibə zamanı könüllü olaraq orduya yazılmasından və keçdiyi döyüş yolundan danışıb.
Ərəstun Əbilzadə işlədiyi gəminin kollektivinin ona göstərdiyi isti münasibətə görə təşəkkür edib, müharibə zamanı əsgərlərimizin arxa cəbhədəki insanlarımız tərəfindən heç vaxt unudulmadığından bəhs edib. Tədbirdə AXDG QSC-nin, xüsusi ilə də gəmiçiliyin sədri Rauf Vəliyevin diqqət və qayğısının daima hiss edildiyindən də söz açılıb.
Tural Balabəyli