Qazaxıstan Respublikasının ərazi sularında yerləşən “Zhenis” yatağındakı işlərə cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şahdağ” təchizat gəmisi və heyətinin fəaliyyəti sifarişçi tərəfindən razılıqla qarşılanıb. Sifarişçi şirkət bu barədə fikirlərini Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğuna çatdırıb.
Baş konsulluğun başçısı Elçin Məmmədov bu münasibətlə gəminin kapitanı Zaur Novruzovu Konsulluğa dəvət edib. O, layihə üzrə işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdiyinə görə “Şahdağ” gəmisinin kapitanına və heyət üzvlərinə təşəkkürünü bildirib. Həmçinin, Konsulluq adından gəmiyə xatirə hədiyyəsi təqdim olunub.
Gəminin kapitanı Zaur Novruzov da həm öz adından, həm də gəmi heyəti adından göstərilən diqqətə görə konsula minnətdarlığını bildirib.