Milli Məclisin sədri Sahibə Qafarova Afinaya işgüzar səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, spiker “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib.
“Çünki Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib.
Artıq Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixə qovuşub. Azərbaycan və region üçün yeni mərhələ başlayıb. Bu, bərpa və quruculuq mərhələsidir. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon – Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb”,- spiker bildirib.