“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, 51 yaşlı mütəxəssis bunları söyləyib:
“Futbolçularımız çox yaxşı oyun göstərdilər. Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Meydanda iki çox yaxşı kollektiv mübarizə apardı. İlk hissədə daha qapalı futbol gedirdi. İkinci yarıda isə boş sahələr çox oldu. Futbolçularım çox əziyyət çəkdilər. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. “Rakuv” elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, evdə daha yaxşı oynayacağıq.
Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz. Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar”.
Qurbanov “Rakuv”la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib: “Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə kənardan fərqli görünür. Oyuna yenidən baxacam. İlk hissədə xeyli qol epizodlarımız oldu. İkinci yarının hardasa 10-15 dəqiqəsində əvvəlki dinamikanı yaxalaya bilmədik. Get-gedə fəallaşmağa başladıq. “Rakuv” oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə bəlkə də bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq”.