Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral imtiyazları ilə yanaşı ailə pullarından da imtina edirlər.
Bu barədə Sasseks hersoq və hersoginyasının saytında məlumat verilir.
Bildirilir ki, Harri və Meqan kral ailəsinin xərclərinə ayrılan suveren qrantdan artıq vəsait istəməyəcəklər.
Qrant dövlətə məxsus torpaq və aktivlərin gəlirlərinin 15%-nin köçürülməsi hesabına formalaşır. Suveren qrant kral ailəsinin rəsmi səfərlərinə, onların iqamətgahları və heyətinin saxlanılmasına sərf olunur.
Həmçinin məlumatda kral ailəsinin müstəqil pul qazanmasına qadağa qoyan qaydanın olduğu vurğulanır. Lakin Harri və Meqan bu qaydalardan imtina etmək fikrindədirlər.
Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər. Yanvarın 10-da isə Meqan oğlunu da götürərək Kanadaya gedib.