Oxbrid Akademy-
Bu gün bu ünvanda çox isti, çox səmimi bir görüş keçirildi. İngilis dilində təhsil verən bu özəl məktəbin rəhbərliyi şair Güləmail Muradın yaradıcılığına həsr olunmuş tədbir keçirdi.
Kim deyir ki, yad dildə təhsil alan uşaqlar vətənpərvər olmur? Bu məktəbin şagirdləri tədbiri ana dilimizdə apardılar, Güləmail xanımın şeirlərini əzbər söylədilər, milli mahnılarımızı oxudular, milli rəqslərimizi oynadılar, pianoda bəstəkarlarımızın musiqisini çaldılar. Bütün şagirdlər yoldaşlarını diqqətlə dinləyirdilər. Uşaqlar elə gözəl videoçarx hazırlamışdılar ki, heç peşəkarların işindən fərqlənmirdi. Uşaqlar hər işi gördülər, böyüklərin uzun-uzadı çıxışlarına ehtiyac qalmadı.Tədbirin sonunda uşaqlar çəkdikləri rəsm əsərlərini Güləmail xanıma bağışladılar. Mənə ən çox təsir edən o oldu ki, on iki rəsmin səkkizində Şuşa qalası təsvir olunmuşdu, biri milli motivli, qalanı bayrağımızı əks etdirirdi. Məktəb çox gözəldir, şagirdlərinə dörd dil öyrətsə də, bütün tərtibatı millidir. Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə xanıma heyran oldum. Əsl pedaqoq və vətəndaşdır. Onun sinif otağı ədəbiyyat muzeyinə bənzəyir. Şagirdlərlə davranışı ananın övladlarına davranışından da mehribandı. Bir nümunəvi müəllim gördüm bu gün, nə gizlədim, çoxdandı belə bir müəllimə rastlamamışdım. Gülçöhrə xanıma da, məktəbin rəhbərliyinə də minnətdaram. Ədəbiyyata sevgi ailədən gəlməlidir, məktəb bu sevgini alışdırmalıdır. Yazıçılar ədəbi tədbirlərini məktəblərə daşımalıdırlar. Natəvan klubunda qələmdaşlar bir-birlərinə kitab təqdim etməklə işlərini bitmiş hesab etməməlidirlər. Məktəblər də qapılarını yazıçıların üzünə açmalıdır. Ədəbiyyatı sevdirmək, təbliğ etmək vətəndaşlıq borcudur.
İnanıram ki, ingilisdilli məktəbin şagirdləri unudulmaz bir gün yaşadılar. Bu şeirli, musiqili görüş, onları ana, nənə sevgisilə qucaqlayıb öpən şair Güləmail Murad heç vaxt onların yaddaşından silinməyəcək.
Arifə Əliyeva