Şair Məmməd Aslanın həkim dostu…

Şair Məmməd Aslanın həkim dostu…

Onu Sumqayıtda tanımayan adam yoxdur- şəhərin nüfuzlu sakinlərindəndir…

Daxil olduğu məclisdə hamı Ona ehtiram göstərir- ağsaqqaldır, ictimai çəkisi var…
Məntiqli danışır- söhbət edəndə hamının diqqəti Onda olur…
Xeyir-şər adamıdır- heç vaxt xeyir-şərdən qalmaz…
Dostcanlıdır- nə vaxt yanına getdinsə ətrafında dostlarını görəcəksən…
Xeyirxahdır- çox adama əl tutub…
Ruh adamıdır- poeziyanı, incəsənəti gözəl dərk edir…
İşgüzardır- yorulmadan çalışır…
Təcrübəli həkimdir- minlərlə adamı müalicə edib, normal həyata qaytarıb…
Yaradıcı alimdir- işlədiyi tibb sahəsinə yeniliklər gətirib…
Mehriban atadır- övladlarına yüksək səviyyədə təhsil verib, hamısını ev-eşik edib…
Sədaqətli qardaşdır- qardaşlarının necə qayğısını çəkdiyinin şahidi olmuşam…
Yaxşı eloğludur- Onun üçün vətən yurddan başlayır…
Əsl vətəndaşdır- Vətən qarşısında xidmətləri var…
Söhbət tibb üzrə fəlsəfə doktoru, uzun illər Sumqayıt Ruhi Əsəb Disponserinə rəhbərlik etmiş, həkim- psixiatr Mayıl Tağıyevdən gedir…
Onu çoxdan tanıyıram, aramızda hər zaman xətir-hörmət olub. Yaş fərqimiz çox olsa da söhbətimiz həmişə tutub…
Bir dəfə Moskvada yaşayan hərbi təyyarəçi eloğlumuz, polkovnik Vaqif Nəsirov Azərbaycana gəlmişdi. Bir həftə Sumqayıtda qonağımız oldu. Anası rus olan və 3 yaşından Azərbaycandan çıxmış bu eloğlumuza Mayıl həkimin göstərdiyi sayğı və diqqət onu heyran etmişdi. Mayıl həkim ona Azərbaycan xalqı, milli mənəvi dəyərlərimiz haqqında elə izah verirdi ki, böyük döyuş təcrübəsi olan polkovnikin sevincdən gözləri yaşarmışdı. Polkovnik azərbaycanlı olduğundan qürur duyurdu…
Yaşı yetmişə çatsa da qardaşının övladı olmamışdı. Bir sınıq qəlbi sevindirmək üçün Mayıl həkim ona gözəl bir yubiley tədbiri düzənləyib dostlarını qardaşının başına yığmışdı. Kaş görəydiz, ucqar bir rayonda yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü…
Rəhmətlik Məmməd Aslanla çox mehriban dost idilər. Məmməd Aslan Onun xətrini çox istəyirdi. Şairin pulu-parası hardandı? Mayıl həkim ona həmişə dəstək olardı. Tez-tez özüylə Yardımlıya aparardı. Dağları gəzərdilər. Rəhmətlik deyərdi ki, mən Yardımlıya gedəndə elə bil doğma Kəlbəcərimi görürəm. Şair həm də həvəskar fotoqraf idi. Füsünkar mənzərələri fotoaparatın yaddaşına köçürməkdən yorulmazdı. Bu gün həkimin özəl klinikasında divarlar Məmməd Aslanın çəkdiyi gözəl təbiət mənzərələri ilə bəzədilib…
Mayıl Tağıyev bir həkim kimi də doğulduğu ata-baba yurduna biganə olmayıb. Rentgen cihazı ilə təmin olunmuş xüsusi avtomobil və həkim heyətilə bərabər dəfələrlə rayona gedib, əhalini təmənnasız olaraq müayinədən keçiriblər…
Unun, qəndin qıt vaxtlarında şəxsi nüfuzundan istifadə edərək Rusiyadan gətizdirir, rayon camaatını bu ərzaqlarla təmin etdirirdi…
Onun xeyirxah əməlləri çoxdur, sadaladıqca bitməz. Kim bilir, Allahla öz arasında hələ nə qədər xeyirxah əməlləri gizli qalıb…
Dekabrın 5-i Mayıl Tağıyevin ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram…
74 yaşın mübarək, həkim el dostu!
Elman Eldaroğlu
Share: