ŞAİR MƏNİNİN GÖZƏLLİYİ – Fariz Çobanoğlu yazır…

ŞAİR MƏNİNİN GÖZƏLLİYİ – Fariz Çobanoğlu yazır…

İradə Aytelin bir neçə şerini oxudum, çox fərqli duyğularla yazır. Fərqli deyəndə nəyi deyirəm? Hiss edirsən ki, bu  şeirlər bir çoxlarında olduğu kimi əyləncə xatirinə yazılmayıb. İnsan hissləri mənəvi enerji olaraq qəlbdən qopmağa, dildən- dilə düşməyə, formasını dəyişməyə çalışıb.

Məsələn, söz olmaq, musiqiyə, ağıya, bayatıya, şeirə dönmək, hardasa bir odaya çevrilmək istəyib. Hisslər yerindən oynayanda axı nəsə yaradır, nəsə yaranır. Yaradıcı insanlarda bu hal təbiiki yeni bir yaradıcılıq səhifəsi açır. Və biz şarin yazdığı yeni bir şeiri oxuya bilirik. Bu baxımdan yanaşanda onun “Qızılgül” şeiri özünün bədii – mənəvi siqlətilə seçilir və ruhsal bir mənzərə yaradır. Bağçalar, bağlar gözəli qızılgülləri kim sevmir ki… lakin Qızılgülə, onun yaratdığı heyrətamiz gözəlliyə qəlbini söykəyib belə qüssəqarışıq bir sevgiylə poetik səhnə cızmaq  yalnız şairlərə məxsusdur. Əslində, dərinə getsəm İradə Aytel qızılgülləri bəlkə də heç mən qədər sevə bilməz, məsələ burasındadır ki, şairlərin baxışı fərqlidir, onlar mənzərəyə tamam  başqa yöndən baxır, biz başqa. Bunun bircə adı var, şairlik istedadı.

Hər hansı tabloya, təbiət hadisəsinə, insan mənzərəsinə baxanda oradakı şeiriyyəti görmək, duymaq, hiss etmək sıradan hər kəsin işi deyil. Odur ki hər yazılan da şeir olmur.  Düzdür, qafiyəsi, hecası yerində ola bilər, hərgah sənət nümunəsi kimi qəlbimizə axıb dolmağa gücü çatmır.

Onu da deyim ki, “Qızılgül“ şeirində məqsəd gülün gözəlliyini diqqətə çatdırmaq deyil, daha çox bu gözəlliyə söykənib ruhun ağrıyan yerini dilləndirməkdir. Məhz bu dili tapıb, bu dillə cəmiyyətlə ünsiyyət yaradanda insanlar sənə bağlanır. Sən deyəndə, sənin sənətinə, ruhunun dərinliyinə, sözlə açdığın mənəvi səhifələrə, fəsillərə bağlanır. Nəticədə, biz iki gözəllik görə bilirik; gülün və mənəvi aləmin – şair məninin gözəlliyini. Şeirdəki nisgilli ovqatın arxasından daha bir mənzərə açılır üzümüzə. Həyatsevər, həyata vurğun bir könülün əlvan çalarları misralarda canlanaraq şeirə və şair duyğularına məhəbbət oyadır.

“Qızılgül” şeiri sadə və axıcıdır, amma gerçəkdən Qızılgül soraqlıdır. Bu şeirdəki kədər şirindir, bəndləri tükəndikcə gerisini də oxumaq istərkən, əfsus ki, şeir də bitir.

 

162347751_4425142424166068_368352337395064871_nÜrəyimdə qübar edən dərdimi,

Danışmaram… danışmaram, Qızılgül!..

Həsrətimin giley dolu cığrına,

Qarışmaram… qarışmaram, Qızılgül!

 

Boylanıram boyun-boyun boynuna,

Hoylanıram bu taleyin oynuna,

Bir gecəlik yar olummu qoynuna,

Soruşmaram…

soruşmaram, Qızılgül!

 

Yaxınında qara dağlar qarlıdı,

Vüsal uman həsrətindən karlıdı,

Desən: könlüm vəfadarlı, yarlıdı,

Barışmaram…

barışmaram, Qızılgül!..

 

Çox qəribədir ki, İradə xanım əksər şeirlərində həyatın əlvanlığını, təbiətin gözəlliyini, bu gözəlliyin insan ruhuna çağlayan bulaq təki axıb dolmasını incə, zərif sətirlərlə təsvir, tərənnüm etməyə çalışır, lakin bu şeirlərin ruhunda həyatla bir barışmazlıq da hər daim önə çıxmış olur. Hesab edirəm ki,  bu hal da şair qələmində olduqca təbii qarşılanır. Şair içərisində ayrılıq, ölüm- itim, həsrət gəzdirən həyata ürəkdən könül verə, ondan gileylənməsə ötüşə bilmir.

 

Söyləmərəm adını,

Qəlbi daşam, ay ömrüm.

İstər havalın olub

Dağlar aşam, ay ömrüm.

 

Gizlicə yardan küsən,

Quzeydə qardan küsən,

Güllü bahardan küsən.

Qaranquşam, ay ömrüm.

 

Mənəm qəlbi ərköyün,

Sirri içində bir  düyün,

Dözəmmirəm qoy deyim –

Darıxmışam, ay ömrüm!

 

Misralarda deyildiyi kimi insan güllü bahardan, quzeydəki qardan, yaxud qarlı quzeydən niyə küssün axı?! Bütün bunlar dəniz kimi təlatümlü, təbdən-təbə düşən insan qəlbinə bir işarətdir. Gülşənli bir baharda gəzib dolaşırkən bir də gördün sonbaharın soyuq ruzigarları içrə sapsarı bir xəzana düşmüsən. Həyat bir anda ömür valını dəyişir və qəlbimizdə qüssə yeli əsdirir. İradə xanımın  da dəyişən ovqatla yazdığı belə rəngarəng şeirləri çoxdur. Və bu şeirlərin əksərinin məzmunu, ahəngi dərvişanədir. Bu şeirlərdə sevginin dəqiq ünvanını tapmaq çox çətindir. İzlərlə getdikcə sevinir, elə sanırsan ki, bütün ərzi dolaşsan da sonda sənə papaq edən bu ünvana çatacaqsan. Lakin getdikcə fəzaya doğru qalxır, göylərin dərinliyində itirsən.

İradə Aytel öz şeirlərini üzü Tanrıya yazsa da, üzərində bir üsyankar qələm də gəzdirir. Hiss etdiyim qədər şeirlərindəki bu üsyankarlıq boyası daha çox Ramiz Rövşən yaradıcılığının təsirindən qidalanır. Yerdəki günah işlədənləri şair görür, lakin qanlı balta kimin əlindədir, qəssaba təlim keçən kimdir, onu düşünməyi oxucunun öz ixtiyarına buraxır. Şeirin özü isə bütövlükdə bir kəmənddir. Cəmiyyətin suçlu yaxasından  və həyatın ədalətsizliyə susqun baxışından möhkəm yapışan bir kovboy kəməndi…

 

Günah işləyəsən xirtdəyə qədər,

Tutunub çıxmağa yer də qalmaya!

Bütləri sındırıb, qan eliyəsən,

Arzu bağlamağa pir də qalmaya!

 

Mələklər hər yana salalar soraq,

Savab axtaralar əllərdə çıraq.

Göy yerə tökülə, hey varaq-varaq,

Nə “Quran”, nə “Zəbur” sir də qalmaya!

 

Öləsən, bir əsgər qoşunnan çıxa,

Əməl qul Əcəlin huşunnan çıxa,

Allahın tüstüsü başınnan çıxa,

Qanın bu qadalı yerdə qalmaya!

 

*132077415_4172936182720028_162251452867482143_n**

 

Bu ölkəni sevəsən,

Sevəsən,

Yaşamağa

Bir qarış yer olmaya…

 

Bu ölkədən gedəsən,

Gedəsən,

Geniş evin

Arzuna dar olmaya…

 

Bu ölkədə öləsən,

Öləsən,

Gömülməyə

Sən boyda gor olmaya

 

Kəmənd dedim, bəli, İradə xanımın yaradıcılığı, mövzusundan asılı olmadan hər bir şeiri bağlılıq yaradır. Lakin bir qədər fərqli, sənətin cazibəsinə, sözün qüdrətinə güvənərək kəmənd atır. Yurda, Vətənə, özünə – sözə – sənətə, insanlığa, təbiətə, həyata, ucalığa bağlılıq yaradan bəndlər həm də bir kəmənddir…

Heç bir hərbin, heç bir zərbin qırmağa gücü yetməyən sənət kəməndi…

Share: