(zarafatyana esse)
Sözə aşiq olanlar, sözlə nəfəs alanlar doğrudan da qeyri-adi olurlarmış. Bir şair, yazıçı tanıyıram – elə-belə yox, lap əməlli-başlı. Həm də qazidi – Vətən aşiqi. “Hərbi gödəkcə” ilk övladının qundağı olub. Onun bəxtinə başqa qundaq da düşüb – avtomat qundağı. Birinci Qarabağ müharibəsinin qazisi olsa da heç vaxt öyünməyib. Hərdən onu deyir ki,
1992-1993-cü illərdə ermənilərin qorxunc röyasına çevrilmiş qara beretlilər (spetsnaz) Milli Qvardiyanın döyüşçülərindən təşkil olunmuşdu. Nə qədər təzadlı səslənsə də “QARABERETLİ”lər döyüşlərdə iştirak etdiyi zamanlar məğlubiyyət acısı dadmayan dəstə idi. Nə yazıq ki, sonralar hamımız məğlubiyyətə uğradıq.
Qazi şair çox ensiklopedik insandı. Riyaziyyatçıdı, naşirdi, hələ bir lazım gəlsə (lazım tez-tez gəlir) dənizçidi, coğrafiyaçıdı, hidrometeoroloqdu, gəmi kapitanıdı, xilasedicidi, bir-iki dəfə gəminin şturvalına da əli dəyib – koordinatları da bilir, burazları sahilə atmağı da.
Söhbət Süleyman Abdulladan gedir.
Nəhəng insandı, “Titanik yuxusu” görür, titandı – özü də, sözü də, təxəyyülü də, yuxusu da. “Sümüklərinin şaqqıltısı titrətmədədir səthini üfüqlərin”.
Süleyman müəllimin təxəyyülünə, yox ey “elmi nəzəriyyə”sinə görə, “dənizdə zəlzələ tərpənişindən olur mərcanların”. Gözünüzə su verin zəlzələşünaslar.
Hətta incinin yerini də bilir, paxıllıq etmədən bizi gedər-gəlməzə – okeanın dibinə göndərir:
İnci aramaq istəyən batmalı təkinə
batmış gəmilərin sualtı naviqasiyası çökmüş…
Ona görə deyirəm də bizi gedər-gəlməzə göndərir. Geri qayıdacağımız gəminin “təkəri buraxmış”, yəni naviqasiyası çökmüş.
O, həm də əla bilir ki, “xilasetmədə istifadə olunmur xizəklərindən konkisürən qızların”.
Bu tamamilə yeni “elmi kəşf”di. Görəsən o xizəklərdən harada istifadə olunur?
Yadımdan çıxmışdı, Süleyman Abdulla həm də rentgenoloqdu:
Çox da güvənmə ürəyinin döyüntüsünə,
susuzluğuna dözə bilməzsən ciyərinin.
Yanğı çox zaman ciyərlərdən başlar…
Onun müşahidə qabiliyyətinə, həssaslığına heyran qalmamaq olmur. Mən elə bilirdim, başqa bir qazi şair qardaşımız Rəfail Tağızadə dənizi hamımızdan çox sevir, ona görə də dənizi hətta mənə – 40 il dənizlə qol-boyun olana qısqanır. Amma qısqanmağa da dəyər. Rəfail müəllim dənizi məndən çox sevir. Dənizin havasını tənzimləməyi mənə həvalə edir. “Dənizdən gələn adam”a:
Səndən neft qoxusu gəlməz,
onun öz adamları var.
Bizdə neft adı bir az qarışıq,
bir az dolaşıq.
Onlar sənlik deyil.
Sən dəniz adamısan…
Rəfail Tağızadənin dəniz sevgisi ilahiləşib. Yazır ki, dəniz qadın kimidi. “Konkisürən qızlar da dənizdimi? Bunu Süleyman Abdulla bilər…
Süleyman müəllim də az bilmirmiş:
Qadın isti qucaq deməkdir,
boğulmaq istəyirsənsə atıl ənginliklərə.
Süleyman Abdullanın hərdən hidrometeoroloqluğu da tutur. Köhnə hidrometeoroloqlarla kəllə-kəlləyə dayanır. Evdə meteoroloqdan – oğlundan da öyrənir. Gecənin bir aləmi yorulmuş uşağı yuxudan oyadıb küləyin nə vaxt başlayacağını soruşur və sonra da qürrələnir ki, mən bilirdim saat 4-də qasırğa olacaq. Əslində düz edir. İndiki cavanlardan öyrənməli çox şey tapar “qojalar”. Öyrəndiklərinin üstünə bizdən öyrəndiklərini qoyub əminliklə yazır:
Boynunun ardından külək əsirsə,
kürəyini ilğıma söykəmisən demək.
Süleyman Abdulla, unutma, yağış yağdırmağı da, küləyin səmtini təyin etməyi də babalarımız öyrədib bizə…
Qazi şair “istedadlı” “tədqiqatçı okeanoloq”du, bilir ki, “sular heç vaxt üşümür”. Həm də “tədqiq edib”:
Bulaq suyuna qarışanda
bənizi qaçır dənizin.
Əslində ləpələr yonqarıdır ümmanların,
ustası mükəmməl olduğundan
gah qabarır, gah çəkilir
Üzünə çırpdığın göynədir gözlərini.
Həm də “qurman dietoloq”du:
Şor sulardan şirinçay olmaz səhər yeməyində.
Süleyman Abdulla cəmi 1-2 dəfə dənizdə gəminin şturvalını “fırladıb” yazdım bayaq. Ona görə yanlarından keçən katamaranı da tanıyır, “üçbarmağı” da, falanqanı da. Ona görə də “kapitanın furajkasının kokardasına düşən qar dənəsinə aldanıb” gəmisini aysberqlərin ağzına heç vaxt vermir. Bilir ki:
Mayakın göz vurmasına aldansa,
riflər qıcayacaq dişlərini sahildəki sükuta.
Sahilin sükutu Marian çökəkliyindən dərinmiş…
Həmişə sakitlər-mağmınlar günahkar olur ara qarışanda. Dor ağacı da mağmınlardandır:
Bütün qəzalar yanlışlıqlardan törəyər,
dor ağacları niyə asılsın ki, özündən?
Aysberqin görüməyən hissəsi daha qorxuludur. Nəyə görə? Əgər üzən “buz dağı”nın görünən hissəsi bir dəniz əjdahasıdırsa, görünməyən hissəsi iki əjdahadır. O, qəfil haqlayır şikarını. “Buz dağı Ağa Nəzərdi, qarşısına çıxana “dağ” çəkir, vurub yıxır…
Nə yaxşı ki, sən sürdüyün “Titanik” deyilmiş, qazi gəmiçi. Nə yaxşı ki, Sən Titanikin yuxusunu görürsən, onun sərnişini olmamısan.
Sənə “Titanik ” xoşbəxtliyi” arzulamaq fikrim də yoxdu. Milli Qvardiyanın doğum gününə düşdü “Titanik yuxusu”nu yozmağım. Sənə və sənin QANDAŞlarına sevgi arzulayıram. Sevgi varsa əbədi həyat var…
VAQİF OSMANOV.
25 dekabr 2020.
Müstəqil.Az