Sakinlər suda çəkmə ilə gəzir, qurumlar isə bir-birinə ötürür — Fotolar

Sakinlər suda çəkmə ilə gəzir, qurumlar isə bir-birinə ötürür — Fotolar

“Avtomobil yolu pis vəziyyətdədir, bu azmış kimi kanalizasiya sistemi də yoxdur. Bir az yağış yağan kimi bu ərazi bütünlüklə su olur. Ayağını qapıdan çölə qoymaq mümkünsüz olur”.

Bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonunun Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi 81-105 ünvanında yaşayan bir qrup sakin müraciət ediblər.

Vətəndaşların sözlərinə görə, uzun illərdir bu problem olsa da, həllini tapmır: “Bu küçənin sakinləri – qocalar, cavanlar, uşaqlar, ümumiyyətlə yaşından asılı olmayaraq hər kəs avtomobil yolunun və yolun piyada hissəsinin çox pis vəziyyətdə olduğundan, həmçinin küçəni su basdığına görə min bir əziyyətə qatlaşır. Əsasən qış aylarında, yağışlı, qarlı hava şəraitində məktəbə, işə, mənzil başına çatmaq qeyri-mümkün hala çevrilir. Bu küçədəki avtomobil yolu torpaqdan ibarətdir”.

Sakinlər onu da bildirirlər ki, 2019-cu ilin noyabrında Sabunçu rayonunda yerləşən qəsəbələrin, o cümlədən Maştağa qəsəbəsinin su təchizatı, kanalizasiya sistemi və avtomobil yollarının yenidən qurulması haqqında sərəncam imzalanıb: “Ancaq təəssüflər olsun ki, bizim yaşadığımız küçəyə aidiyyatı qurumlar tərəfindən heç bir diqqət yetirilmədi. Biz uzun illərdir yararsız şəraitdə olan torpaq yolumuzun, həmçinin piyada hissəsinin keyfiyyətli asfaltla yenilənməsi və kanalizasiya sisteminin qurulması üçün aidiyyəti qurumlara müraciətlər də etmişik”. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil: “Bu yolların tikintisi və təmiri yerli strukturların, yəni yerli icra hakimiyyəti və yerli bələdiyyələrin balansındadır. Agentlik həmin ərazilərdə hər hansı bir xidmət göstərmir. Biz yalnız investisiya proqramı çərçivəsində nəzərdə tutulan küçələrdə təmir işləri aparırıq. Maştağa qəsəbəsi üzrə ümumilikdə təmirə ehtiyacı olan küçələrin siyahısı tərtib olunub, həmin siyahı üzrə təkliflər planına daxil edilib, investisiya proqramına daxil ediləcəyi təqdirdə tərəfimizdən həmin ərazilər üzrə mərhələli şəkildə təmir işləri aparılacaq”.

Şikayətlə bağlı Sabunçu Rayon İcra hakimiyyətinə də sorğu ünvanladıq. Qurumun Maştağa qəsəbəsi üzrə nümayəndəsinin müavini Ramil Ağazadə cavab olaraq bildirdi ki, həmin yolların tikintisi ilə bağlı siyahı hazırlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib: “İnvestisiya proqramı çərçivəsində mərhələli şəkildə təmir işləri aparılacaq. Digər məsələ, küçənin su basması ilə bağlı isə onu deyə bilərik ki, orada mütəmadi olaraq matorlar işləyir. Nasosxanaları işə salmışıq. Toplanmış su tədricən azalır. Mütəmadi olaraq nəzarət edirik. Onu da bildirək ki, həmin su yığılması bütün küçədə olmur. Sadəcə bir hissədə, təxminən 10 metrlik bir ərazini əhatə edir və buna da səbəb yerdən də su çıxmasıdır. Artıq biz orada suyun azalmasını müşahidə edirik”.

“Azərsu” ASC-dən dən isə “Qafqazinfo”nun sorğusuna belə cavab verildi: “Bu ünvanda kanalizasiya şəbəkəsi yoxdur. Master plana əsasən xəttin çəkilməsi gələcəkdə nəzərdə tutulur”.

Lamiyə Məmmədova


Share: