Müstəqil.Az bu gün doğum gününü qeyd edən tanınmış şair-publisist Zahid Sarıtorpağı təbrik edir,bir neçə şeirini təqdim edir:
Retro…
(Zahid Sarıtorpaq)
* * *
Səssizlik oyur-oyur deşir qaranlığı
Heç nə vəd eləmir bu kahin görkəmli gecə.
Çarəsizliyin küçəsindən keçməyə gücün çatmır
Belədə ölüm yarasalarının səssiz gərdişindən
Qulaqları batır yalqızlığının
Olmuşların küfrlə geriyə qayıdacağını düşünürsənsə
Məhrəm olmayanlarla sənin aranda
Demək qılınca dönməmiş tövbən əsla
Oxunmuş duaların üstünü örtmüş gül ləçəklərinə
Küləklərin niyə heç zaman toxunmadığını bilmirsən
Sən hələ də dolu patronların atəşdən sonra gilizə döndüyünü
Və bir də dolmaq şansını itirmədiyini anlamaqda zorlanırsan
Atəşlər olacağını hələ də atəşlər olacağını
Hədəfdə can cizgiləri Gül rəsmi və toranlarda
İsti-isti bir zühur olacağını dərk etmədən ağlayırsan
Bilirsən, zavallı olmaq məsum olmaq deyil hələ
Oxumursan neçə illərdi içindəki oyur-oyur sükunəti
Haqdan gəlməyən bütün cansız sözlərin
Dərgahlara ayaq döyməkdən dabanları yeyilib artıq
Amma səsin didərginliyinə can dözməz bilirsən, dözməz
Buna görə də məsələn qarabağda səs yiyələri
İpək yaylıq misallı səslərini
Görünür oralarda
Qocaman ağacların budaqlarına bağlamışlar köçürkən
İndi o səslərin yan-yörəsindən güllələr çovuyanda
Burda qapısı taxtalı umudlarımızın yuxusuzluğundan qan açılır,
Oxuya bilmirsən oyur-oyur ovcuna damcılayan göz yaşlarını
Səssizlik eləcə deşir qaranlığı.
Heç nə vəd eləmir bu kahin görkəmli gecə
Səni düşünəndə — göyün üzünü
Özümü düşünəndə yaşamı düşünürəm oyur-oyur
Sən hələ də göyün üzü qədər qaranlıqla işığa oynayırsan
Yaşamsa o qədər adiləşib kiş
Sakitcə ölüb gedənlər elə bil dünyadan getmirlər,
Başmaq seyrindən qayıdırlar qeybə…