Salam, doğma Cəbrayılım!

Salam, doğma Cəbrayılım!

Ana yurdum! Xain qonşularımızın növbəti xəyanəti nəticəsində düz iyirmi yeddi il sənin həsrətinlə yaşadıq. Bu illər ərzində sənsizlik çox çətin oldu, çox. Sənsiz çox ağrıdıq, çox sızladıq, çox üzüldük. Hətta xəlvətə düşəndə ürəyimiz partlamasın deyə ağladıq da.

Ancaq bu da bir çox ürəklərin sənsizliyə dözməyərək dayanmasına mane ola bilmədi. Bəli, dayandı ürəklər, əbədi olaraq dayandı. Sağ qalanlar isə öz həyatlarını mənəvi-psixoloji sarsıntıların burulğanlarında davam etdirməyə məhkum oldular. Övladlarından səni düz 27 il hər gecə yuxusunda görənlər də oldu, səni bircə dəfə də olsun yuxuda görmək üçün hər şeyindən, bütün varidatından keçməyə hazır olanlar da, hər gün səndən ötrü göz yaşı töküb ağlayanlar da. Bunlar sadəcə sözlər deyil, reallıqlardır, həqiqətlərdir. Ətrafımızdadır bu insanlar, şəxsən tanıyırıq onları. Dünyasını dəyişəni də var, yaşayanı da. Təbii ki, bunu yaşayanlar daha yaxşı anlayar…
 
Doğma yurdum! Bir şeydən rahat ol ki, sənsiz keçən otuz ilə yaxın bu müddət ərzində övladların sənin müqəddəs adını maksimum qorumağa çalışdılar və əksər hallarda buna nail oldular. Sənin bir ana kimi verdiyin gözəl tərbiyə hər zaman, hər yerdə özün doğrultdu. Didərgin düşmüş övladların öz tərbiyəsi, sadəliyi, qüruru, mənəvi təmizliyi və sədaqəti ilə daim seçildilər. Dostluqda, qonşuluqda, yoldaşlıqda, kollektivdə – yaşadıqları və işlədikləri hər yerdə. Təəssüf ki, sənin bu meyarlarına cavab verməyənlər də oldu. Ancaq çox az sayda. İnan ki, tək biz yox, başqa bölgələrdən olan dost-tanışlarımız belə, elələrini görəndə onların sənin övladın olduğuna inanmadılar, şübhə etdilər. Təbii ki, on minlərlə sakinin hamısının eyni olması bir qədər çətin məsələdir və onların içərisində cüzi bir qismin sənin meyarlarından kənara çıxmasını hardasa başa düşmək mümkündür.
 
Sevimli Cəbrayılım! Sanki müqəddəs adın daim mələklər kimi çiyinlərimizdə oturaraq düzümüzün və səhvimizin monitorinqini apardı, bizi nəzarətdə saxladı, üzərimizdə böyük bir məsuliyyət hissi yaratdı.“Mən bunu edə bilmərəm”, “Bu mənə yaraşmaz” tipli ifadələr övladlarının beyninə, yaddaşına hopdu, elə bil onları hər bir şeyə ehtiyatlı yanaşmağa vadar etdi və qoruyucu bir mələk kimi hər cür pisliklərdən qorudu.
 
Müqəddəs torpağım! Dünyanın dörd bir tərəfinə səpələnmiş sakinlərin harada yaşamalarından asılı olmayaraq, olduqları hər yerdə Vətəni öz namusları bildilər, onun adının üstündə yarpaq kimi əsdilər, yolunda canlarını fəda etdilər. Qəhrəman zabitin Ramil Səfərov kimi. Qeyrətli oğlun Ramil Səfərov canını sıxıb özünə qarşı edilən həqarətlərə dözməyə çalışsa da, Azərbaycana, onun bayrağına dil uzadanda, onu təhqir etməyə qalxanda erməni zabiti Qurqen Markaryanı gözünü qırpmadan Avropanın göbəyindəcə baltalayaraq cəhənnəmə vasil etdi. Özünü, ailəsini, karyerasını, gələcək perspektivini, heç bir şeyi düşünmədən, nəzərə almadan. Çünki Vətənini, bayrağını hər şeydən üstün tutdu. Onun adının bir erməni şərəfsizi tərəfindən alçalmasına imkan vermədi. Eynən sən öyrətdiyin, tərbiyə verdiyin kimi. Axı, sənin suyunu içmişdi, çörəyinlə böyümüşdü qəhrəman zabitimiz.
 
Gözəl Cəbrayılım! Bilirsən övladların son vaxtlar ən çox nədən narahatçılıq keçirirdilər? Zaman keçdikcə səndən ruhən uzaqlaşacaqlarından – sənsizlikdə doğulan uşaqların sənin torpağından, suyundan və tərbiyəndən uzaq düşəcəklərindən. Hətta son vaxtlar tez-tez yazıçı Aqil Abbasın “Çadırlarda Üzeyir Hacıbəyovlar doğula bilməz” deyimini gündəmə gətirməkdə, müzakirə etməkdə idilər. Bəli, böyük həqiqət var bu fikirdə. Şəxsiyyətin formalaşmasında dağ havasının da, bulaq suyunun da, gözəl təbiətin də, ətraf mühitin də, bir sözlə, yaşam coğrafiyasının özünəməxsus və danılmaz rolu var. Valideynlər ha çalışırdılar, vuruşurdular alınmırdı, gücləri çatmırdı sənli zamanların uşaqlarını yetişdirməyə və bundan narahat olmağa, sənin əvəzolunmaz gücünü isə bir daha anlamağa, etiraf etməyə başlamışdılar. İnşallah bu təhlükə də sənə qovuşmaqla və sənin əvəzsiz gücünün sayəsində ortadan qalxar.
 
Ana torpağım! Çox xoşbəxtik ki, 27 ildən sonra qəhrəman Azərbaycan əsgəri səni yağı düşmənin işğalından azad etdi. Analarının qucağında, beşikdə evlərini tərk edən körpələr 27 il sonra tanklar üzərində geriyə döndülər. Toya-bayrama gedirmiş kimi yollandılar müharibəyə və möhtəşəm tarix yazaraq torpaqlarımızı erməni xainlərinin işğalından azad etdilər. Düzdür, bəlkə də gec oldu. Buna görə sarsıldın, incidin övladlarından. İstənilən halda haqlısan və sənin incikliyini böyük anlayışla qarşılayırıq. Çünki bu illər ərzində biz özümüz də həmin sarsıntıları artıqlaması ilə yaşamışıq. Hətta bu qədər dözümlülüyümüzə görə özümüz də dözümsüzləşmişdik. Ancaq bu qədər ləngimə bəlkə də bizlərin günahı ucbatından olmadı. Gəl dünyadakı çirkinlikləri, ikili standartları, böyük güclərin haqsızlıq və ədalətsizliklərini də unutmayaq. Ermənilərin özü qorxaq olsa da, arxalarındakı güclərin çox böyük olduğunu nəzərə alaq.
Şükürlər olsun bu günə ki, artıq azadsan. Övladlarının kiçik bir qismi də olsa, səni ziyarət edə bilib. İnan ki, hamısı can atır bu görüşə. Böyük həvəslə, coşquyla. Lakin ermənilər bu dəfə də insani və bəşəri dəyərlərdən çox-çox uzaq olduqlarını bütün dünyaya göstərdilər. Vaxtilə işğal etdikləri torpaqlarımızın hər addımında minalar basdırmaqla, günahsız, mülki insanların qanına susamaqla. Budur gecikmələrə səbəb. İndi yüzlərlə yaşlı, xəstə övladın bircə günlük də olsa, sənə qovuşmaq üçün Allaha üz tutub yalvarır, ondan möhlət istəyir.
 
Sevimli yurdum! Ziyarət edənlər ürək ağrısı ilə sənin tamamilə dəyişdiyini, erməni vəhşiləri tərəfindən viran qoyulduğunu, sanki o murdarların orada yaşamağına etiraz etdiyini, övlad dərdindən qocaldığını, saralıb-solduğunu söyləyirlər. İnan ki, bu vəziyyət qarşılıqlıdır. Sənin övladların da sənsizlikdən cavankən qocalıblar, yəqin ki, onları gördükcə ürəyin sızlayacaq, çoxunu da heç tanımayacaqsan. Bu ağır, uzun ayrılıq dərdinə dözməyib dünyasını dəyişənlər də oldu, ümidsizliyə qapılanlar da, ruhi xəstəlik tapanlar da, ölkəni tərk edənlər də…
 
Allaha şükürlər olsun ki, sən azad olduğun üçün artıq nikbin danışa bilərik. Övladların çox sevinclidirlər ki, bu il, bu gün sənin işğal gününün ildönümü olmayacaq. Bir daha o dözülməz agrıları, iztirabları yaşamayacağıq, vicdan əzabı çəkməyəcəyik. İyirmi üç avqust bizim üçün daha matəm günü olmayacaq. Əksinə, bundan sonra sənin işğaldan azad olunduğun günü – 4 oktyabrı toy-bayram edəcəyik. Ümid edirik ki, daha səninlə bağlı ancaq şad xəbərlər eşidəcəyik.
 
Doğma torpağım! Sevimli sakinlərin sən azad olandan sonra artıq nikbin olmağa, həvəslənməyə, yeni-yeni xəyallar qurmağa başlayıblar. Sənin azadlığın mənəvi güc verib insanlarımıza. Sanki hər kəsin beynində uğur qazanmaq, onu sənə həsr etmək kimi fikirlər formalaşıb. Elə bil bununla səni sevindirməyə, sənə hədiyyə etməyə, eyni zamanda, qarşında hesabat verməyə hazırlaşırlar.
 
Doğma Cəbrayılım! Mənim də sənə kiçik bir hədiyyəm var. Axı, sən belə hədiyyələri daha çox sevərdin. Bu il sənin təkcə bir kəndində təhsil sahəsində qazanılan möhtəşəm uğuru qeyd etməklə kifayətlənmək istəyirəm. Birinci Qarabağ savaşında şəhid olmuş Əsgər Veysəlovun adını daşıyan Sirik kənd tam orta məktəbinin şagirdi Kamil Əfəndiyev qəbul imtahanlarından 692,5 bal toplayaraq dördüncü qrupda ölkə üzrə ən yüksək göstəriciyə sahib olub. Məktəbin digər şagirdi Hüseyn Allahverdiyev isə 659,3 bal toplayıb. Ümumiyyətlə, mənim də doğulduğum bu kəndin təhsil ocağının builki möhtəşəm uğurlarını alqışlamağa dəyər. Məktəbin məzunları arasında 5 nəfər 600-dən, 10 nəfər isə 500-dən yuxarı bal toplayıb. Biz də zəhməti olan, əməyi keçən bütün müəllimlərimizə təşəkkürlərimizi çatdırırıq.
 
Gözəl yurdum! Təbii ki, övladlarının uğurları bununla bitmir. Onların çoxsaylı nailiyyətlərini sadalamaq da olar. Məncə, bütün bunları görüş gününə saxlamaq daha məqsədəuyğun olardı. Onsuz da onların hər birinin sinəsi doludur. Sənə qovuşmaq və ürəklərini boşaltmaq üçün çox səbirsizlənirlər. Qoy onlar özləri sənə qovuşanda bu uğurlardan sevinc göz yaşları içində geniş söhbət açsınlar.
 
Vaqif ALIOĞLU
Share: