“Ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin sayının artması bir daha sübut edir ki, Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq kağız üzərində deyil. Bizim hər gün üzərində işlədiyimiz və real nəticələri olan göstəricilərimiz var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, ən böyük nailiyyət dövlət və hökumət başçıları arasında olan mövcud xüsusi münasibətlərdir.
Ş.Papuaşvili bildirib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaş kimi həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində fəal əməkdaşlıq edirlər:
“İki ölkə xüsusən bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Cənub Qaz Dəhlizi kimi layihələrdə çox fəal əməkdaşlıq edir”.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşından biridir:
“2023-cü ilin yanvar-avqust aylarında ölkələr arasında ticarət dövriyyəsi 980 milyon dollar təşkil edib. Bu da 2022-ci ilin səkkiz ayının göstəricilərindən 15,3 faiz çoxdur”.
Parlamentin sədri deyib ki, Gürcüstan etibarlı tərəfdaş kimi Azərbaycan ilə Ermənistan arasında vasitəçi olmağa hazırdır:
“Bir gün əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra bildirib ki, Gürcüstan regionda sülhün bərqərar olmasına öz töhfəsini verməyə və vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır”.
“İnanırıq ki, bu görüş baş tutacaq və regionda dayanıqlı sülhə nail olacağıq”, – deyə Şalva Papuaşvili vurğulayıb.