Salyan gəncləri arasında sağlam həyat tərzi təbliğ olunub

Salyan gəncləri arasında sağlam həyat tərzi təbliğ olunub

Oktyabrın 7-də “Dünya Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Salyan şəhərindəki Peşə Liseyinin kitabxanasında tədbir keçirib. Tədbir əsasən şagirdlərdən ibarət olub.
Tədbiri açıq elan edən Peşə Liseyinin direktoru Ruslan Fətullayev gələn qonaqları məktəblilərə təqdim edib. Ruslan Fətullayev deyib ki, əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. “Təcrübədə yeniyetmələrin və gənclərin pis vərdişlərə və təhlükəli işlərə daha çox meylli olmalarını nəzərə alaraq hesab edirəm ki, narkomaniyanın qarşısını almağın digər əlverişli yolu təhsil müəssisələrində, xüsusən də məktəblərdə geniş maarifləndirmə işinin aparılmasıdır”, – deyə o əlavə edib.
Sonra Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əzizağa Yaqubova söz verilib. O bildirib elm ocaqlarında azyaşlılar, yeniyetmələr və gənclər arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə həyata keçirilməli, görülən tədbirlər onlar tərəfindən çox ciddi qəbul olunmalı və onlarda narkotiklərdən uzaq durmaq mövqeyinin formalaşdırılması ilə nəticələnməlidir.
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva tədbirin əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması üçün sosial fəallığın artırılmasının önəmindən danışıb. Həmçinin gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsinin zəruriliyini bildirib.
Yeniyetmələrin narkotik vasitələrə meylliliyinin azaldılması, bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov gənclərə öz tövsiyəsini verib: “Hesab edirəm ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir”.
Tədbirin sonunda “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası üçün göstərilən maliyyə dəstəyinə, Salyan Peşə Liseyinin direktoru Ruslan Fətullayev, Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Əzizağa Yaqubov və Məhərrəm Məmmədova tədbirin kecirilməsidə köməkliyə görə təşəkkür edib.

     

Share: