Antonio Salyeri, Tereziya fon Helferstorfer, Amadey Motsart.
Vyana. Ruhi Xəstəliklər Klinikası. 7 may 1825-ci il.
Salyeri ölüm yatağındadır və qaranlıq səhnədə işıq yalnız onun üzərinə düşüb. O, həyəcanla əllərini o tərəf-bu tərəfə ata-ata, elə bil ki, kimləri isə qovmağa, özündən uzaqlaşdırmağa çalışır.
SALYERİ. Çəkilin!.. Rədd olun!.. Hamınız!.. Hamınız!.. Getmirəm, əl çək məndən!.. İstəmirəm!.. Yox!.. Yox!.. (Yerində çabalayır.) Hara aparırsız məni? (Daha da bərkdən.) Getmirəm!.. Getmirəm!..
Səhnə yavaş-yavaş işıqlanır. Salyerinin çarpayısının sağ tərəfində, səhnənin dərinində klavesin görünür. Alaqaranlıq içində işıq Tereziyanın üzərinə düşür.
TEREZİYA (həyəcanla). Antonio!.. Sakit ol!.. Antonio!..
SALYERİ. Tereziya? (Dikələrək təlaşla.) Tereziya, gəl!.. Gəl!.. Tez, Tereziya, tez gəl!..
Tereziya Salyerinin yatağına yaxınlaşır və onun əlindən tutur.
Hə!.. Hə!.. Sıx əlimi!.. Sıx…
TEREZİYA. Əlin nə yaman soyuqdur…
SALYERİ. Sıx! Sıx əlimi… Bax, o, səni görüb qaçır… O birilər də qaçır…
TEREZİYA. Kim?
SALYERİ. Sən heç hara getmə. Yanımda ol, Tereziya, yanımda ol. O, məndən əl çəkmir. Yenə qayıdacaq.
TEREZİYA. Kim, Antonio, kim?
SALYERİ. Şeytan!.. Şeytan məndən əl çəkmir!.. Məni özü ilə aparmaq istəyir…
TEREZİYA. Sakit ol, Antonio.
SALYERİ. O birilər də ona kömək edir!..
TEREZİYA. Mən burdayam, qorxma… Sakit ol.
SALYERİ. Hə. O, səni görüb, qaçdı. Ancaq yenə gələcək. Qayıdacaq. Mən qorxuram, Tereziya. O, məni özü ilə aparacaq.
TEREZİYA. O, səni heç hara apara bilməz, Antonio. O, yalandan səni qorxudur. O, gücsüzün biridir…
SALYERİ. O, sənin qarşında zəifdir. Sənin yanında gücsüzdür. Ancaq mənim qarşımda yox. Çünki mən günahkaram, Tereziya! Mən günahkaram!..
TEREZİYA. Yox, sən günahkar deyilsən. Çıxart, çıxart bu fikri başından. Eşidirsən, Antonio? Sən günahkar deyilsən!..
SALYERİ. Sən mənə təskinlik vermək istəyirsən? Tereziya, mənim Tereziyam… Amadeyi mən öldürdüm! Mən!.. (Bərkdən.) Ey!.. Eşidirsiz? Volfqanq Amadey Motsartı mən zəhərlədim!..
TEREZİYA. Yox, Antonio!..
SALYERİ (ona fikir vermədən eləcə bərkdən). Bəli, mən öldürdüm onu!.. Eşitdiz ki? İndi bəsdir daha! Əl çəkin məndən!
TEREZİYA. Yox! Yox, Antonio! Sən özünə böhtan atma!
İşıq Motsartın üzərinə düşür və o, asta addımlarla səhnənin dərinindən çıxıb, klavesenin arxasına keçərək, 13-cü Si bemol Major sonatasını çalmağa başlayır. Dialoqdan asılı olaraq, klavesinin səsi bəzən uzaqlaşır, bəzən də qayıdır.
SALYERİ. Böhtan? Böhtan deyirsən, Tereziya? Bütün Vyana… bütün… bütün Avropa deyir ki, Amadeyi mən öldürmüşəm. Sən də… sən də buna “böhtan” deyirsən?
TEREZİYA. Vyana şayiələr, qeybətlər şəhəridir. Özün də bunu bilirsən, Antonio. Avropa da o cür… Sən elə böyük bir sənətkar tanıyırsan ki, onun haqqında şayiələr yayılmasın, qeybətini qılmasınlar? Ona böhtan atmasınlar? Dedi-qodu yayılmasın?
SALYERİ. Tereziya…
TEREZİYA (onun sözünü kəsərək). Sən sakit ol, Antonio. Tarix hər şeyi yerbəyer edəcək…
SALYERİ. Tereziya… (Birdən susaraq, qulaq asır.)
Kiçik pauza.
SALYERİ (pıçıltıyla). Eşidirsən?
Kiçik pauza.
Eşidirsən? 13-cü sonata… Özü çalır… (Həyəcanla.) O, qalacaq, o!.. Tarixdə o, yaşayacaq. Mənim adım da həmişə onunla birlikdə olacaq: dahi Motsart və… və onun qatili Salyeri!
TEREZİYA. Yox, Antonio. Sən ondan da böyük bəstəkarsan. Sən nə üçün onu öldürməliydin? Bəyəm sənin uğurların ondan az idi? Bəyəm tamaşaçılar səni ondan az sevirlər? Sənin operaların anşlaqla getmir, Antonio? Bütün bu şayiələr, bu böhtanlar unudulacaq. Sənin operaların indikindən də böyük uğurlar qazanacaq. Mən həmişə səninlə fəxr etmişəm, Antonio.
Kiçik pauza.
SALYERİ. Neçə il keçib, Tereziya? Bizim evlənməyimizdən neçə il keçib?
TEREZİYA. Əlli il, Antonio… düz əlli il…
SALYERİ. Sonra da sən uçub getdin… Məni tək qoydun…
TEREZİYA. Bu məndən asılı olsaydı, nə vardı ki?..
SALYERİ. Uçub getdin… Neçə ildi mən bu dünyada tək-tənhayam? Neçə il keçib?
TEREZİYA. On səkkiz il…
SALYERİ. Hə, on səkkiz il…
TEREZİYA. Sən gərək evlənəydin.
SALYERİ. Səndən sonra? Səndən sonra mən evlənə bilərdim? Bu on səkkiz ildə bir gün də olmayıb ki, mən səni fikirləşməyim… Gecələr mən göylərə baxırdım, TEREZİYA. O ulduzların arasında səni axtarırdım…
TEREZİYA. Sən də həmişə mənimlə birlikdə olmusan, Antonio. Mən həmişə səninlə fəxr etmişəm.
SALYERİ. Qatillə?
TEREZİYA. Dedim, axı! Sən qatil deyilsən. Sən qatil olsaydın, birinci mən bilərdim. Çıxart başından özün-özünə yağdırdığın bu böhtanları. Qov fikrindəki o şeytanı, o ilan-qurbağaları!.. Sən Avropanın ən böyük bəstəkarısan, ən böyük dirijorusan. Yadına sal, Antonio, bax, buradakı, bu Vyanadakı, Parisdəki, Lissabondakı, Moskvadakı böyük uğurları. Kimin belə uğurları olub? Heç kimin! İllər keçəcək, bu uğurlar daha da artacaq, daha da möhtəşəm olacaq. Sən özün də yuxarıdan baxıb, bütün bunları görəcəksən, Antonio. Sən Bethoveni, Şuberti, Listi yetişdirmisən!.. Eşidirsən məni?
SALYERİ. Eşidirəm… Sənin mənə yazığın gəlir, hə?
TEREZİYA. Yox, Antonio, yox. Səninlə yalnız mən yox, bütün Avropa fəxr edir. Yadındadı, Bomarşe nə yazmışdı? (Bomarşenin sözlərini təkrar edir.) “Salyeri, mən fəxr edirəm ki, sizin şairiniz, sizin nökəriniz, sizin dostunuzam!..” Yadındadı? Özü də səndən az qala iyirmi yaş böyük idi.
SALYERİ. Bomarşe avantüristin biri idi.
TEREZİYA. Bəs Amadey özü? Sən onun ən yaxşı dirijoru idin. O da bununla fəxr edirdi.
SALYERİ. Hə… Düzdür… Bunu özü mənə deyirdi…
TEREZİYA. Görürsən!..
SALYERİ. Ancaq… ancaq o, hələ bilmirdi… bilmirdi ki, mən onu zəhərləyəcəyəm… Mən hər dəfə onun musiqisinə qulaq asanda özümə yer tapa bilmirdim, özümü öldürmək istəyirdim: nə üçün o, bunu yaza bilir, ancaq mən yox? Hər dəfə ona dirijorluq edəndə, içimdə ağlayırdım: niyə, niyə mənim yox, onundu bu musiqi? Niyə bu möcüzə, bu ilahilik onundu, mənim yox? Heç kimin də bundan xəbəri yox idi. Hamı ayağa qalxıb, alqışlayırdı. Mən də gülümsəyə-gülümsəyə onlara baş əyirdim. Ancaq onlar məni yox, onu… onu alqışlayırdı.
TEREZİYA. Sən mənə inanmırsan, Antonio? Böhtanlar, şayiələr sənin özünü də buna inandırıb. At başından bu fikirləri. Əslində… əslində Motsart özü sənə paxıllıq edirdi. Mən bunu hiss edirdim. Sənin başın qarışmışdı operalara. Musiqidən başqa səni heç nə maraqlandırmırdı. Ancaq mən bunu hiss edirdim. Mən görürdüm ki, sən Bethovenə dərs keçəndə, o, necə bir həsədlə sənə baxır.
SALYERİ (acı bir istehza ilə). Sən mənim əzablarımı azaltmaq istəyirsən, Tereziya?
TEREZİYA. Yox, Antonio, yox. Sən qırx il saray kapelmeysteri olmusan. Bəs Napoleon? Onun bu dünyada bilmədiyi bir şey var idi? Sən Amadeyi zəhərləmiş olsaydın, o, səni Akademiyanın üzvü edərdi?
SALYERİ. O, məni Akademiyanın üzvü eləməkdənsə, gedib Venesiya Respublikasını o cür məhv etməyəydi.
Kiçik pauza.
Mən orada, Tereziya, Lenyaqoda anadan olan o çağanı tez-tez görürəm. O ağlayır, susmaq bilmir… Onun o zaman xəbəri yox idi ki, illər keçəcək və o, Motsartın qatili olacaq!.. Ancaq bax, eşidirsən? O, bunu hiss edir, ona görə də o cür ağlayır…
Klavesinin səsi uzaqlaşır və get-gedə artan çağa çığırtısı eşidilir. Salyeri taqətsiz halda yatağına düşür.
(Nəfəsi təngiyə-təngiyə.) Eşidirsən? Eşidirsən o çığırtını?
TEREZİYA. Antonio!..
SALYERİ. O, mənəm, Tereziya, mən!.. Sən mənim çığırtımı eşitmək istəmirsən?
TEREZİYA. Sakit ol, Antonio. Heç bir çığırtı yoxdur.
SALYERİ (onun sözlərinin fərqinə varmadan). Mən nə qədər edirəm, o susmur, eləcə qışqırıb, ağlayır, fəryad edir…
TEREZİYA. Axı, bütün çağalar ağlaya-ağlaya dünyaya gəlir.
SALYERİ. Hə, düzdü. Amadey də ağlaya-ağlaya gəlmişdi, o da hiss edirdi ki, 35 yaşında zəhərlənib, öləcək.
Çağa səsi uzaqlaşıb kəsilir və yenə 13-cü sonatanın sədaları yaxınlaşır.
13-cü sonata… Bunu Yaradan özü yazıb… İnsan bunu yaza bilməz… O, nə qədər yazılmamışları özü ilə apardı… Heç vaxt heç kimin yaza bilməyəcəyi musiqini. Mən musiqi cəlladıyam, Tereziya!.. Kaş, mən də atam kimi kolbasa, vitçina satan olaydım. Onda xoşbəxt bir insan olardım. Məni şeytan azdırıb, Tereziya, məni şeytan azdırıb, bəstəkar olmuşam. Şeytan həmişə mənim içimdə olub. İndi də məni özü ilə aparmaq istəyir.
TEREZİYA. Sən özün edirsən, Antonio. Şeytanı sən özün çağırırsan, ona görə gəlir. Sən özün özünə əzab verirsən. Nə üçün 13-cü sonata? Nə üçün o biri sonatalar yox, həmişə ancaq 13-cü yadına düşür? Sən ki, həmişə 13 rəqəmindən qorxurdun. Bu rəqəmdən çəkinirdin. İndi isə ancaq 13-cü sonataya qulaq asırsan.
SALYERİ. Niyə? Nə üçün?
TEREZİYA. Çünki sən özün özündən intiqam alırsan. Sən bu dedi-qodulardan yorulmusan, Sən özünü inandırmısan ki, bəli, bütün bu dedi-qodu böhtan deyil, şayiə deyil, həqiqətdir. İnandırmısan ki, Amadeyi doğrudan da sən zəhərləmisən, sən öldürmüsən. Buna görə də özün özündən intiqam alırsan. Ancaq elə 13-cü sonata…
SALYERİ (onun sözlərini yarımçıq kəsərək). Tereziya… sən… (Taqətsiz halda barmağını yuxarı qaldırır.) sən ordan həmişə mənə baxırdın?
TEREZİYA. Əlbəttə. Başqa cür necə ola bilər?
SALYERİ. Tereziya… (Onun əlini özünə tərəf çəkərək, öpür.) O da oradadır?
TEREZİYA. Hə.
SALYERİ. Yenə yazır?.. Təzə-təzə musiqiləri səslənir orda?
TEREZİYA. Orda bir az başqa cürdür.
SALYERİ. Nə cür? Musiqi yoxdur?
TEREZİYA. Var. Ancaq… musiqi də başqa cürdür…
SALYERİ. Musiqi də başqa cürdür? Ondan sonra necə başqa cür musiqi ola bilər? (Yenə yerində dikələrək, ətrafı nəzərdən keçirir.) Bura haradır?
TEREZİYA. Ruhi xəstəliklər klinikası.
SALYERİ (pıçıltıyla). Dəlixana… (Birdən klavesini çalan Motsartı görür və barmağını ona tuşlayaraq qışqırır.) Bax, o da burdadır!.. O da!.. O da burdadır!.. Məni dəlixanaya o saldı!.. O!..
TEREZİYA (ayağa qalxıb, onu yerinə uzatmağa çalışır). Sakit ol!.. Antonio, uzan, sakit ol!..
SALYERİ (qolu ilə onu itələyərək). Çəkil!.. Şeytan o, özüdür!.. Şeytan odur!.. (Taqətsiz halda yatağa düşür.)
TEREZİYA. Hə, bax, beləcə uzan… (Çarpayının küncündə oturur.) Antonio!..
Kiçik pauza.
Antonio!..
Kiçik pauza.
Antonio, eşidirsən?.. (Salyerinin cavab vermədiyinin fərqinə varmadan.) Yadına gəlir, Antonio, Şubert kantatasını sənə həsr etmişdi? Sözlərini də özü yazmışdı. Yadındadı sənin haqqında yazdığı o gözəl sözlər? Yadındadı?
Sonatanın səsi yavaş-yavaş uzaqlaşır və səhnəyə də eləcə tədricən qaranlıq çökür.
Eşidirsən, Antonio? Bax, gör, necə ürəkdən yazıb:
Tereziya fon Helferstofer Şubertin Salyeriyə həsr etdiyi şeiri söylədikcə, səhnə tamam qaranlıqlaşır. Klavesin çalan Motsart da artıq görünməzdir.
Ən gözəl, ən mehriban,
ey şanlı,
ali insan!
Hamımızın atası!
Nə qədər ki, döyünür sinəmdə ürək,
nə qədər ki, dünyada yaşayır sənət,
ilhamım da mənim, göz yaşlarım da
eşqlə, məhəbbətlə, sevgiylə birgə
ərmağandır sənə.
Səhnə tamam qaralıb və bu qaranlıq içində və uzaqlardan gələn 13-cü sonatanın sədaları altında Tereziya fon Helferstorferin səsi Şubertin şeirinin ardını davam edir.
Axı, sən özün də Yaradan kimisən,
sən taysan ona.
Sən ucasan, dərinsən, məğrursan,
səni
tale bir mələk tək bəxş edib mənə.
Hər gecə
yalvarıram Yaradana mən
o sevginlə bir yerdə
yüz illik bir ömür sürəsən,
bizə də eləcə
sevgi bəxş edəsən…
13-cü sonata hələ də eşidilməkdədir…
Son
17 avqust 2022
Gündoğan