Şamaxıdan olan general Arutyunyan barədə Rusiya qərarını verdi

Ermənistanın keçmiş müdafiə naziri, silahlı qüvvələrin keçmiş Baş qərargah rəisi, general-polkovnik Mikael Arutyunyanın adı Rusiyada axtarılan şəxslər siyahısından çıxarılıb.

Müstəqil.Az Virtualaz.org-a istinad edərək xəbər verir ki, bu haqda “İnterfaks”a məlumatlı mənbə deyib.

General Mikael Arutyunyan Ermənistanda 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində MDB çərçivəsində dövlətlərarası axtarışa verilmişdi.

“Arutyunyan barədə 2008-ci il 1 mart hadisələri işi üzrə təqdim edilmiş materialların öyrənilməsindən sonra onun adı Rusiya ərazisində axtarışda olan şəxslər siyahısından çıxarılıb”,-mənbə deyib.

Beləliklə, Mikael Arutyunyanı Rusiyada heç bir təhlükə gözləmir. Lakin mənbə deyib ki, o başqa MDB ölkələrində görünsə həbs olunub Ermənistana təhvil verilə bilər. Mənbənin bildirdiyinə görə, Arutyunyanın həbsi və təhvil verilməsi barədə sorğu Ermənistanın Baş prokurorluğundan deyil, dövlətlərarası axtarış xətti ilə daxil olmuşdu. Həmin orderdə Arutyunyanın Rusiyadakı ev ünvanı da göstərilmişdi.

Bundan əvvəl “İnterfaks”a məlumat verən digər mənbə demişdi ki, Arutyunyanın Ermənistana verilməsi mümkün deyil. Çünki onun 2002-ci ildən Rusiya pasportu var.

Ermənistanın polis rəisi Valeri Osipyanın bildirdiyinə görə, Arutyunyan, habelə keçmiş prezident Serj Sərkisyanın qardaşı Levon və qohumu Ani Sərkisyan iyul ayından etibarən dövlətlərarası axtarışa verilib.

Mikael Arutyunyanın Moskvada olduğu bəllidir. Bəzi məlumatlara görə Sərkisyanın qohumu və qardaşı da Rusiyadadır.

Mikael Arutyunyan 1945-ci ildə Azərbaycanın Şamaxı rayonunda erməni kəndində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Sovet ordusunda xidmətə başlayıb və 1973-1976-cı illərdə Frunze Hərbi Akademiyasında təhsil alıb. Ermənistandakı sovet ordu diviziyasının kəşfiyyat rəisi olub. Ötən əsrin 80-ci illərinin sonlarında Rusiya Baş qərargahının Akademiyasında təhsil alıb, general rütbəsinə yüksəlib.

Qarabağda müharibə başlayanda Arutyunyan Ermənistana qayıdıb və Baş qərargah rəsinin müavini, əməliyyat idarəsinin rəisi olub. Qarabağda erməni ordusunun işğal əməliyyatlarının planlaşdırılmasına rəhbərlik edənlərdən biridir. 1994-2007-ci illərdə isə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi işləyib. 2007-2008-ci illərdə müdafiə naziri olub. 2008-ci ilin aprelindən isə Ermənistan prezidenti yanında Baş hərbi müfəttiş idi. Ötən il Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra axtarışa verilib.

Virtualaz.org

Share: