Azərbaycanlı xanəndə Təyyar Bayramov, oğlu Kənan Bayramov, Aşıq Samirə və əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan məşhur müğənni Sami Yusifin birlikdə ifa etdiyi “Sığamazam” kompozisiyası izlənmə rekordu qırıb.
Sözügedən ifa bir neçə ay əvvəl Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılışı münasibətilə hazırlanıb.
Konsert proqramından ifalar Sami Yusifin yutub kanalına yerləşdirilib. Video həm instaqramda, həm də yutubda qısa müddətdə izlənmə rekordu qırıb. Azərbaycan Dövlət Xor Kapellası və yerli musiqiçilərin müşayiəti ilə hazırlanmış möhtəşəm kompozisiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sami Yusif konsertlə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb və bildirib ki, bu kompozisiya yaradıcılığında məxsusi yer tutacaq:
“Nəsiminin sonuncu sinqlını təqdim etməkdən məmnunam. Bu qəzəl qəlbimə çox yaxındır və inanıram ki, bu günə qədər səsləndirdiyim ən yaxşı əsərlərdən biridir. Yüksək enerjili coşğulu səs – son dərəcə istedadlı 57 üzvlü orkestr və möhtəşəm vokalçılardan ibarətdir. Şeir 14-cü əsr Azərbaycan şairi və filosofu Nəsimiyə aiddir, onun sevgi və tolerantlıq mesajı bu gün Hindistan yarımadasından Əndəlüsə qədər olan ərazilərin hüdudlarından kənarda da səslənir”.
Müstəqil.Az