Şamil Ənvəroğlu qələmindən təzadlı həyat fəlsəfi motivləri

Şamil Ənvəroğlu qələmindən təzadlı həyat fəlsəfi motivləri

Şamil Ənvəroğlunu  təqdim etdiyimiz bu şeir təzadlarla dolu həyat fəlsəfəsidir, o həyat ki, əksikliklərlə dolu, o həyat ki, mücadilə etməkdən yorulmuş, o həyat ki, heç istədiklərini verməmiş, o həyat ki, ruhu incimiş…

 

Həyat nə deməkdir?
Ömür nə demək?
Arzusu içində öləndən soruş.
Ağrı nə deməkdir?
Dərd nə deməkdir?
Üzdə qürurundan güləndən soruş.

Həsrət nə deməkdir?
Uzaq nə demək?
Gözünü uzağa dikəndən soruş.
Bir gedib gəlməzi, vaxtsız ölümü,
Yaşayıb içinə göməndən soruş.

Güvən nə deməkdir?
İnam nə demək?
Yolun yarısında qalandan soruş.
İnanıb birinə, yola çıxmağı,
Peşman saçlarını yolandan soruş.

Sevgi nə deməkdir?
Eşq nə deməkdir?
Özünü unutmuş birindən soruş.
Gözündə dünyanın necə olduğun,
Ayrılıq həsrəti çəkəndən soruş.

Ümid nə deməkdir?
Sabah nə demək?
Çoxunun əlindən tutandan soruş.
“Gedirəm yatmağa, sabah var axı…”
Sarılıb boşluğa yatandan soruş.

Ölüm nə deməkdir?
Bitmək nə demək?
Gündə neçə dəfə öləndən soruş.
Bir quru bədənlə, quru nəfəslə,
qalıb da, ruhları gedəndən soruş.

Hər kəs böyük sayar çəkdiyi dərdi,
Dərd var üstündə çox ağrı cücərdi,
Kimi yola verdi, bir cür, can dərdi,
O isə səssizcə bitəndən soruş.

Ən çox sevilənlər vurdu yaralar,
Ən gözəl ruhların gözü qan ağlar,
Çatmadı ünvana neçə dualar,
İnadla “ya səbir!” deyəndən soruş.

Bir damcı sevincə möhtac biriydik,
Bəlkə də, əvvəllər belə deyildik,
Yeyildik ürəkdən, içdən yeyildik,
Geriyə nə qaldı?
Öləndən soruş…

Şeirin hər bəndinin əvvəlindəki iki sual və ona verilən cavab… Əslində həyatın sənə yaşatdıqlarıdır, ağrılarıdır, əzablarıdır.
Soruş rədifli şeirdə qürurundan gülənin içinə axan göz yaşlarının ahından doğan misralar insanı düşündürməyə bilməz . Şeirin bədii təsiri və gücü müzakirə mövzusu ola bilməz. Dərdin, həsrətin fırçası ilə çizilmiş tablo ölümlə həyat arasında çarpışan insanın üsyanıdır.
Bax bütün bunları yaşayandadır o sualların cavabları. İçdən, içdən yeyiləndədir həsrətin yanğısı, ruhu əriyəndədir fani dünyanın əksi … Şeir gözəldir, məzmunu kədər… Tamamlanmış şeir misraların vüsalıdır, məzmunu həsrət…
Şeir ümumilikdə çox düşüncələrin həmdəmi, çox sualların cavabı, çox bəxtsizlərin könül dünyasıdır…Hər kəsin bir dünyası var. Müxtəlif dünyaların adamlarını birləşdirən bu şeirsə kiminə təsəlli, kiminə ümid, kiminə bayatı, kiminə segah…
Duyan ruhunuz var, uğurlarınız bol olsun, dəyərlimiz Şamil Ənvəroğlu !

 İsayeva Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq.

Share: