Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

VHP-nin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyasını davam etdirir.

Növbəti görüş Yardımlı rayon Urağaran (Urakəran) kəndində keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini yad etməklə başlayan görüşü VHP Ali Məclisinin üzvü Hacı Əliqismət Əlibəyli açaraq namizədin həyat yolu, fəaliyyəti barədə danışıb, VHP-nin siyasi-ideoloji proqramı haqda məlumat verib.
Samir Əsədli çıxışında rayonun problemləri, əhalinin həyat şəraiti ilə bağlı çətinliklərdən söz açıb: “Dövlət proqramı çərçivəsində Yardımlıda böyük işlər görülə bilər. Rayonun problemləri çoxdur, xüsusi ilə iş yerlərinin olmaması gənclərin rayondan köçüb getməsinə səbəb olur. Biz həm də vətəndaş olaraq bölgəmizin, ölkəmizin gələcəyi üçün çalışmalıyıq. Seçilsək də, seçilməsək də, bu işləri görməyə çalışacağıq. Bu gün Yardımlının əsasən də kənd təsərrüfatı sahəsində xüsusi qayğıya ehtiyacı var. Taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etdirilməlidir. Turizim sahəsinə diqqət ayrılmalıdır. Rayonun buna potensialı var. Gəzməli, görməli yerləri çoxdur. Təbliğ olunmalıdır ki, insanlar gəlsin. İaşə, xidmət obyektləri turistə xidmət etmək üçün hazırlanmalı, qurulmalıdır. Yardımlı arxa planda qalmamalıdır”.
Urakəran kənd məktəbinin tarix müəllimi Qabil Əsgərov kəndin problemləri haqda danışıb, Yardımlı raonunda kənd adlarının, həmçinin bu kəndin də adının qeyri-Azərbaycan toponimləri ilə əvəzlənməsinə diqqət çəkib.
Samir bəy bu məsələni bütün hallarda diqqətdə saxlayacağını və müvafiq qurumlara müraciət olunacağını bildirib.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə S.Əsədli seçicilərin suallarını cavablandırıb.

Share: