Deputat Fazil Mustafa yerli telekanallarda çalışan jurnalistlərə iradlarını bildirib.
Kulis.az xəbər verir ki, deputat bu barədə “facebook”da yazıb:
“Hörmətli televiziya rəhbərləri! Xahiş edirəm, tabeliyinizdə olan jurnalistlərə tapşırıq verin ki, dini cahilliyi təbliğ edən verilişlər, süjetlər yaymasınlar. Adam bir ziyarətgahı göstərib deyir ki, burada 5-ci imamın bacısının qızı dəfn olunub, adamlar gəlib burada şəfa tapırlar.
Digər süjetdə də göstərilən məzarlarda ya peyğəmbərin xalası nəticəsi, ya da 6-cı inamın əmisi uşağı yatır. Cahil insanlar da buranı pirə çeviriblər. Adam axtarsa, heç özünün üç arxa dönənini müəyyənləşdirə bilməz. Elə inamla deyir ki, sanki peyğəmbərin və imamların qohum əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib.
Buradan-bura Rusiyada sürgündə dünyasını dəyişmiş böyük aydınımız Yusif Vəzir Çəmənzəminlinin məzarını tapa bilmirik, bunlar haçansa bura ərə gəlmiş məchul bir xanımın məzarı üstündə məqbərə tikib, imamın xalası nəvəsi kimi məzarına səcdə etməyə gedirlər. Xalqımızın əhəmiyyətli hissəsinin cahillik mazoxizmini həyat tərzinə çevirməsi bir reallıqdır. Ancaq bunu ciddi informasiya kimi televiziyalar tirajlamamalıdır. Çünki təcrübə göstərir ki, bu cür elmi və mənəvi dəyəri olmayan təbliğata inananlar həmişə çox olur”.