Rusiyaya alma ixrac edən qubalı fermerlər rublun dollara nisbətən kəskin ucuzlaşması, o cümlədən bu ölkəyə mal daşınmasında yaranmış problemlər səbəbindən çətin duruma düşüblər. Rublun rekord ucuzlaşması davam etdiyindən TIR sahibləri daşınma xərclərinin dollarla ödənilməsini tələb edirlər. Üstəlik, təkcə daşınma haqqı son 20 gündə iki-üç dəfə artaraq 3 min dollara çatıb.
Qubalı kəndli-fermerlər virtualaz.org-a bildiriblər ki, böyük əziyyət bahasına başa gələn məhsulları soyuducu anbarlarda qalıb. Yerli bazarda təlabat azdır, Ukraynaya ixrac dayanıb, Rusiya bazarına isə mal çıxarmaq sərfəli deyil.
Soyuducu anbarlar vaxt qoyub
“Soyuducu anbarlara bir ton məhsul üçün 40 manat ödəyirik. Uzaqbaşı 10-15 günə anbarları boşaltmalıyıq. Çünki 100-150 ton tutumluq anbarların 40-50 ton məhsul üçün işlədilməsi sahibkara sərfəli deyil. Bunun işıq və digər xərcləri var”, – fermerlərdən biri deyib. Əlavə edib ki, uzaqbaşı 5-10 günə alıcı tapmaq məcburiyyəti ilə üzləşiblər. Yoxsa almaları tullamalı olacaqlar.
Fermer Elvin Xəlilov isə bildirib ki, öz bağında yetişdirilən məhsuldan əlavə digər fermerlərdən də alma alıblar, Rusiya bazarına çıxarıb satmağı planlaşdırırdılar. Amma indi rubl dollara nisbətən o qədər ucuzlaşıb ki, məhsulları Rusiya bazarına çıxarsalar belə satışdan əldə etdikləri gəlirlə heç daşıma xərcini də ödəyə bilməzlər. Üstəlik daşınmadan başqa fəhlə pulu, gömrük rusumu, qalma, yemək xərcləri də var.
Payızda 1 manata almışdı, indi 2 qəpiyə satır
E.Xəlilov danışıb ki, payızda 70 qəpik-1 manata aldıqları almanı 45-50 qəpikdən təklif edirlər, amma alıcı olduqca azdır. Bəzi kəndli – fermerlərə məhsulları soyuducu anbarlarda saxlamaq sərfəli deyil. Buna görə də zibilliyə tullamaqdansa Xaçmazdakı şirə istehsal edən müəssisəyə 2-4 qəpikdən satırlar: “Soyuducu anbarlar martın 25-dən ayın sonuna kimi vaxt qoyublar. Bundan sonra soyuducular söndürüləcək. Ötən il öz yetişdirdiyim almaları “Meyvəli” bazarında kiloqramını 2 manatdan satmışam. Bu il 50 qəpikdən satıram, amma alıcı tapa bilmirəm”.
Kəndli-fermerlər deyirlər ki, iri şirkətlər Qazaxıstana, Türkiyəyə alma ixrac edə bilər. Amma xırda kəndli-fermerlər üçün yeni bazar axtarışı çətindir. Yol uzandıqca xərclər də artır.
Vahid Əhmədov: “Təbii ki, problemlər yaranıb…”
Deputat Vahid Əhmədov isə bildirib ki, məsələdən xəbərdardır və problem ciddidir. Rusiyaya sanksiyalar bu dövləti çökdürmək məqsədilə tətbiq edilib. Xüsusilə pul köçürmə əməliyyatlarının dayandırılması ciddi çətinliklər yaradır.
“Azərbaycanın Rusiya ilə 3,2 milyard dollara yaxın ticarət dövriyyəsi var. Təbii ki, müəyyən problemlər yaranır. Rubl kifayət qədər ucuzlaşıb, bu, mal, məhsul idxal edən şirkətlərə, sahibkarlara sərfəlidir. Azərbaycandan mal ixrac edənlərə isə rublun ucuzlaşması sərf etmir”, – Əhmədov deyib.
Müsahibimiz hesab edir ki, proses bundan sonra 10 gün daha davam eləsə ciddi problemlər yaranacaq. Ona görə də Azərbaycanda sahibkarlar digər variantlardan istifadə etməklə məhsullarını satmaq barədə düşünməlidir.
Ü.Xudiyeva