Sarı aşıq ənənələrinin davamçısı, yaxud sürgündə torpağa tapşırılan Qurban Pirəlvanlının yaradıcılıq taleyi

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 Aşıq Qurban Məmmədov (Pirəlvanlı) 1982-ci ildə Cənubi Azərbaycanın Ərəş mahalının Pirəlvan kəndində yoxsul kəndli Məhəmmədin ailəsində dünyaya göz açmışdır. Saz çalmağı hələ erkən yaşlarında əmisindən öyrənib. Əhməd adlı bir aşıqdan saz-söz sənətinin sirrinə yiyələnmişdir. El arasında gözü görüb, könlü sevdiyi Güllü adlı bir qızla evlənmişdir. Tale Aşıq Qurbanın alnına məşəqqətli həyat yazıbmış. Gənc Qurban həyat yoldaşı ilə birlikdə vətənindən iraqda yaşamalı olur. Pirəlvan bəyləri “dili dinc durmayan” Aşıq Qurbanı sazı ilə bir yerdə oda atacaqlarına söz vermişdilər. Aşıq Qurban indiki Lerik rayonunun ərazisinə köçüb. Sonra Astarxanbazara (indiki Cəlilabada) gəlib. Həyat yoldaşı Güllü vətən həsrətinə dözməyib ölüb. Aşıq Qurbanın Güllüdən iki oğlu olmuşdu. Böyüyü Abdulla tar çalmış, Tehrac isə mahir balaban ifaçısı olmuşdu. Aşıq Qurban təzədən Fatı adlı bir qadınla evlənmişdir.

Aşıq Qurbanın yaradıcılıq nümunələri, söylədiyi dastanlar toplanmamışdır. Aşığın qoşma və gəraylıları olduqca maraqlıdır. Yaddaşlarda cəmi bir bəndi ilişib qalmış “Çağrılır” rədifli qoşma aşığın sözlə oynamaq bacarığını nümayiş etdirir:

Bilin, bu dünyada nökər də, bəy də

Əzəl başdan yenə insan çağrılır.

Qızıldan tac qoyur biri insanın,

Birinin  adına dehqan çağrılır.

Aşığın bir gəraylısında “ağalar” dünyası kəskin tənqid edilir:

Bu dünyadan çox dedilər,

Dünya həya eləmədi.

Biçdi ağa, nökər donu,

Onları bir bələmədi.

 

Biri çörəyə möhtacdı,

Birinin qisməti tacdı.

Biri ömrü boyu acdı,

Birində var telləmədi.

 

Qurban sazın çəkdi zilə

Sözün dedi qəmli dilə.

Fələk gözün yaşın silə,

Ümman olub, selləmədi.

 

Sarı Aşıq ənənələrini yaşadan Aşıq Qurban bayatılarını cinas üzərində qurmuş, ictimai-siyasi və məhəbbət mövzusunda yazıb-yaratmışdır.Aşıq Qurbanın bayatıları sadədir, yaddaqalandır. Aşığın bayatılarında hər misra mənalıdır. Onun cinas bayatılarından birində deyilir:

 

Aşıq nə saza qaldı?

Teli nə saza qaldı?

Bu dünyanın dərdləri

Canı nasaza qaldı.

 

Bayatıdakı birinci “nə saza” ifadəsi “hansı saza” mənasında, ikinci “nə saza” ifadəsi “saz olmayan” (sazın simləri nəzərdə tutulur) mənasında, üçüncü “nə saza” ifadəsi “xəstəyə” mənasında işlənmişdir.

Aşıq Qurbanın başqa bir bayatısında gözəl omonim tapıntıları vardır:

 

Ağrılar yaradandı,

Yar yara yaradandı.

Yar cəfasın yar çəkdi,

Demədi, yara dandı.

 

Bayatıda kökü “yar”la başlayan yeddi söz vardır. “Yar” sözünün cəmi dörd misrada bu qədər çox işlənməsi bayatını ağırlaşdırmır, əksinə, ona oynaqlıq gətirir. Həmqafiyə kimi işlənmiş “yaradandı” ifadəsi “yaratmaq” və “yara danmaq” sözlərinin qəbul etdiyi şəkilçilərə görə dəyişilmiş formasıdır.

Aşıq Qurbanın aşağıdakı cinaslı bayatıları da maraqlıdır:

 

Haqq sözün de düzə-düz

Mətləbini düzə düz.

Dərədə bar yetişməz

Bağ salırsan düzə düz.

 

Fürsət elə, göz elə,

Gəlməz belə göz ələ.

Dil versən, könül vermə

Göz aldadan gözələ.

 

Dildən düşmür yar adı,

Namə yazdım, yaradı.

Yar dərdini çəkməkdən

Bağrım başı yaradı.

 

Gül açıb gülə-gülə,

Yar yığır gülə-gülə.

Mən ağlasam nə dərdim,

Təki yar gülə, gülə.

 

Göy çəməndə, düzdəsən,

Dərədə mən, düzdə sən.

Sənə qurban olaram

Hər işimi düzdəsən.

 

Aşıq Qurbanın bayatılar rəngarəngdir. Onun “dildönməz bayatı” adıyla tanınmış bayatısı xüsusilə maraq doğurur. Bayatının dildönməz formasında deyilməsi Aşığın yüksək istedad sahibi olduğunu təsdiq edir. Həmin yeganə tapıntı bir də o deməkdir ki, Aşıq Qurbanın yaradıcılığında dildönməz bayatı az olmamışdır:

 

Nə həddini aş, aşıq,

Nə sözündə çaş, aşıq.

İşin yaş, fikrin çaşbaş,

Qoşmanı qoş, qaç, aşıq.

 

Aşığın bir bayatısı isə onun cürə saz çalmasına və zil səslə oxumasına dəlalət edir:

 

Bir balaca sazım var,

Bir kitablıq yazım var.

Zildən düşə bilmərəm,

Köklənmiş avazım var.

 

Deyilənlərə görə, Aşıq Qurban. Blbül və Məşədi Cəmil kimi tanınmış xalq istedadları ilə dostluq etmiş, Aşıq Bilal isə tez-tez onun qonağı olmuşdur.

Aşıq Qurban (Pirəlvanlı) Məmmədov 1947-ci ildə Qazaxıstanda sürgündə vəfat etmişdir. Həyatda bəxti gətirmədiyi kimi, yaradıcılığının da uğursuz taleyi olmuşdur. Onun yazıya alınan gəraylı və bayatıları ümmandan bir damlanı xatırladır.

Aşıq Qurban yaradıcılığının unudulmasının əsas səbəbi onun ötən yüzilliyin otuzuncu illərində Azərbaycandan çox-çox uzaqlarda sürgündə yaşaması və sazdan erkən ayrılmasıdır. Aşıq ömrünün son on ilində əlinə bir dəfə də olsun saz almamışdır.

 

 

Share: