Sarkisyan baş nazir seçilməkçün Azərbaycanla olan problemi əsas göstərdi…

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

Müstəqil.az “news.am”-a istinadən xəbər verir ki, Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verir.

15 deputat iclasda iştirak etmir. İclas 90 deputatın iştirakı ilə davam edir. Spiker Ara Babolyan “kvorum var” deyə bildirib.

Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan çıxışında Azərbaycan Ordusunun təhlükəsini xatırladıb və qeyd edib ki, “Azərbaycan faktoru bizim ölkəmizə güclü liderin lazım olduğunu göstərir”.

O, Sarkisyanın baş nazir seçilməsinin vacib olduğunu bildirib.

“Bu, Ermənistanın təhlükəsizliyi və Dağlıq Qarabağa görə lazımdır”, – deyə Baqdasaryan iddia edib.

Sarkisyan çıxışında təhlükəsizliyin bir nömrəli prioritet olduğunu bildirib. Əlavə edib ki, “Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində mövqeyim dəyişməzdir. Lakin buna paralel olaraq, ordunu gücləndirəcəyik”.

Qeyd edək ki, çıxışlardan sonra səsvermə olacaq. Əgər bu gün baş nazir seçilməsə, o zaman 7 gün sonra yeni namizəd irəli sürülməlidir. İkinci mərhələdə də baş nazirin seçilməsi mümkün olmasa, parlament buraxılmalı və növbədənkənar seçkilərə gedilməlidir. Lakin ekspertlər Sarkisyanın bu gün baş nazir seçilməsi ehtimalının güclü olduğunu hesab edirlər. Hazırda İrəvan küçələrində müxalifət kütləvi etiraz aksiyası keçirir.

Share: