İrəvanın Respublika meydanında növbəti mitinq başlayıb. Paşinyanın çağırışına cavab olaraq meydana on minlərlə insan gəlib.
***
“Ermənistan Respublika Partiyası baş nazirin seçkilərini məhv etməyə qərar verib”.
Müstəqil.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan müxalifətininin lideri, parlamentin “Yelk” fraksiyasının başçısı Nikol Paşinyan xəbərdarlıq edib.
O, əhalini Respublika Partiyasının sədri, keçmiş prezident və baş nazir Serj Sarkisyanın bu planına mane olmağa çağırıb.
“İndi mən informasiya aldım ki, gecə toplanan iclasda Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası baş nazir vəzifəsinə xalqın namizədinin seçilməsinin qarşısını almaq barədə qərar qəbul edib. Bununla əlaqədar olaraq ölkə əhalisini Respublika meydanına toplaşmağa və öz iradəsini nümayiş etdirməyə çağırıram. Serj Sarkisyanın yeni planının reallaşdırılmasını dayandırmaq lazımdır. Planın mahiyyəti növbəti seçkilərdə Respublika Partiyasının hakimiyyətini bərpa etməkdir. Əminəm ki, xalqın açıq iradəsi ilə biz bu ssenarinin qarşısını almağı və Serj Sarkisyanın yeni planına mane olmaq üçün Respublika meydanına toplaşmağı bacaracağıq”, – o qeyd edib.
Paşinyan xatırladıb ki, əhalinin saat 11:00-dan başlayaraq, meydana toplaşması nəzərdə tutulub.
“Qoy, Respublika meydanında yüz minlərlə həmyerlimiz qələbəyə öz iradəsini təsdiq etsin”, – Paşinyan bildirib.
Qeyd edək ki, baş nazirin seçilməsi məsələsi bu gün parlamentin xüsusi iclasında müzakirə ediləcək.
Respublika Partiyası bu gün səhər 09:30-da təcili iclas keçirib. İclasda partiyanın baş nazir seçkisində tutacağı mövqe müzakirə edilib.
Ermənistan parlamenti dünən Nikol Paşinyanın baş nazir postuna yeganə namizəd olduğunu bəyan etmişdi. Ermənistanın baş naziri postuna namizədlərin irəli sürülməsi vaxtı aprelin 30-da saat 18:00-da başa çatıb və Paşinyandan başqa namizədliyini irəli sürən olmayıb.
Nikol Paşinyanın namizədliyi “Yelk” fraksiyası tərəfindən irəli sürülüb.
Hakim Respublika Partiyasının fraksiyası daha əvvəl bildirmişdi ki, baş nazir vəzifəsinə namizədl irəli sürməyəcək. Fraksiyanın rəhbəri Vaqram Baqdasaryan qeyd etdi ki, parlamentin digər üç fraksiyası bir namizədlə çıxış edərsə, mayın 1-də keçiriləcək seçkilərə mane olmayacaq.
Daşnaksütyun Partiyası vahid namizəd olaraq Nikola Paşinyanı təklif edib. Həmçinin “Çarukyan” fraksiyası da “xalqın namizədi”ni dəstəkləməyə qərar verib. Aprelin 29-da fraksiyanın lideri və “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri Qagik Çarukyan bildirib ki, baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyəcək və Nikola Paşinyanın namizədliyini dəstəkləyəcək. Bütün bu proseslər isə belə güman etməyə əsas verirdi ki, parlamentin bütün fraksiyaları Paşinyanın baş nazir postuna seçilməsi məsələsində razılaşıblar. Lakin Paşinyanın son bəyanatı bunun əksini göstərir. Ermənistan müxalifətinin razılaşdırdığı “xalqın namizədi”nin – Paşinyanın baş nazir postuna seçilməməsi isə ölkədə vəziyyəti daha da gərginləşdirə bilər. Ekspertlər qanlı qarşıdurmaların baş verməsini də istisna etmirlər.
Qeyd edək ki, Respublika partiyası 58 yerlə parlamentdə mandatların əksəriyyətinə malikdir. “Çarukyan” 31, “Yelk” 9, Daşnaksütyun isə 7 yerə sahibdir. Baş nazirin seçilməsi üçün isə namizədin 53 səsə ehtiyacı var.
Aprelin 13-də paytaxt İrəvan və Ermənistanın bir sıra şəhərlərində sabiq prezident Serj Sarkiyanın baş nazirliyinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Aprelin 23-də Sarkisyan baş nazir postundan istefa verib, Karen Karapetyan baş nazirin səlahiyyətlərinin müvəqqəti icra edir. Nikol Paşinyan Ermənistan Respublika partiyasının hakimiyyətdən gedişini tələb edir.
Ömər Dağlı