Kulis.az saytının hekayə müsabiqəsi keçirməsini yalnız və yalnız alqışlamaq olar. Müsabiqələrin, mükafatların ədəbiyyatın inkişafında, yazıçıların, şairlərin daha həvəslə yazıb-yaratmasında, yazıçıların, şairlərin tanınmasında oynadığı rolu yəqin ki, ağlı başında olan heç kəs inkar etməz.
Əlbəttə, müsabiqənin nəticələrindən narazı qalan, hekayəsini birinci, ikinci, üçüncü yerə layiq bilən müsabiqə iştirakçıları da olacaq. Bütün bunlar normaldır. Həddən ziyadə təbiidir. Harada yarış, müsabiqə varsa, orada narazılıq da olmalıdır…
Hər şeydən əvvəl bir qələm adamı kimi çox istərdim ki, kulis.az saytı əsla, qətiyyən dayanmasın, növbəti ildə də hekayə müsabiqəsi keçirsin. Digər qəzetlərin, saytların, jurnalların da müxtəlif müsabiqələr keçirməsi çox yaxşı hal olardı. Şübhəsiz, müsabiqələrin nəticəsində ədibi mühit, ədəbi proses xeyli canlanar. Məsələn, “525-ci qəzet” də rahatlıqla bir müsabiqə keçirə bilər. Başa düşməkdə çətinlik çəkirəm, Rəşad Məcid niyə roman, hekayə, yaxud esse müsabiqəsi keçirmir? Oturub-durub ədəbiyyatın problemlərindən, adamların az kitab oxumasından, yaxşı əsərlərin az yazılmasından danışır, amma bir müsabiqə keçirməyə özündə nədənsə təpər tapmır. Yaxşı, roman müsabiqəsin qoyaq bir kənara. Deyək ki, roman müsabiqəsi keçirməyə çox vəsait lazımdı və roman müsabiqəsi keçirməyə lazım olan vəsaiti tapmaq Rəşad müəllim üçün böyük problemdir. Axı hekayə, esse müsabiqəsi keçirmək mümkündür. Sadəcə, Rəşad müəllim ağsaqqal vaxtında “sevgi mesajları” yazmağa enerji xərcləməyi nə qədər çətin olsa da kənara tullamalı, enerjisini, vaxtını daha faydalı işlərə sərf etməlidir. Hekayə, esse müsabiqəsi keçirməyə “525-ci qəzet”in daxli imkanları yoxdursa, Rəşad müəllim vəsaiti Mədəniyyət Nazirliyindən, nə bilim hardansa, hansısa nazirlikdən, bankdan, şirkətdən alsın. Xülasə, sözümün canı ondan ibarətdir ki, çobanın könlü olsa, təkədən pendir tutar
***
Müsabiqədə iştirak edən iki yüz doqquz hekayənin hamısını oxumağa imkanım olmadı. Oxuduğum hekayələr arasında Yusif Yusifzadənin “Qasımın metamorfozu”, Orxan Cuvarlının “Güzgü” hekayəsi nisbətən digər hekayələrdən seçilirdi. Ədalət, obyektivlik naminə bəribaşdan deyim ki, ola bilsin müsabiqədə güclü hekayələr olub, sadəcə, rastıma çıxmayıb.
Fürsətdən istifadə edib “Güzgü” hekayəsi haqqında fikirlərimi yazmaq istərdim. Düşünürəm ki, müəllif güzgünü hamama deyil, münbit, əlverişli məkana, məsələn, bərbərxanaya, çəkməçi köşkünə, yaxud restorana da yerləşdirə bilərdi . Güzgünün yerləşdirildiyi məkanın vasitəsi ilə hekayədə zamanın gətirdiyi müxtəlif dəyişiklikləri, nələrinsə getdiyini, nələrinsə gəldiyini (adətlər, davranışlar, geyim tərzi, müsiqilər…) göstərmək, üstəlik mətnə vacib ictimai-siyasi məzmun da əlavə etmək olardı. Bunun üçün mətnə hər mənada ciddi hazırlaşmaq, geniş müşahidələr aparmaq, adamlarla uzun-uzadı söhbətlər eləmək, yazılacaq hadisələrin baş verdiyi dövrə aid kitabları, jurnalları, qəzetləri oxumaq lazım idi.
80–ci illərin sonlarında, 90–cı illərin əvvəllərində hər rayonda bir güzgülü restoran vardı. Sonralar yavaş – yavaş güzgülü restoranlar dəbdən düşməyə başladı. Lap sonralar bəzi rayonlarda hələ də fəaliyyət göstərən güzgülü restoranlara rast gəlirdim. Bir vaxtlar dəbdə olmuş güzgülü restoranlara girəndə qəribə hisslər keçirirdim. Burada nə söhbətlər olub, kimləri görməyib bu restoranlar, burada nə tostar deyilib, nə məclislər qurulub! Vay, vay, vay… Oğul lazımdır bütün bunların hamısın oturub bir-bir yaza. Umumiyyətlə, zamanın keçdiyini, həyatın faniliyini əyani şəkildə göstərən məkanlar, əşyalar çox maraqlıdır. Elə yerlərdən, əşyalardan daima enerji almaq lazımdır. Yalan olmasın, ayda iki dəfə bazara gedib köhnə əşyalara, vallara, radiolara, televizorlara, jurnallara baxıram. Köhnə əşyalardan mənim üçün vacib olan enerjini alıram. Düzdür, çox çətin olur, sözün həqiqi mənasında əzab çəkirəm, amma nə etməli, lazımdır, ədəbiyyat qurban tələb edir. Ötənlərdə köhnə əşyalar satılan bazarda gəzəndə “Krım- 218” televizoru gördüm. Darmadağın oldum. Dayandım televizorun qabağında. Nədənsə məhz həmin anda “Qaraqulaq ağ Bim” filmi yadıma düşdü. Niyə məhz “Qaraqulaq ağ Bim” filmi? Bilmirəm. Başqa bir filmi də xatırlaya bilərdim.
Bizim evdə də “Krım-218” televizoru vardı. “Raduqa” almamışdan əvvəl “Krım-218”ə baxırdıq. Dörd ayaqlı televizor idi. Qulağı da qırılmışdı. Kanalları çevirmək lazım gələndə kəlbətindən istifadə edirdik…
Orxan güzgünü hamama yerləşdirməklə işin asanına əl atıb. Yumşaq desək, ədəbi fərarilik edərək mövzunu korlayıb. Üstəlik, hekayədə geniş fon, dərin hisslər yox idi. Söhbət hekayə janrından gedirsə, mətndə ya geniş fon, ya da birbaşa damara işləyən dərin hisslər olmalıdır. Məsələn, Qolsuorsinin “Alma çiçəkləri” adi sevgi əhvalatıdır. Amma müəllif müxtəlif təsvirlərlə geniş fon verməklə adi sevgi əhvalatından gözəl, təsirli bir hekayə yaradıb. Yaxud, götürək Çexovun “Veroçka” hekayəsini. Hekayədə geniş fon yoxdur, amma birbaşa damara işləyən çox dərin hisslər var. Məhz birbaşa damara işləyən dərin hisslərin sayəsində balaca bir hekayəni oxuyub bitirdikdə, sənə elə gəlir ki, hekayə yox, qalın bir roman oxumusan. Bunlar mənim bir qələm adamı kimi subyektiv fikirlərimdir. Tənqidçilər başqa cür fikirləşə bilərlər və başqa cür fikirləşmək onların fundamental haqqıdır.
***
Müsabiqədə birinci yerə layiq görülmüş hekayə haqqında da bir neçə kəlmə yazmaq pis olmazdı. Şəxsən mən başdan-başa pafosdan, sünilikdən, surroqatizmdən ibarət olan, saxtalığın fontan vurduğu o cızmaqaraya heç bir xal da verməzdim. Amma münsiflər pafosdan, sünilikdən, surroqatizmdən ibarət olan, saxtalığın fontan vurduğu o cızmaqaranı birinci yerə layiq biliblərsə, bu, onların öz işidir. Qarışa bilmərik, razılaşmalıyıq. Bütün hallarda sağ olsunlar. Əziyyət çəkiblər. O qədər mətni oxuyub, qiymət vermək, asan deyil. Başqa tərəfdən baxanda, başdan-başa pafosdan, sünilikdən, surroqatizmdən ibarət olan, saxtalığın fontan vurduğu o cızmaqaranın birincə yerə layiq görülməsi, həm də münsiflərin bədii təfəkkürünün bariz göstəricisi sayılmalıdır.
/azlogos.eu/