Sayman ARUZUN Tənhalıq qəzəli

Nə olsun ki, Allahsan…

Yenə külək, yenə qəm, yenə bu kirli matəm,
Belənçi bir havada, lap yeri vardır ölsəm…

Mən o qədər yoxum ki, yaşamağım bilinmir,
Nə fərqi var dünyaya, ya bir artıq, ya bir kəm..

Elə darıxıram ki, Tanrı belə kövrəlir,
O gedər ağlayır ki, “quruyur” abi-zəmzəm..

Bisütunu qazmağa müvəffəq oldu, amma
Məndəki tənhalığa olmadı sevgi mərhəm.

Hər bir kəsin dünyada var bir kəsi, İlahi,
Bəs mənim bu dünyada niyə yoxumdu kimsəm?

Əyildim ki, dərdimi danışım öz kölgəmə,
Gördüm tanımır məni, ayağım altda kölgəm.

Yandırdığın şəmin də diqqət elə cinsinə,
Özüm alışdım- deyib, üzünə durmasına şəm!

İçimdəki üsyanım heç bir sözə sığışmır,
Nə də yazanmaz onu, başı kəsilmiş qələm.

İlahi, gəl bir dəfə qonağım ol evimde,
Nə olsun ki, Allahsan, mən də sənin bəndənəm.

Bir ömürdür səninçün, dağı-daşı gəzmişəm,
Sən də mənimçün yeri, bircə qarış, bir qədəm.

Ah, Koroğlu hardasan, qılıncını ver mənə,
İstəyirəm bu axşam, leşi leş üstə sərəm.

İçimdəki dalğalar boyun aşır dünyanın,
Nə olsun ki, sahilə hələ çırpınmır ləpəm.

Saymanın kim olduğu, son misrədən bəllidir,
Biraz vətən həsrəti, bir xeyli də qurbətəm..

Share: