“Saytın oxunsun deyə, xəstəni yataq otağında çəkmək olmaz…”

“İndi də şair Musa Yaqubu xəstə halında çəkib dəxli olmayan suallar verirlər ki, sənə filankəs baş çəkibmi?”
“Yəni bəsit bir hadisəni və bazar qanunlarını bu boyda ölkədə mətbuata gətirmək düşünürəm ki, bu islahatlara mane olmağa çalışan, sonlarının yaxınlaşdığını hiss edən bəzi mafioz qrupların oyunlarıdır”.
Bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri son zamanlar ölkə mətbuatını zəbt edən qanqaraldıcı xəbərlərdən danışarkən deyib:
“Bu gün ölkədə ciddi islahatlar gedir. İnsanların xoş gələcəyini aşılamaq istiqamətində təbliğat aparmaq, onların sınmış inamını bərpa etmək əvəzinə, son zamanlar mətbuatda lüt qızları və ya narkomanlığı təbliğ edən iyrənc məlumatlar tirajlanır. Bu hadisə artıq parlament səviyyəsinə çıxıb. Yəni bəsit bir hadisəni və bazar qanunlarını bu boyda ölkədə mətbuata gətirmək düşünürəm ki, bu islahatlara mane olmağa çalışan, sonlarının yaxınlaşdığını hiss edən bəzi mafioz qrupların oyunlarıdır. Ona görə də dövlətini və millətini sevən jurnalist bu cür məsələləri görüb, nəyi gündəmə gətirməli olduğunu bilməlidir”.
Z.Fəxri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun əleyhinə yazılan yazıların könül bulandırmağa və onun uğurlu fəaliyyətinə kölgə salmağa xidmət etdiyini bildirib:
“İndi də şair Musa Yaqubu xəstə halında çəkib dəxli olmayan suallar verirlər ki, sənə filankəs baş çəkibmi? M.Yaqubun 85 yaşı tamam olacaq, ağır xəstədir. Zaman vardı rəhmətlik Yusif Səmədoğlu xəstə halında uzaq gəzdi ki, onu bu görkəmdə görməsinlər. Dillər Universitetini rektoru Zemfira Verdiya xərçəng olanda evdən çıxmadı ki, insanlar onu bu halında görməsinlər. Belə şeyləri gündəmə gətirmək, dumduru suya bulandırmaq üçün könül qırmaq olmaz. Birincisi onu deyim ki, Cavid Qurbanov çox xeyirxah insandır. Bunu onun seçiciləri olan nəinki Kəlbəcər camaatı, bütün Azərbaycan xalqı bilir. O, böyük bir ocağın nümayəndəsidir. Heç olmasa Aşıq Şəmşirə, atası Aşıq Qurbana hörmət qoyun. M.Yaqub üçün Cavid müəllimin etdiyini balıq bilməsə də olar, Xaliq bilir. Axı ayıbdır. Niyə ölkədə belə şeyləri gündəmə gətirirlər? Təbii ki, bunlar ötəri şeylərdir. Ancaq şərəfli insanlar haqda bu qədər belə şeylər yazmaq olmaz axı. Nizamiyə, Füzuliyə, Cavidə, Cəlilə, Mirzə Ələkbərə daş atdılar. Bu cür yaşamaq olmaz.
Bir müddət öncə Fransada Strasburq şəhərində olduq. Orda “Azərbycan Ədəbiyyatı Antologiyası” təqdim etdik. Tədbirdə xeyli insan var idi, belə şeylərdən yazmaq lazımdır. Bizim kimliyimiz, pasportumuz ədəbiyyatımızdır. Peyğəmbər deyirdi ki, “İnsanların yaxşı xislətindən danışın, onun pis tərəfin atın”. Ona görə də qədimdən misal yaranıb ki, “Mərdi qova-qova namərd edirlər”. Yaxşı olan insanın bu qədər müsbət işlərin görmürlər, amma bir yanlışlıq olanda mediada gündəm edirlər. Ölkə mətbuatı yavaş-yavaş düzəlir, oxunan saytlar var. Dünyada inam yaratmaq lazımdır, dörd tərəfimiz düşməndi, qardaş. Bunların ortasında bu əmin-amanlıq var. Bu bəsit şeylərdən qurtulmaq lazımdır. Düşünürəm ki, ziyalılar və ağıllı adamlar haqqında qapı-qapı düşüb yazılar yazmaq lazımdır. İnsanı bu qədər təhqir etmək, ailəsini gündəmə gətirmək, xəstəni yataq otağında çəkib saytım oxunsun deyə təbliğ etmək olmaz. M.Yaqub yaşlı, xəstə adamdır və bundan istifadə edib kimə moizə oxumaq istəyirlər? Dövlətə atılan daş, bayrağa atılan daşdır. Dövlətlə dava olmaz, çatışmazlıqla dava olmalıdır. Bakı-Tbilisi-Qars yolunda işləyəcək qatarla ölkə başçısı da tanış oldu. C.Qurbanov qısa vaxtda bu qədər işlər görüb və bəs niyə bundan yazmırlar? Cavid Qurbanovun dostu və yaxını kimi onu yaxşı tanıyıram. O, bəy oğlu, bəydir. C.Qurbanov neçə ildir ki, gecə-gündüz bərbad halda olan Azərbaycan Dəmir Yollarının bərpasıyla məşğuldur. Qardaş, ana, övlad itirimiş adamam, bu milləti heç nəyə satmamış bir şairəm. Söz mənim üçün Allahdır, sözdən istifadə etmək Allahdan istifadə etməkdir, əğstəfurullah. Mütərəqqi, polemik yazılar vermək, gələcəyə baxmaq lazımdır. Dörd bir yanımız düşmən oduğu halda, hər fürsətdə bizi bir millət və dövlət olaraq boğmaq istəyənlərin acığına ölkəni quyudan necə çıxarmağımız haqda düşünməlitik. Dövlət başçısı bu istiqamətdə çox müdrik addımlar atır, amma kimlərsə görülən bu xoşməramlı işlərə daş atır. Rüşvətxor məmurlar müəyyən mənada kimlərisə mükafatlandırıb, saytlar vasitəsilə qarayaxırlar”.
Share: