Seçimlər – Təhminə Ocaqlı

Seçimlər – Təhminə Ocaqlı

 

Səhərin xoş ətri, günəşin şəfəqləri insanın içini isidirdi. Sanki günəşin şüaları bir-başa incə mil kimi ürəyimə yol tapıb keçmiş xatirələri oyadırdı. Düşüncələr arasında gəzinən işıq tozlu və həvəssiz olan xatirələrə can verib onu oyatmaq istəyirdi amma bəzən alınmırdı.

Qəlbim bunun düzgün olmadığı anlayıb qarşısını kəsir və həmişə ki həvəssizliklə eh deyib fikrim bir budaqdan digərinə qonurdu. Bir gün bunun niyə belə olduğunu sorğulamağa başladım, axı nəyə görə onları oyatmaq olmazdı? Bəlkə sadəcə kədər gətirdiyi üçün ? Yoxsa beynimin saf və duru suyunu bulandırdığı üçün? Nəyə görə onlara toxunmaq mənə pis hiss etdirirdi? Əslində o xatirələr oyansa və sadəcə fikir kimi hisləri qatmadan düşünsəm və sadəcə düşünsəm bəlkə həll yolunuda onların içində tapardım ? Bəlkə elə düşünməyin özüdə məni yorurdu ?
Canlı və diri qalmaq üçün düşüncələrin dibinə enmədəndə və onlara hiss qatmadanda yaşamağın mümkünlüyünə inanıram amma bunu tətbiq edəcək gücü özümdə tapmıram. Bəlkə də bu xatirələrim bir silahdır içimdə yatmış birinə tuşlanıb lüləyi, atəş açıb ya səslə onu oyadacaq və ya öldürəcək.
Otağım aydın və işiqlıdır, şüalar divanın üzərində rəqs edir. Pəncərədən baxanda yarpaqların pıçıltısını duyuram və sanki onlarda məndən danışır və maraqla sual edirlər :
Səncə oyanacaq ?
Dərin bir yuxudan qalxmış kimi fikirlərin ağırlığı beynimdə yer eləmişdi, o qədər düşüncədən sonra indiki anla vidalaşıb keçmiş və gələcəyə səfərlər edən düşüncələrim ayaqlarımı, əllərimi hətta bədənimin hər əzasını uyuşdurub öz təsirinə salmışdı. Qalxıb hərəkət etdikcə artıq don vurmuş bədənimi hiss edir, yavaş-yavaş özümə qayıdırdım. Bu halları sevmirəm deyə içimdə yenə söylənməyə başladım.
Həqiqətəndə yuxudan oyanmamaq ən yaxşısıdır, fikirlərin insana etdiyi əziyyəti heç bir əziyyət əvəz edə bilmir
deyə düşündüm.
Artıq bütün günün yorğunluğu üzərimdə idi, səhərin gözü yenicə açılsada artıq qəlbimə gecənin qaranlığı çökmüşdü. Pəncərəyə yaxınlaşıb səssiz addımlarda gəzinən, işə tələsən hətta yolları süpürən insanları gördüm. Qurtulmağın ən rahat yolu qaçmaqdır deyə düşünmüşəm həmişə amma heç bir qaçış əlac deyil. O qədər dərinlərə dalmışdım ki artıq gördüyüm hər bir insanın hekayəsini dinləmək hətta üzlərinə baxıb keçmişlərini analiz etmək gəlirdi içimdən.
Bir anlıq dərin yuxudan ayıldım və hazırlanmağa başladım. Sadə və səliqəli geyinib çölə çıxdım. Hava sərin idi və isti geyindiyim üçün özümü xoşbəxt hiss edirdim. Sərin mehin ətrini duyub həyata aşiq olurdum, yenidən və yenidən. Yaşamağı sevirdim və iliklərimə qədər yaşamaq, o həyəcanı dadmaq istəyirdim. Bir anlıq kölgəmin fərqinə vardım. Mənimlə eyni addımlayırdı. Bəs görəsən o mənə yol göstərsə idi necə olardı ? Fərqində olmadan birdə baxdım ki, kölgəm mən gedən yoldan sağa döndü, məni tək buraxıb başqa istiqamətə gətdi. Bir anlıq dayandım, anlamadım və yuxulu olduğumu düşündüm. Amma xeyir, kölgəm məndən ayrı addımlayırdı. Məhlənin sağ tininə buruldu və sürətli addımlarla hərəkət etməyə başladı. Onu itirməyim deyə bütün gücümü toplayıb onun arxasınca qaçdım və ona çatdım. Ona yetişdiyimi görüb addımlarını yavaşlatdı.
Bəlkə də mümkünsüz idi, lakin dərin həyəcan keçirsəmdə özümü kölgəmin ardınca qaçmağa məcbur hiss edirdim. Öz-özümə düşündüm ;
Bəlkə o da məndən bezib məni tək buraxır. Artıq öz kölgəm belə məndən ayrı düşdü, indi isə mən onun ardınca qaçıram. Görəsən onunla söhbət edib niyə belə etdiyinin səbəbini soruşa bilərəm ?
deyə düşündüm.
Salam kölgəm, məni eşidirsən ?
cavab yoxdur. O sadəcə irəliləyir və fərqli yollarla məni harasa aparırıdı. Bu bir yuxu idi bəlkə ? Yolun ortasındsa dayandım. Göz qapaqlarımı möhkəm bir-birinə sıxıb yumdum. Ayılmaq istəyirdim. Gözlərimi açdıqda yenədə məndən qabaq irəliləyən kölgəmi gördüm. Yuxuda olmadığımı qəbullanıb biraz rahatladım və yeyin addımlarla kölgəmin ardınca düşdüm. Qabaqdakı mağazanın qarşısında dayandı kölgəm. Orada balaca balaları olan bir itin gəzindiyini gördüm, yaxınlaşıb mağazadan yem aldım və itin qabağına tökdüm, Ayağa qalxdıqda yenə kölgəmi itirdim və məndən sürətlə aralandığını gördüm. Onun ardına düşüb hərəkət elədikcə artıq əsəbləşirdim. Dayanmadan gəzməyin nə mənası var idi axı ? Mənə nə dəmək istədiyini anlamırdım. Deyəsən artıq dayanmalıyam lakin içimdəki maraq onu izləməyimə əngəl olmurdu.
Sən məni hara aparırsan ?
deyə bir daha soruşdum lakin cavab gəlmədi. Qarşıda yenə dayandı. Ətrafıma baxdıqda yol kənarında aptek tikintisi üçün alınan ərazidə qalın bir ağacın kəsildiyini gördüm. Ağaca yaxınlaşdım və ona toxundum. O an qəribə hislər keçirsəmdə ağacı qucaqlamaq gəldi içimdən, onunda sevgiyə ehtiyacı vardı bəlkədə? Bu yoldan dəfələrlə keçmişəm amma bu ağacı ilk dəfə kəsildiyi gün gördüm. Heyfsləndim, əvvəllər fərqində olsa idim bəlkə məndə onun altında dayanıb sərinləyər və ya ətrafında kı zibilləri təmizləyərdim. Hər şey fərqində olmaq imiş sən demə.
Kölgəmin yenə hərəkətdə olduğunu görüb artıq usanmadan və yorulmadan onun ardınca getməyin mənə bir növ zövq verdiyinin fərqinə vardım. İkimizində hərəkət etdiyi küçələr hər zaman mənim gedib gəldiyim yollar idi lakin bugün hər zamankindən fərqli idi. Sanki illərdi gəzdiyim bu yolları ilk dəfə görürmüş kimi hərəkət edirdim. Yada doğulandan üzərimdə daşıdığım gözlərimi kiminsə gözləri ilə əvəz edib mənə buraları ilk dəfə görən gözlər bəxş etmişdilər.
Böyük bir binanın qarşısında yenidən dayandıq. Yolun sağında su damacanalarının aşıb yolu gölməcə etdiyini və o gölməçədən sərçələrin su içdiyini gördüm. Bu illər ərzində nə zaman bir sərçə görmüşdüm ? Görəsən mən heç onlara nə zamansa fikir vermişdim mi ? Kiçik və ürkək canları ilə suya yaxınlaşıb onu içirdilər və onlar həmişə bu ağaclarda bu ərazidə idilər. Xatırlayıram, bəzən oyananda onların səsi gəlirdi. Bunu bir xəyal kimi xatırlayıram. Lakin onları görüb duymamışdım.
Kölgəmin məni ardınca aparması da bunun üçün idi. Bu səhərki düşüncələrimdə sanki məni nəhayət oyatmaq üçün çuşa gəlmişdi. Artıq kölgəmin hərəkət etmədiyini və düz mənim yanımda dayandığını gördüm. Mənim hərəkətlərimlə hərəkət edirdi yalnız. Artıq o məni yox mən onu idarə edirdim. Eyniylə düşüncələrim kimi. Dərinliklərə dalıb boğulmağı yox, bəzən dayazda gəzib lakin zövq almağı seçdim.İndi ətrafımda olan hər şeyin fərqində olmağı və ondan ləzzət almağı seçdim. Ətrafımdakı hər şey və hər fərqində olmadığım hər şey üçün şükür duymağı seçdi. Bütünlüklə yaşamağı və özümü tapmağı da seçəcəm. Bunun üçün yolum uzundur.
Çox sağ ol, kölgəm.

 

Təhminə Ocaqlı

Share: