Cabir Həsənovun “Bax dalınca gedən ömrün” şeirlər kitabı haqqında
Şeir duyğuların və ağılın tarazlığını əhatə edir. Duyğular həyəcanın, həyəcan emosionallığın yüksək səviyyəsinə çatanda şairin həyata dair təəssüratlarını gücləndirir və beləcə poetik zaman yaranır.
Bügünkü narahat dünyamızda – yerlə göyün arasında yaşananlar neqativ enerjiyə dönür, təşvişə çevrilib duyğulu insanların, xüsusilə şairlərin canından keçir, onların qəlbini, ruhunu yaralayır. Belə hallarda şair qələmi qılınc, sözü qalxan edib insanlığı müdafiə uğruna üsyana qalxır. Və poeziya yaranır.
Poeziya insanda çox qəribə, qeyri-adi əhval yaradır, oxucunu öz sirli-sehrli aləminə çəkir. Mən Cabir Həsənovun şeirlərini oxuyanda eynən o şeirlərin yazıldığı zamana düşürəm, şeirlərin havasını tənəffüs edirəm. Şair “Mənimlə qalmadı mənim olanlar” şeirində yazır:
Hər bayram görürdüm yaşarır gözü.. –
Anam istiotu xörəyə vurur…
Guya sönəcəkmiş təndirin közü,
Qaçır yumurtanı çörəyə vurur.
…Keçdi, xatirəyə döndü xoş anlar,
Mənimlə qalmadı mənim olanlar.
Onda zərbələri topa vuranlar,
Böyüyüb zərbəni kürəyə vurur.
Bu şeirin birinci bəndini şairin analı günlərinin həsrətini çəkməsinin ifadəsi də adlandırmaq olar, yaxud o vaxt gördüklərinin, duyduqlarının indiki poetik xatirəsi də, fərq etməz, bu onun qəlb çırpıntılarıdır. İkinci bənddə isə şair özü də bilmədən həmin ağır saydığı günlərin əslində nə qədər böyük xoşbəxtlik olduğunu etiraf edir. Anası göz yaşı töksə də yaxınında idi, indi isə “Mənimlə qalmadı mənim olanlar”ın ağrısını yaşayır. Köçüb gedən uşaqlığın ardınca həsrətlə baxır, ona uşaq vaxtı top oynadığı yaşıdlarının indi arxadan vurduğu zərbənin qarşısını alacaq o gücün artıq olmadığını estetik bir ruhla oxucuya bəlli edir. Yəni böyüyüb həyata atıldıqca kürəkdən vurulan zalım düşmən “zərbələri” uşaq vaxtı dostun atdığı top zərbəsi ilə eyni deyil, – şeirdəki bu məlum təbiilik insan mənəviyyatındakı sadə olduğu qədər də mürəkkəb psixoloji məqamları açır.
Həyatda hər şey belədir – var olan ağrılıdır, yox olan dəhşətlidir.
Cabir Həsənovun yaradıcılığında keçmişə bağlılıq çoxdur, bu onun həm də bir insan kimi etibarının, vəfasının ifadəsidir. Yenə bir şeirində uşaqlığının, valideyn himayəsində o doğma, xoşbəxt günlərinin həsrətini çəkir.
Kaş yenə qazanı anam asaydı,
Yenə də ağzımda o tam olaydı.
Biz yenə beş uşaq eyni süfrədə,
Süfrənin başında atam olaydı.
Mənə elə gəlir ki, insan ömrünü fəsillərlə ifadə etsək, yaşının fərqli zamanlarında fikirləri də fərqlənəcək. Gənclik yaşlarında ata ocağını yaz-bahar sanırsa, ömrün yarısını keçəndən sonra dönüb baxacaq ki, ata evi payıza oxşayır. Zaman o yaz təravətli evdən çox şeylər alıb aparıb. Həmin o mənzərə bu şeirlərdə açıqca görünür.
Cabir Həsənov şairliyin məsuliyyətini bütün ağırlığı ilə dərk edənlərdəndir. Hiss olunur ki, şeir yazanda tələsmir, düşüncələrini duyğu halına gələnə qədər yoğurur. Onun şeirlərində xam, bişməmiş, artıq dediyimiz məna yükü olmayan bir misra belə tapmaq mümkün deyildir.
Şairin sevgi şeirləri onu həm də bir şəxsiyyət kimi təqdim edir. Oxucu o insanı tanıyır, bilir ki, sevgisində asla xəyanət yoxdur, əksinə fədakardır.
Sevgi nədir, sevən gözün yaşıdır,
Sevgi yuva – qayğı təməl daşıdır.
Kövrək ürək məhəbbətə naşıdır,
Sən vuranda ox, yaraşır bu sevgi.
Bəzən heç gözlənilmədən oxucuda şeirə qarşı maraq, oradakı mənaya qarşı diqqət yaradır:
Kim bilir, darıxmaq necə kəlmədi,
Kim bilir unutmaq neçə bölmədi?
Bəlkə də bu axşam kimsə ölmədi,
Mənim ümidlərim ölür bu axşam.
Şairdə açıq-aşkar duyulan qeyri-adilik əslində budur. Bəlkə də şair burada səadət, xoşbəxtlik axtarışında deyil, sadəcə poetik duyğularının qabardığı vaxtdır və o, bu duyğuları üzərindən atmaq üçün yazır. Yazdığını oxucuya ötürür, onlarda da eyni dərin, lirik ovqat yaradır. Belə hallar şairi oxucuya çəkir, çünki oxucu ruhunu titrədən, ürəyinə yayılan misralardan zövq alır, onun müəllifinə qarşı etinasız qala bilmir. O müəllifi, duyğularının tərcümanını daima arayır, axtarır.
Təbii ki, şeirin sevilməsində ritmlər və mənalar da böyük rol oynayır.
Cabir Həsənovun şeirlərində bədii təsvir vasitələri metafora ilə iç-içədir. Fikirlər misraların mənasına və sözlərin ahənginə uyğun mexanizmdə birləşir.
“Hər şey üçün təşəkkür” şeirinə nəzər salaq:
Bu son gecə, ağla, dol,
Yol üstəsən, yaxşı yol.
Hər şey üçün çox sağ ol,
Bir şey üçün bağışla…
Bu gecə gözümdə Kür,
Ağladım hönkür-hönkür.
…hər şey üçün təşəkkür,
Bir şey üçün bağışla…
Dondur üzdə sevinci,
Şərti sən kəs birinci.
Hər şey üçün küs, inci,
Bir şey üçün bağışla.
Şeirdə şairin gözlərində güzgülənən Kürün boz qumsallığı dəlicəsinə yuyan axınti səsi onun özünün hönkür-hönkür ağlama səsi ilə həmahəngdir, burada iki səs arasındakı yanmış körpülər şairin o ankı poetik duyğularının ifadəsidir. Bu ifadə səsi, rəngi, dadı ilə uzun müddət oxucunun yaddaşında qalır, onu öz təsirində saxlayır, estetik kredosuna çevrilir.
Şeirlər kodla danışan sözlər toplusudur. Zamanına görə o kodlar dəyişir, yenilənir. Amma bütün zamanlarda bir xətt var ki, bu adət-ənənələrdən gəlir. O xəttin keçdiyi şeirlər əslində oxucu qəlbinin tellərini daha çox tərpədir, onunla danışır, keçmişindən bağlı olduğu dəyərlərdən söhbət açır.
Həyatdan min dənə arzu dilərsən,
Verməsə, ha yalvar, birini verməz.
Gələn gün nə qədər xoş olsa belə,
Keçən günlərinin yerini verməz.
Və ya:
Başımı dik tutub dağa baxıram,
Dağ kimi dərdi var dağın içində.
Sancılıb köksünə al-yaşıl meşə,
Çırpınır hər kökün, tağın içində.
Ən əziz adamlar yox olur bir-bir,
Dostlardan təsəlli, Allahdan səbir.
Bu fani dünyaya güvənmə Cabir,
Büküb göndərəcək ağın içində…
Azərbaycan poeziyasının əbədi ənənələrinindən gələn bu mövzular eyni zamanda dilimizin gözəlliyini, zərifliyini sərgiləyir. Bu ana xətt klassiklərdən keçərək, müasir şairlərin də qələminə dolanıb, insanları həyat haqqında olduğu qədər ölüm haqqında da düşünməyə çağırır. Onları gözlə görünməyən həqiqətləri görməyə, bəsirət gözlərini açmağa ruhlandırır. Bu ənənəvi yolla Azərbaycan ədəbi tarixində danışmaqla susmağı öyrədən şairlər çox olub, Cabir Həsənov da onların izi ilə getməyi bacardı. Yaradıcılığının ən bəhərli vaxtında ona uğurlar diləyir, təqdim etdiyi ikinci “Bax dalınca gedən ömrün” şeirlər kitabına bol oxucu auditoriyası arzulayıram.
Adilə Nəzər
Filologiya üzrə fəlsəfə doktoru, şair
Müstəqil.Az