Şeirləri özünə oxşayan adam: Faiq Balabəyli

Şeirləri özünə oxşayan adam: Faiq Balabəyli

Faiqin şeirləri yaxşı yol yoldaşıdır. Adamı darıxmağa qoymur. Lap darıxsan belə bir şeirini pıçıldayan kimi darıxmağın “əriyir…”

Faiq Balabəyli hamının dostudur. Hamı onun xətrini çox istəyir. Hətta bildiyimə görə xanım yazarlar da onunla dost olmaqdan xüsusi zövq alırlar. Bəlkə bunda da bir mistika var?

Faiq yaşıdlarından sanki bir az tez böyüdü. Sözünün şəhdi- şirəsi qatılaşdı, saçları isə seyrəldi.
Bir də onda xəbər tutduq ki, bu oğlanın 60 yaşı var…

Faiq dənizi çox sevir. Onur romantik düşüncələri hər gün sanki dənizdən bir qab su götürüb öz üzünə çırpır…
Məncə, Faiq gəmi kapitanı deyil, elə dəniz kapitanıdır…
Şeir zamanı olmadığı bir vaxtda zəmanənin şeirini yaratmaq fədakarlıqdır. Bu mənada Faiq də çox fədakardır.

Faiqin həm şəxsində, həm yaradıcılığında fatalist bir çalar var. O, tale yazısına inanır, nikbin əhvaldadır, bilir ki, bir dahi demişkən,” Sonunda hər şey gözəl olacaq, gözəl deyilsə, deməli, hələ son deyil”

B.Qrasianın məşhur ” Kamillik elmi” əsərində ” ürəyinə inan” ifadəsi var. Faiq Balabəyli ürəyinə inanan şairlərdəndi və fikrimcə, ürəyi ona heç vaxt xəyanət etməyib.

Deyirlər, poeziya heyrətdən yaranır- ilahi heyrətdən.” Heyrət, ey büt, surətin gördükdə lal eylər məni…” deyirdi böyük Füzuli Bağdadi. Heyrət, dərk olunmaz vurğunluq poeziyanın iliyi, mayası,cövhəri kimi tanınıb.
Heyrətli günlərin çox olsun, Faiq!

…Dəymə qəlbindəki mürgülü eşqə
Elə xumarlanır, yuxusu gəlir…
Sənə bu sevgi xumarlığında upuzun bir ömür arzu edirəm, əziz dost!

Əlizadə Nuri

Share: