Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin 2 şeirini təqdim edir
Henrik Norbrandt
Tanınmış Danimarka şairi və yazıçı. 21 mart 1945-ci ildə anadan olub. Kopenhagen Universitetində ərəb, türk, çin dillərini öyrənib. Uzun müddət Türkiyə, Yunanıstan, İtaliyanı səyahət edib ki, bu da onun yaradıcılığında dərin iz buraxıb. T.S. Eliot, U.Stivens, Q. Ekerlöf kimi böyük şairlərdən təsirlənib.
“Şeirlər” (1966) “Miniatürçü” ( 1967), “Yaxşı ev” (1977), “Noyabr ayında titrəyən əl” (1986), “Finkelşteynin qanlı bazarı” (1983), “Nissen köçür” (1988) və başqa şeir, esse, roman kitablarının müəllifidir.
Danimarka Akademiyasının Böyük Ödülünə (1980), İsveç Akademiyasının Şimal Mükfatına (1990), Şimal Şurasının Ədəbiyyat Mükafatına (2000) layiq görülüb.
2023-cü ildə yanvarın 31- də vəfat edib.
Məsafələr
Məsafələr artır
və yarpaqlar get-gedə bir-birindən aralanır.
Get-gedə bir-birindən uzaq düşür adamlar
və get-gedə bir-birindən uzaq düşür sözlər.
Və bir-birindən uzaq düşür, soyuyur hislər.
Ölü yarpaqlar, ölmüş insanlar
və unudulmuş, çeynənmiş sözlər və hislər
sakit, gözəgirmədən
hələ də diri olanların arasında sayı artırır
***
Sevişəndən sonra yan-yana uzanmışıq
qara sulardakı cizgilərindən hədsiz zövq alan
iki yanaşı, amma məsafəli yelkənli gəmi kimi;
gövdələri mavilikdəki yarışdan az qala çat verəcək;
Ay işığı, çiçək ətri verən gecə küləyi
yelkənləri doldurur;
onlar bir-birini ötüb keçməyə tələsmir onsuz da,
aralarındakı məsafə nə artır, nə azalır.
Amma başqa – yolumuzdan sürüşüb çıxdığımız
gecələr də var ki, güclü işıqlanmış iki əsrarəngiz layner kimi,
mühərriklər sönülü, qəribə göz qübbəsi altında,
bir sərnişin belə olmadan yanaşı uzanırıq.
Hər bir göyərtədə skripka orkestri
işıltılı dalğaların şəninə ifa eləyirlər.
Dənizsə qədim, yorğun,
bir-birinə çatmaq üçün yarışda batan gəmilərlə doludur.