“Şeirli günlər” layihəsi -XII

“Şeirli günlər” layihəsi -XII

Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində “Şerili günlər” layihəsi çərçivəsində sonuncu- on ikinci Danimarka şairinin 3 şeirini təqdim edir

 

Marianna Larsen/  İnger Marianne Larsen



Tanınmış Danimarka şairi, yazıçı, roman ustası. 27 yanvar 1951-ci ildə Kalunnborqda anadan olub.  18 yaşındaykən ilk şeirləri “Hvedekorn” jurnalında çap olunub. “Konsentrasiyalar” adlı ilk şeirlər kitabı 1971-ci ildə nəşr olunub.
1970-1975-ci ildə Kopenhagendə təhsil alıb, Çin ədəbiyyatı və dilini öyrənib. 1975-ci ildən özünü bütünlüklə ədəbiyyata həsr edib.
“Ümumi dil” (1975), “Sadə danışmaq lazımdır” (1976), “Siyahıya almalı” (1978), “Özgələrin gücü” (1980), “Başımda bir ümid var” (1981), “Düz” (1984), “Tap məni kim sevir” (1989), “Yadın xoşbəxtliyi” (1990), “Gerçəkliyin qalereyası” (1992) şeir, nəsr kitablarının müəllifidir.
Yaradıcılığının erkən dövründə ekperimentlərə meyilli olub. Daha çox avtobioqrafik məziyyət daşıyan, 1989-1992-ci illərdə qələmə aldığı ilk üç romanı bu “əyalət qızcığazının” böyüdüyünü, onu yazıçı kimi təsdiqləyib.
ABŞ-da, Böyük Britaniya və Avstaliyada kitabları nəşr olunub və maraqla qarşılanıb.
“Statens Kunstfonds”un fəxri mükafatına (1989),  Danimarka Akademyiasının Böyük Ödülünnə (2022) layiq görülüb.

 

Quş və xəbərlər

Bir quş qonmuşdu
yaşlı şam ağacına

bir alacəhrə

az sonra orda deyildi artıq

— İqtisadi xəbərlər
— Narkotik cinayətlər
— Ticari cinayətlər
— İdari cinayətlər
— Hərbi cinayətlər
— Parnoqrafik cinayətlər

uddu quşu
deyə düşündüm
radioda xəbərləri dinlərkən

Bir alacəhrə vardı ağacda
az sonra yoxdu artıq

***

Yetkinlər oyandırdı məni
Avqustun sonlarında bir günorta yuxusundan

Tutub qaldırdılar yataqdan
Sonra yerə atdılar.
Ayaqüstə dura biləcəmmi-görmək istəyirdilər.

Unutmuşdular mümkünsüzlüyünü belə bir şeyin
insanın dörd qanad üstündə iməkləyib
quşlar kimi uçduğu
yoncalarla bəzənmiş bir dünyada.

 

***

Kölgə peyda olanda
özümü yorub bitirdim
kəsdiyim kölgə-budaqlarla
bir kölgə-tonqal qaladım
kölgə-zaman isitdim
gövdəmlə kölgəsinin yanında

 

Share: