Şeirli günlər – Yeni Layihə

Şeirli günlər – Yeni Layihə

III

Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin dörd şeirini təqdim edir

 

Nils Hav / Niels Hav

Grkəmli Danimarka şairi və nasirdir. 1949-cu ildə Qərbi Danimarkada, fermer ailəsində doğlub.
“Mən kor olanda”,  “Biz burdayıq”, “Kopenhagen qadınları”  və başqa şeir kitablarının müəllifidir. Bütövlükdə 10 şeir və hekayələr kitabı nəşr edilib. Danimarka İncəsənət Şurasının mükafatına layiq görülüb. Əsərləri ingilis, türk, ərəb, fars, serb, alban, kürd və portuqal dillərinə çevrilib.
“The Literary Review”, “Ecotone”, “Exile”, “The Los Angeles Review”, “Absinthe: New European Writing” və b. jurnallarda şeirləri və barəsində rəylər dərc edilib.
Türk şairi Ataol Bəhramoğlu onun haqqında belə yazır: “Zəkasıyla, həssasiyəti ilə, incə ironiyası və original düşüncəsi, ictimai vicdanıyla  o gözünün baxdığı hər yerdə və hər şeydə şeir qoxusu alır, şeir mövzusu tapir…”
Nils Hav Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində, o cümlədən Türkiyədə səyahətdə olub.
Hal-hazırda Kopenhagendə yaşayır.
2022-ci ildə Bakıda gerçəkləşdirilən onlayn “Şuşaya salam” beynəlxalq poeziya marafonunun işitrakçısı olub. https://www.youtube.com/watch?v=iyT4Oue7Al4

 

Bütün çətirlərim İstanbuldan

 

Bütün çətirlərimi İstanbuldan aldım,
Bursadan aldığım yeganə çətirdən başqa.

Nə vaxt yolum düşürsə İstanbula,
Havanın günəşli olacağını düşünürəm.
İstanbulun şəkli belədir mənimçün,
daim günəşdə çimir İstanbul.

Amma hər dəfə şıdırğı yağış altında
təzə bir çətir alanda ayılıram sanki.

Bursadan aldığım o tək çətiri də
Budur, İstanbulda unutdum.

Bu məsələdə sirli nəsə var;
Yaman sevirəm bu çətirləri.

İnsan qafası

İnsan qafası çoxotaqlıdır,
dəhliz və iclas salonuyla;
sirli bir oteldir, həm də çoxqatlı.
Su keçməz dostluq var
ayıq inzibatçılarının arasında.
Gecələri bir neandertal
keçir iş başına.

Hər cür görüş qəbul olunub bu oteldə.
Bəzi otaqlarda mühüm müqavilələr müzakirə mövzusu,
sərt islahatlar planlaşdırılır. Əgər inzibatçı
şəxsi bir sualla qapı döyərsə,
rişxənd dolu şaqraq qəh-qəhəylə qovular.
O biri otaqlarda filosoflar, söz oynabazları,
şamanlar və odlu-alovlu möminlər qalır.
Zirzəmisi isə sürünənləri ev heyvanları sayıb bəsləyən
heçliyin böyük təbilçisinin
aranı qatıb-qatışdırdığı bir yerdir.
Hər yanda dürlü-dürlü məclislər var bir sözlə.

Epiloq

Sözlərlə keçirə bilərsən
bütün həyatını,
doğru olan nədirsə
tapa bilməzsən yenə də.

Puşkin” kafesi

Aleksandr Puşkinin nəzmlə yazdığı

rus romanlarında

yaşayırıq sanki.

Yol nişanlarını dəyişirik,

Amma ehtiyacımız var.

Şaxtada

çarpayıya paltarlı uzanırıq,

yatırıq.

Yenə Moskva,

yenə də Moskva.

Çətinliklə addımlayırıq.

Hər şey yalandır.

Elə gerçəklikdəki kimi.

Mürgü döyən əsgərlərin

silahını oğurlamağı arzulayırıq,

amma əsgərlər yatmır,

həmişə yanındadırlar

bütün gecəni.

“Puşkin” kafesində

sən gecə uzunu rəqs edirsən

mən qarderobda rus siqareti çəkərkən.

Başqa nə edim?

Adın indi Natalyadır,

dəlilər kimi danışırsan.

Əslində Puşkin də

Natalyanın sevgilisi tərəfindən

öldürülmüşdür.

 

 

 

Share: