Şeirli günlər – YENİ LAYİHƏ

Şeirli günlər – YENİ LAYİHƏ

Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin dörd şeiri.

 

Peter Poulsen/Peter Poulsen

 

Dünən dünyasını dəyişmiş görkəmli Danimarka şairi, ssenarist, dramaturq, tərcüməçi Peter Poulsen 1940-cı ildə anadan olmuşdu. Otto Gelsted mükafatına (1996), Danimarka Tərcüməçilər Birliyinin “Şərəf Ödülü”nə (2000) və başqa nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülmüşdü. “Cırcıramalar oxuyur” (1996),  “Titrlər” (2010), “Sükutu gizlincə dinləyərkən” (2015) v.s. şeir topluları dərc olunmuşdu.

2015-ci ildə “Lindhart və Ringhof” nəşriyyatı Peter Poulsenin sayca 25-ci şeir kitabını çap edəndə şair 75 illik yubileyini qeyd edirdi. Daha əvvəl Poulsenin, Kopenhagen kitabxanasına baş çəkən  redaktoru Lene Vissinq  şairin aktiv fonddakı kitablarının axtarışına çıxmışdı və şairin  21 kitabını tapa bilmişdi. Maraqlıdır ki, kütləvi rəqəmsallaşma dövründə kitabxanalar öz fondlarını  heç də həmişə müəlliflərə aid bütün çap məhsulları əsasında deyil,  məhz  istifadəçilərin  maraqlarına müvafiq komplektləşdirirlər.  Demək, Poulseni oxuyurlarmış

Təmkinli ironiya, tənqidçilərin fikrincə, büsbütün qeyri-ənənəvi modernist qanada aid edilən Poulsenin yaradıcılığının və şəxsiyyətinin başlıca keyfiyyətidi. Poulsen sağlığında modernist sayılmağına etiraz etmirsə də, “qeyri-ənənəvi” sözüylə razılaşmırdı.

 

 

Əsəb dispanserinə müraciətin qaralaması

 

Bura dəlixana, hətta quşxana deyən də var.

Hər necəsə, mən ora yerləşdirilmək istərdim.

Xüsusi qapalı şöbəyə.

 

Deməliyəm ki, əsla xəstə-filan deyiləm,

ətrafımdakı adamların ən sağlamıyam,

odur ki, ən azı, ayrıca palata ayrılmalıdır mənə.

Çünki bilirəm: Nyuton kökündən səhv edib,

adi şeyi bilməyib ki, alma sadəcə yorulubdur.

Sonra… bu dünyada yeganə daniyalıyam ki,

həmvətənlərim məni

gecə stəkanda, suda saxladıqları qoyma dişləriylə

diri-diri yeyə bilərlər –

bu isə məni təcrid eləmək üçün çox ciddi səbəbdir.

 

Poeziyanın qələbəsi

 

“Bu gen dünyada qardan susqun heç nə yoxdur”.

Bəs, döşəmə üçün şəffaf boya necə olsun?

Ya yun? Yaxşı, bəs dırnaqlar,

pişiyin bığları, daraqlar?

 

Bəs navalçada illərlə ilişib qalan,

qaranquşlara sevgi duyan dinməz top,

köşkün yanındakı skamya –

bəs onlar

hər şeyi saran sükuta qərq olmayıblarmı?

 

Siyahını uzada bilərdim,

deyək ki, salfet, markalar,

dodaqlara həsrət dodaq karandaşı

və başqa nələrisə söyləyə bilərdim.

Amma haqlıdır şair,

bu dünyada qardan sakit heç nə yoxdur.

 

Ağı

Payızın oğlan çağında

şeirlərimdən qafiyələr düşür,

çılpaq qalırlar,

üşüyürlər.

 

Bilirəm ki, səs onları

elə bu şəkildə də yuyundurur, dilləndirir.

 

Amma bizim bu ağır zamanda

kimdir çılpaq və qafiyəsiz şeirləri

dinləmək istəyən?

Axı ortada daha ciddi məsələlər var:

yalnız Sibir pələngi deyil,

kərgədan və kotletlər belə

silinə bilər yer üzündən.

 

Başqa sözlər

 

Sözlər geri qayıdırlar, özümə.

Bilmək istəyirlər mən nə demək istəyirdim,

onlara nəyi yükləmişdim.

 

Bacardığım kimi izah edirəm,

razılaşmırlar.

 

Başqa sözlərlə izah etməyə çalışıram.

Mənasızdır.

Gözlərini döyürlər inamsızlıqla.

Onları doladığımı düşünürlər.

 

Tərcümə Səlim Babullaoğlunundur

 

Share: