Sel suları avtomobil körpüsünün bir hissəsini uçurdu…

Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.

 

Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli uçqunun başvermə səbəblərini açıqlayıb.

 

O bildirib ki, uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib:

 

“Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir”.

A.Nəcəflinin sözlərinə görə, dərhal əraziyə qurumun əməkdaşları cəlb edilib:

 

“Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq”.

Share: