Sənin bizlərdən əbədi ayrıldığın bu təqvim ilinin son ayında, elə bil, ilin özü ilə birgə, hər şeyin, hər kəsin də şələ-şüləsini yığışdırıb harasa gedəcəyi son ayda yazıram sənə. – Sanki bir an sonra səssizliyin qulaqları batıracağı “dönəm”də -ilin kövrək ayında – Anadolulu qardaşlarımızın “Aralıq” dediyi bu soyuq ayda sənə isti ürəklə yazıram.
Artıq sən olmayan dünyada, sənin olmadığını bir acı gerçəklik kimi içimizə sindirdikdən sonra yazmaq gerçəkçilikdir hər halda… Yazı – həm gerçəklik həm metafizik hala sahib olsa gərək; yazı – mistik olanları “tutan”dır, elə deyilmi?..
Nə qəribədir, elə bil, hər an telefon zəngin gələcək, o doğma səsin, gülüş kimi gülüşün yenidən könüldə işıq yandıracaq… Amma yox, yox, illa da yox!.. – Telefon susur, susmayınca da, başqalarından gəlir zənglər… Qalxıb, mən özüm zəng vururam – sənin yerinə övladın cavab verir, “Salam, Əkbər əmi” deyir. Sən “Günaydın, Qoşalı” deyərdin, “Mərhaba, qurddaş” söyləyərdin, eləcə, “Hə, qardaş”, yaxud nə bilim, “buyur, abi” deyərdin… Mən də sənə “Hacıheydərli”, “Varlı balası”, eləcə, “Qardaş” deyərdim… İndi övladlarınla danışanda, Tanrı ağzımı əyməsin, elə bil suç işləmiş, günah eləmiş kimi hiss edirəm özümü – mənə əmi deyən ayparçalarına, aslanparçasına əmilik edə bilirəmmi məgər?.. – Nə gizlədim, bu planda özümdən razı deyiləm; sən mənim yerimə olsaydın yəqin daha diqqətcil olardın.
Hərdən hər kəlmə bir yükə çevrilir…
Zalım, balalarına necə də gözəl adlar qoymusan: Selcan, Leylabanu, Qorqud… Adları ilə yaşasınlar!
Hələ-hələ sosial media hesabında balalarının paylaşılmları… şəkillərin… – o qamətli duruşun, gülümsəyən gözlərin… Baxıram… baxa bilmirəm, ürəyim tökülür, ürəyim… Elə bilirsən, insan alışır buna? Alışmışıq kimi görünürük amma alışammırıq… Dost-qardaşın yoxluğu heç vaxt əriməyəcək buz kimidir – toxunduqca dondurur… di gəl, dondursa da, yenə toxunmadan keçinə bilmir insan…
Belə deyir, belə yazıram, sən baxma, səni nə, səni kim unutdura bilər? Hansı zaman, hansı məsafə əziz olanları dost-qardaşlarından bir yolluq ala bilər ki? Bəli, dost, qardaş, yoldaş itkisinin kədəri elə kolay-kolay ölçüyə gəlməz, hesab-kitaba yazılmaz – bunu hər kəs bilir, məncə. Məncə, dost-qardaş itkisini yalnız itki kimi deyil, bəlkə, həm də bir “qayıdış” kimi düşünməklə təsəlli edirik özümüzü…
Yoxluğun ürəyimdə başqa cür yaşayır, Namiq, sanki danışırsan, dərdləşirsən, zarafatlaşırsan, ərk edirsən…
Filosof sözü ilə desək, gərək Ürəkdə Günəş olsun… – olsun ki, Ürəyin təpərini heç nə söndürə bilməsin…
Namiq, bilənlər bilir, bilməyənlər də bilər yəqin: biz mənəvi doğmalar idik. Eyni ülkünün yolçuları, eyni ruhun daşıyıcıları, eyni yükün çiyindaşları… Bir vaxtlar dünyanı dəyişmək eşqimiz, illər uzunu qurduğumuz o möhkəm mənəvi bağ, səninlə dərdləşmənin dadı-tamı…
– bunlar unudulmazdır, yaşarıdır. Dünyanı dəyişə bilmədik, sən bu dünyanı o dünyaya dəyişdin… Sən elə, dünya belə… Belə çıxır ki, səninlə birgə bu dünyanı dəyişməyə cəhd edən dostların özlərini dəyişməlidir, eləmi?.. – Qəliz sual üçün ruhun qüsura baxmasın…
Namiq, o tanış səsini bir də eşitməyəcəyəm, gözləmədiyim anda etdiyin zəngləri daha heç vaxt almayacağam – bilirəm. Bilirəm ki, bir daha “Qoşalı, nə var-nə yox?” deyə soruşmayacaqsan… – Səs daşıyıcıları vasitəsi ilə dinlədiyimiz səs yazılarını demirəm, yuxuları da demirəm – axı, yuxu da, elektronik, virtual aləm də sənin özün ola bilməz… Mən özümü aldatmağı bacarram – lakin sən belə şeyləri xoşlamırdın – yaxşı xatırlayıram…
Çətin günlərdə sənin “Hər şey yaxşı olacaq!” inancının çox qüvvətli təsiri vardı – çox sirayətediciydi. Bütün bunları düşünəndə sözün arxasını gətirmək istəmirəm, əslində…
İnsan özündən yaşca kiçik bir dostunu itirəndə onun yoxluğunu daha ağır çəkir. Amma yox! – Yaş bu mövzuda həlledici istinadgah deyil.
Rəhmətlik Hamlet Kazımoğlu məndən iki yaş böyük idi – onda da bir başqa cür tar-mar olmuşdum, indi də belə… Nə deyim? Sən iki yaş kiçik idin məndən, amma haqq-ədalət yolunda iki addım öndəydin.
Sən bir maarifçiydin, hikmət işığın vardı sənin.
Bilirsən, Namiq, hərdən mənə elə gəlir, doğrudan-doğruya yox(luq) yoxdur, varl(ıq) var. Şəxsən sənin “yoxluğun” “varlığın”a yenik düşür, məncə… O şeirlər, o yazılar, o dərindən gələn öyrədici sözlər ki vardı – sənin qələmindən süzülmüşdü, sanki yeni anlamlar, dərəcələr qazanaraq, meydanını genişləndirərək, yenə də mübarizələrdədir…
Hər dəfə adını çəkəndə, şeirini, araşdırma yazılarını oxuyanda, televerilişlərinə baxanda, elə bil, səninlə canlı həmsöhbət oluram.
Sən getmisən bu dünyadan, amma əsərlərin buradadır, balaların buradadır, anıların buradadır. Səni özündən sonra əsərlərin yaşadır, ömrün balalarının ömründə davam edir – Yaradana çox şükür!
Bir insanın mənəvi ömrü onun ardında buraxdığı dəyərlərdə, örnəklərdə, “uzun incə bir Yol”dadır…
Biz sənin qardaş məhəbbəti ilə süslənmiş əzəmətli duruşunu, qədd-qamətini, ziyalı şəxsiyyətini yalnız başdaşındakı şəkilndə görmürük, təbii. Mənəvi ömür ölümdən üstündür… – Qoy, buna fəlsəfə desinlər, mistika desinlər, təsəlli söyləsinlər – olsun – heç kəsə, heç nəyə ziyanı yoxdur, xeyri varsa (ki, var!) – Tanrıya xoş gedər, əlbət!..
Savalanda, Tanrı dağlarında zəvvar olan ruhuna alqış!
P.S.
Namiq Hacıheydərli (1975-2023) – Azərbaycanın tanınmış yeni nəsil aydınlarından biriydi. Mənim əziz dostum, mənəvi qardaşım, əqidə yoldaşımdı Namiq. Biz onunla illər öncə – 1998-ci ildə tanış olmuşduq. O tanışlıqdan sonra bir-birimizə daha da doğmalaşdıq. Belə demək mümkünsə, bir-birimizə zamin dura-dura, bəlli bir Yol keçdik. Əlbəttə, biz ülkü doğmalığı, ideya yaxınlığı içindəydik, ulusal düşüncələrimizin bir-biri ilə eyni ritmi, ahəngi göstərməsinin fərqinə varmışdıq.
Bu ilin yazında hörmətli qardaşımızı – dili Türk dünyalı, Turanlı aydınımız Namiq Hacıheydərlini haqqın rəhmətinə uğurladıq. Deməsi belə artıqdır: bizim üçün çox ağır və gözlənilməz itki oldu, çox, çox!..
Namiq Hacıheydərli ədəbiyyata müəllimlikdən, pedaqoji fəaliyyətdən gəlmişdi. O, peşəkar müəllim idi, sözün hər anlamında müəllim idi. Və uzun illər boyunca ədəbiyyatla uğraşsa da, şair, publisist kimliyi ilə, ədəbiyyatşünas, türkoloq kimliyi ilə tanınsa da, başqa-başqa qurumlarda, başqa-başqa görəvlərdə çalışsa da, həmişə müəllim kimi qaldı, öyrədən oldu… Müəllimlik, maarifçilik, öyrətmək qüdsiyyəti onun bütün yaradcılığına və həyati fəaliyyətinə çökmüşdü. Onun şeirləri də öyrədicidir. Hələ cavan çağlarından onun şeirlərinə, publistik yazılarına, müsahibələrinə, telereportajlarına yaşından irəli, xoş bir nəsəhətçilik və təkrar edirəm, öyrədicilik hakim idi…
***
Bu yazı Namiqə səslənişimdi…
Səsim yetişərmi ola?..
Əkbər QOŞALI