Sıradan bir gündə deyil, məhz Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfər etməsi heç də təsadüfi deyil. Prezident Azərbaycan Televiziyasına müsahibəsində bu səfəri 44 günlük müharibədə qazandığımız Zəfərlə əlaqələndirdi: “Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim”.
Bu bir mənəvi hesabat səfəri idi. Ata vəsiyyətini yerinə yetirən, Qarabağın işğaldan azad edilməsinə, Şuşada yenidən üçrəngli Azərbaycan bayrağının dalğalanmasına nail olan Prezident və Ali Baş Komandanımız İlham Əliyevin Naxçıvana səfər edərək, Ulu Öndərin doğulduğu məkandan ölduqca önəmli mesajlar verməsi həm də diplomatik-siyasi çeviklik nümunəsi idi. Düzdür, səfər çərçivəsində bir sıra mühüm infrastruktur layihələrinin və hərbi obyektlərin açılışı da həyata keçirildi, həmçinin görülən işlərlə ölkə başçısı yaxından tanış oldu. Bütün bunlar öz yerində. Amma Prezidentin sözügedən səfərinin əsas qayəsi Naxçıvandan verilən mesajlarda üzə çıxdı. İlham Əliyev məhz Naxçıvan Muxtar Respublikasından Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bir daha bəyan etdi və qəti mövqeyini ortaya qoydu. Bu mövqe eyni zamanda Rusiya XİN-in başçısı Sergey Lavrovun bu günlərdə Ermənistana səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı İrəvandan səsləndirdiyi absurd və əsassız fikirə birbaşa tutarlı cavab idi. Dövlət başçımız birmənalı surətdə bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.
Maraqlıdır ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bu cür qəti mövqeyini görən Sergey Lavrov dünən və bu gün Bakıda keçirdiyi görüşlərdə, eləcə də jurnalistlər üçün brifinqdə dəhliz məsələsinə toxunmağa və İrəvanda səsləndirdiyi sərsəm fikiri burda inkişaf etdirməyə cürət etmədi. O, sadəcə Zəngəzur dəhlizinin ciddi nəqliyyat habı olması barədə fikri səsləndirməklə kifayətləndi. Başqa sözlə desək, İlham Əliyevin dünənki açıqlamalarından sonra S.Lavrov bu gün qazı alınmış adam təəssüratı bağışlayırdı. O, Azərbaycanla güc diplomatiyası ilə, siyasi təzyiq yoluyla danışmağın mümkünsüz olduğunu anladı.
Prezidentin müsahibəsində toxunduğu digər həlledici məqam “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” fikrini növbəti dəfə dilə gətirməsi oldu. Və mənə elə gəlir ki, Prezident bu dəfə bu məsələyə tam nöqtə qoymuş oldu. Yəni ki, münaqişə bitib, qondarma “dqr”in fiziki (de-fakto) varlığına son qoyulub, status-kvo ləğv olunub və beləliklə, status məsələsi üçün zərurət də tamamilə ortadan qaldırılıb. Azərbaycan üçün artıq bu məsələ birdəfəlik qapanıb. Bu mənada İlham Əliyevin “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”,- deyə səsləndirdiyi ritorik sualın da əslində bu münaqişənin bitmədiyini iddia edənlərə ünvanlanığı məlumdur. Prezident bununla Xankəndidə cəmləşən bir ovuc separatçı üçün heç kimin status tələb etməyə haqqının olmadığını bildirdi və Ermənistana havadarlıq edənləri “münaqişə” və “status” məsələləri üzərindən spekulyasiya ilə məşğul olmamağa çağırış etdi. Bu çağırış eyni zamanda Fransaya və Kanadaya da ünvanlanmışdı. Prezident adı keçən ölkələrə açıq mətnlə həddini və yerini göstərdi. Fransa və Kanada kimi ölkələrin rəhbərlərinə burunlarını başqa ölkələrin iç işlərinə soxmaqdansa, öz ölkələrinin problemlərinin həlli ilə məşğul olmağı tövsiyyə etdi. Xüsusən də Kanadaya ünvanlanmış ifadələrin tonu və sarkazmı mənə elə gəlir ki, bu ölkənin hazırki baş naziri Castin Tryudoya vurulmuş tərs şillədir: “Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun”.
Elə Fransanın, o cümlədən bu ölkənin Senatının və Xarici İşlər Nazirliyinin ünvanına səsləndirilən fikirlərdəki ironiya da kifayət qədər tutarlı və sirayət edicidir. Əslində Fransa Xarici İşlər Nazirliyinin sözçülərində və şəxsən nazirin özündə az da olsa siyasi mədəniyyət varsa, İlham Əliyevin Fransa XİN-in və Senatın ünvanına səsləndirdiyi ifşaedici sözlərdən sonra çıxıb rəsmən Azərbaycan xalqından üzr istəməlidir. Gəlin Prezidentimizin həmin fikirlərini bir daha birlikdə nəzərdən keçirək: “Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm”.
İlham Əliyevin bu tövsiyyələri tam da yerində səsləndirilmiş tövsiyyələrdir. Makron və onun nazirləri, Makronun avantürist siyasətinə “lakey”lik edən Fransa Senatının üzvləri həqiqətən də gedib güzgüyə baxıb, öz əməllərinə çəki-düzən verməli, öz ölkələrinin yığılıb qalmış problemlərinin həllinə diqqət ayırmalıdırlar. Lakin mənə elə gəlir ki, Makron və onun komandası hər nə nə qədər yumorlu səslənsə də, güzgüyə baxmağa qorxur. Çünki güzgüyə baxsalar, həm Fransanın özünü uçuruma, dərin siyasi-iqtisadi böhrana doğru aparan, həm də Fransanı dünya ictimaiyyətinin gözündən salan uğursuz bir siyasətin müəllifini, icraçılarını görəcəklər. Bu günlərdə Fransanın nüfuzlu generallarının və minlərlə hərbçilərinin Makrona ünvanladıqları müraciət və bəyanatda yer alan ittihamlar da Makron kimi uğursuz liderciklərin Azərbaycanın və digər ölkələrin işlərinə qarışmaqdansa, Fransanın gündən-günə dağılmağa doğru getməsinin qarşısını almalı olduqlarını göstərir. Sözün açığı, Fransanın problemlərini həll edə bilməyən Makronun Cənubi Qafqazdakı proseslərə burnunu soxması olduqca gülməli görünür. Mənə elə gəlir ki, bir müddət bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan “psixi problemləri varsa, getsin özünü həkimə göstərsin” səpkisində tərs şillə yeyən Emmanuel Makron və onun baş diplomatı heç olmasa, bu dəfə İlham Əliyevin haqlı qınaqlarından və tövsiyyələrindən ciddi nəticə çıxaracaqdır.
Prezidentin müsahibəsindəki üçüncü mühüm məqam isə Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın və Hadrutun qaytarılması ilə bağlı bəyanatlar verməsinə, revanşist fikirlər səsləndirməsinə kifayət qədər sərt münasibət bildirməsi oldu. İlham Əliyev Ermənistanın məlum qüvvələrinə açıq mətnlə mesaj yolladı onları odla oynamamağa çağırdı: “Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz”.
Azərbaycan Prezidenti oxşar fikirləri Rusiya XİN-in başçısı S.Lavrovla görüşü zamanı çıxış edərkən də səsləndirdi və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatların, revanşizm qoxusu verən bəyanatların ilk növbədə, Ermənistanın özü üçün təhlükəli olduğunu bildirdi. Zənnimcə, Prezidentin bu fikirləri Lavrovla görüşdə də səsləndirməsi eyni zamanda həm Ermənistana, həm də rəsmi Moskvaya ünvanlanmış mesaj idi. Çünki 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən qeydsiz-şərtsiz yerinə yetirilməsinin və revanşizmə təşəbbüs göstərilməməsinin birbaşa qarantoru, zəmanətçisi məhz Rusiyadır. Odur ki, Rusiya rəhbərliyinin necə deyərlər, bircə dəfə barmağını silkələməsi, gözünü ağartması yetər ki, Ermənistan iqtidarında və müxalifətindəki revanşist qüvvələr ağızlarını yumsunlar və Şuşanın, Hadrutun qaytarılması kimi xam xəyallardan əl çəksinlər. İlham Əliyevin bu qəti xəbərdarlığından sonra yəqin ki, heç kim riskə getmək, “odla oynamaq” istəməyəcək. Başqa sözlə desək, Azərbaycan Prezidentinin “hücum diplomatiyası” taktikası öz səmərəsini verəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri